Tarix İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

0
746

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Misir Ərəb Respublikasının İsgəndəriyyə Kitabxanasında olub.

Tarix İnstitutundan verilən məlumata görə, bu səfər Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə baş tutub.

İsgəndəriyyə Kitabxanası ilə tanışlıq zamanı Yaqub Mahmudova kitabxananın tarixi, oxu zalları və fondları barədə geniş məlumat verilib. O, Azərbaycan, Qafqaz, Orta Asiya ilə bağlı kitab fondlarının mövcudluğu ilə yaxından maraqlanmış, əlyazmalar fondunda Əl-Məsudi, İbn Fədlan və başqa ərəb coğrafiyaşünaslarının əsərləri ilə yaxından tanış olub.

İsgəndəriyyə Kitabxanasının xarici əlaqələr və protokol şöbəsinin müdiri Şərif Riyadla görüş zamanı qarşılıqlı əlaqələrin gələcək perspektivləri müzakirə edilib. Azərbaycan və Misir əlaqələrinin tarixindən danışan Yaqub Mahmudov qeyd edib ki, ölkəmizin İslam mədəniyyəti tarixində mühüm rolu var. O, bildirib ki, kitabxananın keçmiş direktoru İsmayıl Serageldin Tarix İnstitutunun fəxri doktorudur. Bildirilib ki, 2015-ci ildə İsgəndəriyyə Kitabxanasında Azərbaycanın böyük şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans və dahi mütəfəkkirin büstünün açılış mərasimi keçirilib.

Yaqub Mahmudov Şərif Riyada ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və xalqımıza qarşı törədilən soyqırımları barədə ətraflı məlumat verib. Akademik görüşün sonunda İsgəndəriyyə Kitabxanasına Tarix İnstitutunun ərəb dilindəki nəşrlərini – “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Real tarix və “Böyük Ermənistan” uydurması” kitablarını və İrəvan xanlığı ilə bağlı broşürləri təqdim edib. Şərif Riyad nəşrlərin tarixi həqiqətlərə işıq salacağını və kitabxana üçün vacibliyini bildirib. O deyib: “Ermənilər cinayətlərini gizlətmək üçün bütün dünyada qondarma “erməni soyqırımı”nı təbliğ edirlər”. Ş.Riyad isə instituta İsgəndəriyyə Kitabxanası haqqında məlumat kitabı və “Rozetta daşı” adlı nəşri təqdim edib.

Azərbaycan nümayəndə heyətinin İsgəndəriyyə səfəri Məmlük sultanları dövrünə aid Qayıtbəy qalasını (1477-ci il) ziyarət etməklə sona çatıb.


Без вирусов. www.avast.ru