“Taliban” sıralarında vuruşan azərbaycanlı Pakistandan niyə qayıtdı?

0
360
 

9 il əvvəl ailəsi ilə birgə Şimali Vəziristana yollanan, “Taliban”ın nəzarətində olan “Ceyşül-Mehdi camaatı”na – cihada gələnlərə dini dərslər keçən, bir müddət sonra isə ətrafda baş verənlərin İslam dini ilə heç bir bağlılığı olmadığını görüb Türkiyə köçən Adil Qaibov bu ilin aprel ayında Bakıya qayıdakən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Onunla birgə 2008-2011-ci illərdə cihadda iştirak edənlərin bir qismi döyüş zamanı həlak olub, bir qismi isə məhkəmə önünə çıxarılaraq mühakimə edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Pakistanda qanunsuz silahlı birləşmələrə qoşulmaqa ittiham olunan 39 yaşlı Adil Qaibovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

İstintaqla müəyyən edilib ki, Adil Qayıbov Pakistan İslam Respublikası ərazisində qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək məqsədilə 2008-ci ilin iyun ayında “Bakı-Tehran” aviareysi ilə İranın Zahidan şəhərinə, oradansa Pakistanın Şimali Vəziristan vilayətinə gedərək “Taliban” hərəkatının nəzarətində fəaliyyət göstərən “Ceyşül-Mehdi” adlı silahlı birləşməyə daxil olub, 2011-ci ilin sonuna qədər adı çəkilən silahlı birləşmənin tərkibində qalıb.

22 iyul 2009-cu ildə Cinayət Məcəlləsinin 12.1, və 279.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək A.Qaibov barəsində axtarış elan olunub. A.Qaibov Azərbaycana qayıdan zaman DTX tərəfindən saxlanılıb.

“Vəziristanda şəriət qanunlarının hökmranlıq edildiyini deyirdilər”

Təqsirləndirilən şəxs qismində dindirilən Adil Qayıbov ifadəsində 2006-cı ildən əhli-sünnə məzhəbinin sələfi təriqəti üzrə ibadət etdiyini, məscidlərə gedib-gələrkən Pakistanın Əfqanıstanla həmsərhəd olan, şəriət qanunlarının hökmranlıq etdiyi, dünyanın bir çox yerindən İslam dini üzrə ibadət edənlərin ailəsi ilə birgə hicrət edilən və cihad aparıldığı yer kimi elan olunmuş Vəziristan vilayəti barədə bigiləri yarandığını göstərib.

O, Vəziristana getmək niyyətində olduğunu həyat yoldaşı Gülüzara bildirib. A.Qaibov özünə və həyat yoldaşına İran və Pakistana getmək üçün viza açdırıb.

“Eyyub Azərbaycana qayıdanda tutuldu, Əli isə koalisiya qüvvələri tərəfindən bombardman zamanı həlak oldu”

Yaxın günlərdə Vəziristana hicrət edəcəyini məsciddəki tanışlarına dedikdə dini ləqəbi “Abdulşakir” olan Şakir Xanburtov (Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin 2009-cu il tarixli qərarı ilə 1 il 6 ay müddətinə həbs olunub. Hazırkı iş üzrə şahid qismində dindirilib – red.) onu da özü ilə aparmasını xahiş edib. Həmçinin, həmin vaxt Vəziristanda olan tanışı “Abdulqafar” gələrkən onun həyat yoldaşını da özləri ilə gətirmələrini tapşırıb:

“Həmin ərəfədə Əli ilə Eyyub da Vəziristana getməyə hazırlaşırdılar. Sonradan hər üçü Vəziristana gəldilər. Eyyub Azərbaycana qayıdanda tutuldu, Əli isə koalisiya qüvvələri tərəfindən bombardman zamanı həlak oldu”.

“Taliban”da azərbaycanlılardan ibarət dəstə fəaliyyət göstərirdi”

İrana viza açdırdıqdan sonra A.Qaibov valideynlərinə Türkiyəyə işləməyə gedəcəklərini bildirib və həyat yoldaşı, qızı, həmçinin Şakir Xanbutov və “Abdulqafar”ın arvadı ilə birgə təyyarə ilə Tehrana uçublar:

“Əvvəlcə Zahidanda “Məkkeyi-məscid” adlı məscidə gəldik. Orada bizi milliyyətcə tacik olan Səfərəli evinə apardı. Şakirlə məni kişilər üçün, qadınları isə qadınlar üçün nəzərdə tutulan otaqlarda yerləşdirdi. Kişilər üçün ayrılmış otaqlarda Vəziristana getməsini gözləyən çoxsaylı qırğız, türk, özbək, rus və azərbaycanlı vardı. Üç gün orada qaldıqdan sonra Pakistan-Əfqanıstan sərhədində yerləşən Mirəli qəsəbəsinə gəldik. Bizi burada “Abdulqafar” qarşıladı və həyat yoldaşı ilə qızını götürüb kirayə yaşadığı evə apardı. Ertəsi gün əksər azərbaycanlılar Miranşah şəhərinə yollandılar. Orada “Taliban”a daxil olan azərbaycanlılardan ibarət dəstə fəaliyyət göstərirdi”.

Dağlarda döyüş, həlak olan azərbaycanlılar və və Abdurrəhmana biət edənlər

Çox keçməyib ki, A.Qaibov və “Abdulşakir” “Ceyşül- Mehdi” adlı birləşməyə aid olan və dağlarda yerləşən təlim düşərgəsinə aparılıblar. Həmin düşərgəyə milliyyətcə özbək olan Abdulrəhman rəhbərlik edib. Düşərgədə onlara hərbi və fiziki hazırlıq üzrə təlimlər keçirilib. Döyüş taktikasını milliyyətcə türk olan “Abudarda” öyrədib, dini sahədə bilgilərə malik olduğuna görə dini dərslərin keçirilməsi isə A.Qaibova həvalə edilib.

Təlimlər başa çatdıqdan sonra onlara “Ceyşül-Mehdinin cammatı”na qəbul olunduqları bildirilib və Abdurrəhmana biət ediblər. Biət etdikdən sonra düşərgədəkilərə avtomat silah verilib. Bir müddət sonra Mirəli şəhərindəki düşərgələr koalisiya hərbi qüvvələrinə məxsus pilotsuz təyyarlər tərəfindən bombardman olunmağa başlayıb:

“Hərbi əməliyyatlara göndərilməmişəm. Arabir rəhbərlik tərəfindən on-on beş nəfərdən ibarət dəstə Əfqanıstana göndərilirdi. Həmin dəstədə azərbaycanlılar da vardı. Bir çoxu döyüşlərdə həlak oldu. Uzun müddət keçdiyinə görə adlarını xatırlaya bilmirəm”.

“Gördüklərimin İslam dininə heç bir bağlılığı olmaması, hətta ziddiyyət təşkil etməsi məndə məyusluq yaratdı”

A.Qaibovun ifadəsinə görə, getdikcə olduğu yerin və gördüyü mənzərənin İslam dininə heç bir bağlılığı olmaması, hətta bəzi hallarda ziddiyyət təşkil etməsi onda məyusluq yaradıb. Ona görə də, Azərbaycana qayıtmaq qərarına gəlib. Lakin Vəziristana gəlib-qayıdanların həbs olunduğunu bildikdən sonra Türkiyəyə getməyi qərarlaşdırıb.

Silahını təşkilat rəhbərinə təhvil verib və ailəsi ilə birgə Mirəli şəhərini tərk edib. Yollarda yoxlamalar aparıldığına öyrənən A.Qaibov uzun müddət Zahidanda və Tehranda qalıb. 2012-ci ilin sentyabr ayında həyat yoldaşının səhhətində problemlər yarandığına görə onu avtobusla Azərbaycana yola salıb. Özü isə həbs olunacağından ehtiyat edərək, Türkiyəyə gedərək yeməkxanalardan birində aşpaz işləyib. Sonradan ailəsi də onun yanına köçüb.

“Mənə Azərbaycan vətəndaşlığıdan məhrum olunduğumu dedilər”

İstanbulda olarkən A.Qaibov özünün və həyat yoldaşının sənədləri olan çantanı avtobusda itirib. Sənədələrin tapıması üçün səy göstərsələr də, nəticəsi olmayıb. Vəziristana getməsindən uzun müddət keçdiyinə görə problem yaranmayacağını düşünən A.Qaibov Azərbaycana qayıtmağı qərara alıb.

2016-cı ildə sənəd əldə etmək üçün Azərbaycanın İstanbuldakı Baş konsulluğuna müraciət edib. Ona qayıtmaq üçün icazə sənədi verilib. Sənədi aldıqdan sonra ailəsini Azərbaycana yola salıb.

Bu ilin fevral ayında isə A.Qayıbov Azərbaycana qayıtmaq üçün Baş konsulluğa müraciət edərkən ona Azərbyacan vətəndaşlığından məhrum olunduğu bildirilib:

“Bu məlumat məni məyis etdi. Azərbaycana qayıtmaq üçün yollar axtarırdım. Abuzeydə adlı tanışıma problemimi dedikdə tanışları vasitəsilə mənə pasport düzəldə biləcəyini söylədi. Ona fotoşəkil verdim. İki-üç gün sonra Abuzeyd mənə Tacikistan vətəndaşı 1982-ci il təvəllüdlü Rustam Sarapovun adına verilmiş pasport verdi. Pasportu aldıqdan sonra Azərbaycana qayıtdım”.

İnarə Rafiqqızı

Virtualaz.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

6 − 2 =