Türkiyə və Rusiyanın Suriyadakı ümumi ortaq hədəflərinin gözlənilmədən ayrılması onları regionda öz təsir dairələri üçün genişmiqyaslı savaşa qoşulmağa məcbur edib.
Axar.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın “Stratfor” şirkəti çıxış edib.
“İdlibdəki partizanların taleyi və Rusiyanın YPG-yə sarsılmaz dəstəyi Türkiyə və Rusiya arasında əsas fikir ayrılığıdır. Məhz bu Türkiyəni məcbur edir ki, YPG-yə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlasın. Əslində Türkiyənin ambisiyaları Rusiya və ABŞ mövcudluğu sayəsində Suriyadan xaric edilib. Türkiyə rəhbərliyi öz mövqeyini dəyişərək, YPG-nin Suriyadakı kantonlarının bir-birindən təcrid edilməsinə zəmanət verməyə çalışır.
Türkiyə əvvəlcə ABŞ-ın Suriyadan çıxmasını gözlədi ki, Rusiya ilə danışıqlara başlayıb, YPG-yə hücum üçün yaşıl işıq əldə edə bilsin. Lakin Suriya Prezidenti Bəşər Əsəd və onun müttəfiqlərinin İdlibdəki müxaliflərlə döyüşü davam etdirməsi Ankaranın səbrini daşırdı. Türkiyənin qəti qərarına digər səbəb isə Kremlin israrlı şəkildə YPG-nin siyasi qanadının Astanadakı sülh danışıqlarında iştirak etməsinə çalışması idi.
Türkiyə Rusiyanın onunla YPG arasında durmasına baxmayaraq, artıq Afrinə zərbə endirməyə hazırdır. Əsas qorxu odur ki, türklərin bir səhvi ruslar və ya amerikalılar arasında itkilərə səbəb ola bilər. Bu isə konfliktin təhlükəli həddə eskalasiyasına gətirib çıxarar”, – deyə məqalədə bildirilib.