Tarik Elyunussi “Qarabağ”a transferi barədə danışdı

0
671
 

“Qarabağ”la danışıqlar davam edirdi, lakin bəzi detalları tam razılaşdırmamışdıq. Telefonumu paltardəyişmə otağında qoyduğum üçün keçidimi oyundan sonra öyrəndim”.

Bunu Ağdamın “Qarabağ” klubuna transfer olan Norveç yığmasının futbolçusu Tarik Elyunussi NRK nəşrinə açıqlamasında deyib.

Ağdam təmsilçisinin 2017/2018 illər mövsümünün sonuna qədər Yunanıstan “Olimpiakos”undan icarəyə götürdüyü 29 yaşlı yarımmüdafiəçi keçidi barədə 2018-ci il Dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan millisinə qarşı oyundan sonra xəbər tutsa da, matç zamanı “Qarabağ”ın futbolçularının isti münasibəti ilə üzləşib: “Azərbaycan millisinin heyətində yer alan “Qarabağ”ın oyunçuları məni meydanda isti qarşıladılar. Görünür ora transfer olunduğumu bilirdilər. Bu, mənim üçün xoş oldu. Onlar yaxşı təəsürat bağışladılar. Hamısına təşəkkür etdim”.

T.Elyunussi “Qarabağ”a keçidində Ağdam klubunun Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış etməsinin həlledici rol oynadığını bildirib: “ÇL-də oynamaq uşaqlıq arzum idi. Bu amil “Qarabağ”a keçidimdə önəmli rop oynadı. Bakı gözəl şəhərdir, daha əvvəl orada olmuşam. Yeni ölkələrdə yaşamağı və fərqli mədəniyyətlərlə tanış olmağı xoşlayıram. Ona görə də mənim üçün maraqlı olacaq”.

Qeyd edək ki, T.Elyunussi futbolçu karyerasına Norveçin “Fredrikştad” klubunda başlayıb, daha sonra Hollandiyanın “Hereneven”, Norveçin “Lillström” və “Rusenburq”, Almaniyanın “Hoffenhaym” kimi klublarında çıxış edib. Ötən ilin yayında isə futbolçu “Olimpiakos” klubuna transfer olunub. Norveç milli komandasıyla 43 oyuna çıxan yarımmüdafiəçi 9 qolla yadda qalıb.

BIR CAVAB BURAXIN