Tarix İnstitutunda Gənclər Günü qeyd olunub

0
483

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq, fevralın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Arazinfo.com-a Tarix İnstitutundan verilən məlumata görə, tədbirdə institutun direktoru, akademik Yaqub Mahmudov gənclərin cəmiyyətdəki rolundan, ölkəmizdə onlara göstərilən diqqət və qayğıdan danışıb.

O, Azərbaycan gəncliyinə səslənərək bildirib ki, Azərbaycan xalqı imperiyalar yaradan, qonşu xalqlarla əmin-amanlıq içərisində yaşayan xalq olub: “Azərbaycanın 5 min illik dövlətçilik tarixi var. Regionun ən qədim dövlətçilik tarixi bizə məxsusdur”.

İnstitutun direktoru deyib ki, Ulu öndər Heydər Əliyevin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilib. 1996-cı il fevralın 2-də keçirilən I Forumda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Daha sonra Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Rəşad Mustafa şuranın hesabatını təqdim edərək, gələcək planlardan danışıb. O bildirib ki, institut məktəblilər arasında “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsini həyata keçirir: “Ötən il Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə gənc tarixçilərin ilk respublika elmi konfransı keçirilib. Elmi müəssisə gənc tarixçilərin beynəlxalq elmi konfransını təşkil edəcək. Tarixçilərin xarici dillər bilməsi çox önəmlidir”.

Qeyd olunub ki, Tarix İnstitutu azərbaycançılıq məfkurəsinə əsasən ASAN Radio və Lider TV-də tariximizin təbliği istiqamətində layihələr həyata keçirir. Bu gün Tarix İnstitutunun nəşrləri türk, ingilis, rus, ərəb, alman, fransız, italyan və başqa dillərdə oxunur. Azərbaycan tarix elmi İrəvan xanlığına, Qarabağ və Naxçıvan tarixinə həsr olunmuş fundamental əsərlərdə erməni saxtakarlarını ifşa edib. Dövlət başçısı bütün bu uğurlara görə institutun 13 əməkdaşını Azərbaycanın Dövlət mükafatına layiq görüb.

Tədbirdə Tarix İnstitutunun gənclərinin ötənilki fəaliyyəti yüksək qiymətləndirilib.

Arazinfo.com