TANAP Azərbaycanın dünyaya sülh və təhlükəsizlik töhfəsidir

0
161

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Xəzərin neft-qazla zəngin strukturlarının dünya bazarına  çıxarılması yönündə atdığı atdımlar sözün əsl mənasında ölkəmizin beynəlxalq imicinin möhkəmləndirilməsində önəmli rol oynayıb. Xüsusi ilə ulu öndər  Heydər Əliyevin xalqın tələbi ilə yenidən ölkəmizi idarə etməyə başlamasından sonra Xəzərin neft-qazla zəngin strukturlarının işlədilməsi istiqamətində  həyata keçirilən tədbirlər, o cümlədən 1994-cü ilin sentyabr ayının 20-də imzalanan  və “Əsrin müqaviləsi“ adını alan anlaşma ölkəmizin həm iqtisadi, həm də siyası həyatında tarixi hadisələrdən birinə çevrildi. Ulu öndərin rəhbərliyi altında  Xəzər neftinin dünya  bazarına nəqlinə imkan verən Bakı-Tbilisi-Ceyhan neft, həmçinin Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin  reallaşdırılması ilə Azərbaycan Avropanın yanacaq-enerji təhlükəsizliyinə özünün önəmli töhfələrindən birini vermiş oldu. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsindən sonra da adıçəkilən sahədə Azərbaycan yeni uğurlu layihələri həyata keçirməkdə davam etdi.  Heydər Əliyevin Xəzərin neft-qazla zəngin strukturlarının dünya bazarına çıxarılması istiqamətində gördüyü işləri uğurla həyata keçirən prezident İlham Əliyev Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın verdiyi töhfəni  yeni  zirvələrə  qaldırmaqda davam edir. Bunu ötən həftənin sonlarında  Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasiminin keçirilməsi də bir daha təsdiq etdi.  2011-ci ildə gündəmə gələn TANAP layihəsi Avropanın enerji təhlükəsizliyində önəmli bir rol oynayaraq Xəzərin enerji ehiyatlarının dünya bazarına çıxarılmasına öz töhfəsini verməli idi.   TANAP layihəsinin həyata keçirilməsi ilə bağlı Azərbaycan və Türkiyə arasında razılıq 2011-ci ildə əldə edildi. Bununla bağlı 2011-ci ildekabr ayının 24-də müvafiq anlaşma imzalandı. 2012-ci il iyun ayının 26-da isə İstanbulda Trans-Anadolu (TAP) qaz boru kəməri barədə saziş imzalandı.

2015-ci ildə isə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən Türkiyənin Qars şəhərində əsası qoyulan TANAP layihəsinin reallaşdırılması həqiqətən də iki qardaş ölkənin   sarsılmaz dostluğunun nəticəsidir. Yeri gəlmişkən onu da deyək ki, noyabrın 30-da Türkiyənin Ədirnə şəhərinin Upsala qəsəbəsində işə salınması təntənə ilə qeyd edilən  TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir.

Xatırladaq ki, dəyəri 38 milyard dollar olan və 4 layihədən ibarət Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsi hesab edilir. Bu layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan  layihələrdən  “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri artıq  uğurla reallaşdırılıb istifadəyə verilib. Növbəti 3-cü layihə hesab edilən TANAP-ın tam şəkildə istifadəyə verilməsi isə öz növbəsində  4-cünün TAP-ın reallaşdırılmasına yeni imkanlar açıb. Konkret olaraq isə TAP-ın  icrası istiqamətində də uğurlu işlər davam edir və bununla bağlı nəzərdə tutulanların 90 faizi demək olar yerinə yetirilib.

Qeyd etdiyimiz kimi Cənub Qaz Dəhlizinin 3-cü layihəsi hesab edilən TANAP-la “Şahdəniz-2” qaz kondensat yatağından çıxarılacaq qazın Avropa bazarına nəql edilməsi nəzərdə tutulub. Türkiyənin Ərdahan vilayətinin Posof qəsəbəsindən başlayan qaz kəmərinin uzunluğu 1850 kilometrdir. Qaz kəməri 67 qəsəbə və 600 kənddən keçir.  Azərbaycan qazını Türkiyə və Avropaya nəqli məqsədi ilə inşa edilən qaz kəməri Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə qoşulub. TANAP-la Türkiyə və Avropa bazarına 31 milyard kubmetr qaz nəql edilməsi nəzərdə tutulub. TANAP-ın iqtisadi və siyası baxımdan da əhəmiyyəti olduqca böyükdür. Belə ki, adıçəkilən layihənin reallaşdırılması Azərbaycan və Türkiyənin, həmçinin Gürcüstanın büdcəsinə milyardlarla dollar gəlirin daxil olması, insanların maddi durumunun yaxşılaşdırılması deməkdir. Bu həm də Azərbaycan, Türkiyə və Gürcüstanın iqtisadi baxımdan Avropa ilə yeni inteqrasiyasına yol açacaq. TANAP-ın reallaşdırılması eyni zamanda Avropa üçün də iqtisadi baxımdan strateji önəm daşıyır. Belə ki, Azərbaycan qazının Avropa bazarına nəqlinin reallaşdırılması  Aİ üzvü olan ölkələrin Rusiyanın  enerji asılılığından xilas olmasına müəyyən qədər təsir göstərəcək.  Bu baxımdam adıçəkilən layinənin reallaşdırılması ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini vermiş olacaq. Siyasi baxımdan da TANAP-ın reallaşdırılması Azərbaycan, Türkiyə və Gürcüstanın bir-birlərinə daha da yaxınlaşması, onlar arasında dostluq və qardaşlığın daha da möhkəmlənməsi anlamına gəlir.

Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev də TANAP-ın reallaşdırılması ilə bağlı keçirilən təntənəli mərasimdə deyib ki, bu,  Türkiyə və Azərbaycan xalqlarına, digər qonşu xalqlara fayda və tərəqqi verəcəkdir:

“Dörd il əvvəl Qars şəhərində əziz qardaşım Prezident Ərdoğanla birlikdə TANAP-ın təməlini qoyduq. Ancaq TANAP-a aparan yol 2012-ci ildə başlamışdır. Tarixi İstanbul sazişi nəticəsində TANAP-ın yaşıl işığı yandırıldı. Tarixi İstanbul anlaşması Türkiyə və Azərbaycanın birgə siyasi iradəsi nəticəsində mümkün olmuşdur. Çünki TANAP haqqında bu qərarın qəbul edilməsinə qədər Azərbaycan qazının Türkiyə və ondan sonra Avropaya nəql edilməsi ətrafında bir neçə il çox böyük müzakirələr aparılmışdır, ancaq heç bir nəticə verməmişdir. Belə olan halda əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə qərara gəldik ki, bizə lazım olan bu nəhəng layihəni özümüz həyata keçirək və belə də oldu. Bu gün bu layihəyə qoşulan BP şirkəti bizim tərəfdaşımızdır. Ancaq əsas texniki və maliyyə yükünü Azərbaycan və Türkiyə öz üzərinə götürmüşdür.

TANAP-a qədər apardığımız birgə işlər TANAP-a yol açdı. Çünki əgər 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilməsəydi, bu gün TANAP haqqında danışmaq mümkün olmazdı. Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin təməlini çağdaş Azərbaycan dövlətinin lideri Heydər Əliyev öz əlləri ilə qoymuşdur və 2006-cı ildə əziz qardaşım, Prezident Ərdoğanla birlikdə Ceyhanda Bakı-Tbilisi-Ceyhan neft boru xəttini istismara verdik. Bu günə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına Azərbaycanın və başqa dövlətlərin 450 milyon tondan çox nefti nəql edilmişdir. Bunun böyük hissəsini – 400 milyon tondan çoxunu Azərbaycan, 27 milyon tonunu Türkmənistanın, 12 milyon tonunu Qazaxıstanın, 7 milyon tonunu Rusiya nefti təşkil edir. Yəni, bir sözlə, Bakı-Tbilisi-Ceyhan nəinki Azərbaycanın, digər ölkələrin nefti üçün də gözəl bir infrastruktur layihəsi oldu və bu gün də uğurla fəaliyyət göstərir. 2007-ci ildə yenə də əziz qardaşımla Bakı-Tbilisi-Ərzurum qaz boru xəttinin açılışını etdik və bu da TANAP-a yol açan digər layihə idi. Qeyd etdiyim kimi, 2015-ci ildə Qarsda TANAP-ın inşası başlamışdır. Fürsətdən istifadə edərək, TANAP-ın inşasında iştirak etmiş bütün insanlara dərin təşəkkürümü bildirmək istəyirəm. Onların fədakarlığı və peşəkarlığı bu nəhəng layihənin vaxtında istismara verilməsində böyük rol oynamışdır.

TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir. Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir, maliyyə dəyəri 38 milyard dollardır və dörd layihədən ibarətdir. Onlardan üçü – “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri istifadəyə verilib, bu gün isə TANAP tam istifadəyə verilir. Dördüncü layihə olan TAP-ın icrası artıq 90 faizi keçib. Əminəm ki, TAP da vaxtında istismara veriləcək. Beləliklə, Avrasiyada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi vaxtında istismara veriləcəkdir”.

İlham Əliyev eyni zamanda qeyd edib ki, belə layihələrin həyata keçirilməsi Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin məhsuludur, eyni zamanda, biz bunu digər ölkələrin iştirakı və özəl şirkətlərin maliyyə dəstəyi ilə reallaşdırdıq.  O xatırladıb ki,  Cənub Qaz Dəhlizi özündə 7 ölkəni birləşdirir və bu, artıq beynəlxalq əməkdaşlıq layihəsidir: “ Bu layihə ölkələr arasında körpülər yaradacaq və daha böyük anlaşmaya yol açacaq. Bu layihədə iştirak edən 7 ölkə, – onlardan üçü Avropa İttifaqının üzvüdür, – bundan sonra uzun illər birlikdə çalışacaq və bunun faydasını bölüşəcəklər. Yəni, bu layihə əməkdaşlıq, sabitlik, uzunmüddətli anlaşma gətirir”.

 Azərbaycan prezidenti enerji  layihələrinin Azərbaycan və Türkiyə tərəfindən uğurla reallaşdırılmasının  dünyada enerji təhlükəsizliyində mühüm rol oynadığını da xüsusi vurğulayaraq  deyib ki, bundan sonra da iki qardaş ölkə – Türkiyə və Azərbaycan çiyinə-çiyinə irəliləyəcək.

Öz növbəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da

Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Transanadolu xəttinin TAP xəttinə birləşməsinin tarixi əhəmiyyət daşıdığını deyərək onu  həm də bir sülh layihəsi adlandırıb. O ölkələrimiz arasındakı dostluğun rəmzi olan TANAP-ın həyata keçirilməsində birgə əməkdaşlığın mühüm rol oynadığını xüsusi qeyd edib. Layihənin reallaşdırılmasının  Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli əhəmiyyətə malik  olduğunu deyən  Türkiyə Prezidenti Asiya ilə Avropanı bir-birinə bağlayan TANAP-ın icrasına verdiyi dəstəyə, liderlik fəaliyyətinə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Beləliklə TANAP-ın reallaşdırılması Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə, beynəlxalq aləmdə sülhə verdiyi önəmli töhfələrdən birinin növbəti dəfə parlaq nümayişinə çevrildi.

Emin Axund

Arazinfo.com