Tarix İnstitutu: “Soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itkilər dəqiqləşdiriləcək”

0
646

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu Elmi Şuranın  iclasında institut direktoru, akademik Yaqub Mahmudov tarixçi-alimlərə Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin100 illik yubileyi ilə bağlı sərəncamı barədə ətraflı məlumat verib.

AMEA Tarix İnstitutu mətbuat xidmətinin rəhbəri Nazim Xəlilovun “Arazinfo.com”-a verdiyi məlumata görə, Yaqub Mahmudov bildirib ki, prezidentin sərəncamı Azərbaycan tarix elmində yeni araşdırmalara yol açacaq: “Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı yeni elmi araşdırmalar aparılacaq. Rayonlarımızda Cümhuriyyətin tarixi ilə bağlı institutun elmi şurasının xüsusi iclasları təşkil ediləcək”.

İclasda Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyası, Osmanlı Türkiyəsi ilə münasibətlərinin tarixinin daha dərindən araşdırılması və Cümhuriyyətin tarixi ilə bağlı yeni tədqiqat işlərinin–namizədlik və doktorluq dissertasiyalarının yazılması məsələləri müzakirə edilib. Bildirilib ki, Türkiyə, Ukrayna və Polşadakı Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı olan sənədlərin araşdırılması və nəşri vacibdir.

Elmi Şuranın qərarına əsasən, 1918-1920-ci illər soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itki və tələfatlar dəqiqləşdiriləcək.

Yaqub Mahmudov bildirib ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Tarix İnstitutu “Elmi əsərlər”inin xüsusi buraxılışı çap olunacaq.

İnstitut direktoru “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində Azərbaycanın orta məktəblərində keçirilmiş konfransları xatırladaraq, məktəblərlə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

“Antiazərbaycan nəşrlərində və informasiya məkanında ölkəmizin əleyhinə sistemli iş gedir”, – deyə akademik Yaqub Mahmudov bildirib.

Toplantıda internet resurslarında, o cümlədən vikipediyada Azərbaycan tarixi və tarixi şəxsiyyətləri ilə bağlı məqalələrin sayının çoxaldılması və keyfiyyətinin artırılması istiqamətində müzakirələr aparılıb.

 

 

 

BIR CAVAB BURAXIN