“Tam məxfi” qrifli qovluğun açılması ilə Stalinin kokaindən istifadə etməsi təsdiqlənib…

0
731

Arxivlər açıldıqca tarixin uzun illər gizli qalmış bir çox məqamları üzə çıxır. Rusiyanın İctimai-Siyasi Dövlət Arxivində 192 səhifədən ibarət “Tam məxfi” qrifi altında, üzərinə “İosif Visarionoviç Stalinin xəstəlik tarixçəsi” yazılmış qovluq öz məxfilik ststusundan çıxarılaraq, araşdırılanda Stalin haqqında yeni mətləblərə aydınlıq gətirilib.

Söhbət Stalinin xəstəlik tarixçəsindən gedirsə, qeyd etmək lazımdır ki, sovet liderinin sağlamlıq durumu hələ gənc yaşlarından o qədər də qənaətbəxş olmayıb. Sözsüz ki, gənclik yaşlarından ağır həyat tərzi, həbsxana həyatı və sürgünlər Stalinin sağlamlığında kifayət qədər dərin izlər buraxıb.

Digər bir tərəfdən Stalin tibb elminə çox da inanmayıb, həkimlərə etibar etməyib. Əsasən xalq təbabəti vasitələrindən istifadə edən rəhbər həkimlərə sərt şəkildə iradını bildirib və Gürcüstanda yaşlı insanların şərab və otlarla müalicəsinin daha üstün olduğunu söyləyib.

Əlbəttə, bütün bunlara baxmayaraq, Stalinin həyatı həkim müdaxiləsi olmadan ötüşməyib. Həkimlər onun səhhəti ilə ciddi məşğul olublar, müxtəlif dərman pereparatlarının qəbulunu mütləq sayıblar.

Ara-sıra kütləvi informasiya vasitələrində Stalinin narkotik vasitələrdən istifadə etməsi vurğulanır. Bunun nə dərəcədə həqiqətə uyğun olub-olmaması uzun illər mübahisələrə səbəb olub. Ancaq yuxarıda qeyd etdiyimiz məxfi qovluq açıldıqdan sonra bu məsələyə tam aydınlıq gətirilib.

Qovluqda Stalinin bağ evində saxlanılan dərmanlarla bağlı ayrıca bölmədə rəhbərin hansı dərmanlardan istifadə etdiyi göstərilib. Bu dərmanların siyahısında yod, validol, nitroqliserin, marqans və digər gündəlik lazım ola biləcək pereparatların olması təbii ki, normal haldır. Ancaq məsələ burasındadır ki, bu siyahıda güclü narkotik təsirə malik dionin, kodein və bu qəbildən olan digər dərmanlar da olub. Düzdür, həmin dövrdə bu dərmanlardan istifadə qadağan olunmamışdı. Amma Stalinin qəbul etdiyi dərman pereparatlarının arasında 1920-ci ildən SSRİ-də narkotik vasitə kimi istifadəsi qadağan olunmuş kokainin adı da yer alıb.

1944-cü ildə Stalinin kokain qəbul etməsini professor Vinoqradov təyin edib. Bu təyinatı əks etdirən arxiv sənədi bu günə qədər saxlanılır. Həkimin göstəriş vərəqəsində qeyd olunub: “Hər iki saatdan bir 5 damcı kokain məhlulu burun vasitəsi ilə qəbul edilsin”.

Ehtimal olunur ki, kokain damcıları Stalinə heç də pis təsir etməyib. Çünki hər hansı bir dərmanın xoşagəlməz təsiri olduqda növbəti dəfə Stalin ondan birdəfəlik imtina edirmiş. Kokain qəbulu isə rəhbər tərəfindən müntəzəm həyata keçirilib.

Həkimlərin qənaətinə görə müntəzəm kokaindən istifadə yuxu pozğunluğuna, qıcıqlanmaya, zorakı davranışa, depressiyaya, yersiz əsəbiliyə və bir çox ağır xəstəliklərə səbəb olur.

Kim bilir, bəlkə də Stalinin qəddarlığının və amansızlığının səbəblərindən biri də hamı üçün qadağan, rəhbər üçün məqbul sayılan kokaindən istifadə olub…İlham Cəmiloğlu.modern.az

BIR CAVAB BURAXIN