Stalin rejiminin ən təhlükəli komissarı – Lavrenti Beriya

0
746

Lavrenti Beriya – onun adı çəkiləndə, təkcə sıravi vətəndaşlar yox, Kremlin yüksəkçinli məmurları da qorxuya düşüblər. Kifayət qədər ciddi siyasi fiqur sayılan və böyük nüfuza malik olan Beriya öz iddialarını təmin etmək üçün istənilən addımı atmağa qadir olub, hətta ölkənin birinci şəxsi, İosif Stalinə qarşı çıxmaqdan da çəkinməyib…

Lavrenti Beriya Kremldə kifayət qədər nüfuz və söz sahibi olmaqla yanaşı siyasi fəaliyyətində və şəxsi həyatında təhlükəli, müəmmalı və amansız bir siyasətçi kimi tarixdə iz qoyub. Stalinin hakimiyyəti dövründə Beriyanın fəallığı və bu fəallığın arxasında gizlənən bir çox qaranlıq məqamlar illər ötəndən, “məxfi” qovluqlu arxivlər açıldıqdan sonra bəlli olub.

1889-cu ilin martın 29-da Abxaziyada sadə bir kəndli ailəsində dünyaya göz açan Beriya siyasi fəaliyyətə çox erkən yaşlarından başlayıb. Hələ 16 yaşı olarkən Zaqafqaziyada inqilabi hərəkata qoşulub. Əksinqlabçılara qarşı mübarizədə fəallıq göstərən gənc Lavrenti artıq 21 yaşında Azərbaycanda Fövqəladə komissiyanın tərkibində xidmətə başlayıb. Beriya təhsilini də Bakıda, inşaat mexanika peşə məktəbində alıb.

Onun çevikliyi, təşkilatçılıq bacarığı, insanlara təsir göstərmək qabiliyyəti siyasi karyerasında mühüm rol oynayıb. Bu məziyyətlərinə görə Beriya 1927-ci ildə Gürcüstanda xalq daxili işlər komissarı vəzifəsinə təyin olunub. SSRİ rəhbərliyinin, şəxsən İosif Stalinin diqqətindən yayınmayan Beriya yuxarıdan gələn rəsmi və qeyri-rəsmi göstərişlərin icrasını ən yüksək səviyyədə yerinə yetirib.

Təbii ki, həmin dövrdə bu dərəcədə icraçılıq qabiliyyətinə malik insanlara böyük ehtiyac olub. Ən başlıcası isə Beriya Moskvaya sadiqliyini ustalıqla nümayiş etdirməyi bacarıb. Bu bacarıq növbəti dəfə onu bir az da irəli aparıb. 1931-ci ildə Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsi Beriyaya həvalə olunub. Məhz bu dövrdə Stalinlə Beriya arasında daha sıx münasibətlər yaranıb. Gürcüstana rəhbərliyi dövründə Lavrenti Beriya respublikanın iqtisadi vəziyyətində dönüş yaradıb, Gürcüstan sovetlər birliyində ən inkişaf etmiş respublikalardan birinə çevrilib.

Nəhayət 1938-ci ildə SSRİ rəhbərliyi tərəfindən Beriyanın Moskvada fəaliyyət göstərməsi məqsədəuyğun sayılaraq onu Xalq Daxili İşlər komissarının müavini vəzifəsinə təyin ediblər. Cəmi üç aydan sonra isə Beriya “NKVD”-yə başçılıq edib. Əslində ilk vaxtlar Yejov kimi qaniçəndən sonra Beriyanın “NKVD”-də rəhbərliyə gətirilməsi insanlarda “NKVD” xofunu bir az azaldıb. Amma “NKVD” yenə də əvvəlki kimi Stalinin tapşırığı ilə repressiya maşını funksiyasını yerinə yetirib. Yəni məzmun eyni olub, sadəcə format dəyişib.

Beriya Stalin üçün ən etibarlı silahdaş sayılıb. Rəhbərin bir çox məxfi tapşırıqlarını Beriya icra edib. Bunun müqabilində Beriya öz maraqlarını həyata keçirməkdə problemsiz olub. O, təkcə SSRİ-də deyil, mürəkkəb və qəlizliyi ilə dünya liderlərinin də diqqətini çəkib. Tehran konfransında Amerika Birləşmiş Ştatlarının prezidenti Ruzvelt Stalindən Beriyanın kimliyini soruşanda sovet lideri belə cavab verib:
– Almaniyada Qimmler olduğu kimi, SSRİ-də də Beriya var.

Hər addımda Beriya dərkolunmaz Stalinin etibarını öz üzərində hiss edib. Böyük Vətən Müharibəsi illərində o, Dövlət Müdafiə Komitəsinin üzvü, 1941-1945-ci illərdə isə Stalinin zəmanəti ilə komitənin sədr müavini təyin edilib. Müharibə illərində SSRİ üçün taleyüklü bütün məsələlərdə Beriyanın iştirakı vacib sayılıb. Ən ağır dövrdə Stalin SSRİ-nin atom silahı ilə bağlı layihəyə rəhbərliyini də Beriyaya həvalə edib.

Lavrenti Beriyanın Moskvadakı siyasi fəaliyyəti dövründə onun təşəbbüsü ilə iki dəfə kütləvi amnistiya aktı imzalanıb. Bu amnistiyalarda yüz minlərlə insan həbsxanalardan azad olunub. Ancaq bununla yanaşı həbsxanalar Beriyanın yeni repressiya qurbanlarını qəbul edib.

Beriya hakimiyyət hərisi olduğu kimi qadınlara da hədsiz dərəcədə maraq göstərib. Onu seksual manyak da adlandırıblar. Baş mühafizəçisi polkovnik Sarkisov Beriya üçün qadınların təşkil olunmasında əsas rol oynayıb. Bir çox hallarda Beriya şəhərdə maşınla gedərkən yoldan keçən qadınlara baxmaq üçün sürücüyə yavaş sürməyi əmr edib. Əgər yolda olanlardan kimsə onun xoşuna gəlibsə Sarkisov öz işinə başlayıb, həmin qadınla maraqlanıb, telefon nömrəsini, ev ünvanını öyrənib və nəyin bahasına olursa-olsun sahibini razı salıb. Beriya repressiya olunmuşların həyat yoldaşlarına, bacılarına, qızlarına daha çox göz salıb. Bu münasibətlərdə razılaşmalar olub. Əgər həmin xanımlar Beriyanı razı salıblarsa, Beriya da öz növbəsində həbsdə olan yaxın adamlarının azad ediləcəyinə söz verib və vədinə əməl edib. Onun məşuqələrinin arasında məmurların həyat yoldaşları da yer tapıb. Hətta azyaşlı qız uşaqları da Beriyanın ehtirasının qurbanı olub.

Beriyanın məhkəməsində onun qadınlara münasibəti ilə bağlı dövlət ittihamçısı ilə aşağıdakı sorğu-sual da olub:
– Siz sovet əxlaq normalarına zidd hərəkətlərinizi etiraf edirsinizmi?
– Bir az etiraf edirəm, günahkaram.
– Etiraf edirsinizmi ki, bu normalara zidd gedərkən xarici kəşfiyyatla əlaqəsi olan qadınlarla əlaqədə olmusunuz?
– Bilmirəm, ancaq ola bilər.
– Köməkçiləriniz tərəfindən qadın adları yazılmış üç siyahı tərtib olunub. Siz bunların hamısı ilə əlaqədə olmusunuz?
– Çoxları ilə.
– Digər 32 siyahı var ki, bu siyahılarda qadınların ünvanları göstərilir. Bəs bu haqda nə deyirsiniz?
– Bəli, onlarla da əlaqəm olub.
– Siz siflis xəstəliyinə yoluxmusunuz?
– Müharibə vaxtı, 1943-cü ildə siflis xəstəliyinə tutulmuşam və müalicə kursu almışam.
– Yeddinci sinif şagirdini zorlamağınızı etiraf edirsinizmi? Hansı ki, onun sizdən uşağı da var.
– Bəli, belə hadisə olub, ancaq qarşılıqlı razılıqla.

Beriya öz ehtirasının əsiri olub. Ağına-bozuna baxmadan kimliyindən və harada olmasından asılı olmayaraq öz tələbatını ödəmək üçün istənilən addımı atıb. Hətta həyat yoldaşı evdə olarkən qadınları evə gətirməkdən çəkinməyib.

Beriyanın siyasi karyerası 1953-cü ilin ortalarından tənəzzülə uğrayıb. Onu da qeyd edək ki, Stalinin zəhərlənərək öldürülməsində Beriyanın adı da hallanıb. (Bu haqda növbəti saylarımızda yazı təqdim olunacaq) Təbii ki, təhlükəli Beriyanın mövcudluğu Xruşova narahatlıq gətirib və gələcəkdə onun lider olmaq ehtimalı Baş katibi düşünməyə vadar edib. Həmin ilin iyunun 26-da Nazirlər Sovetinin iclasında Nikita Xruşov Beriyanın fəaliyyətini kəskin tənqid edərək onu dövlət əleyhinə çıxmaqda və cəsusluqda ittiham edib. Bunu gözləməyən Beriya özünə haqq qazandırmaq istəsə də, Jukovun onun qollarına vurduğu qandal hər şeyə son qoyub. Bu həmin Jukov olub ki, Beriya dəfələrlə onu həbs etməyə cəhd göstərib. Beriyanın təhlükəli və hiyləgər olmasını nəzərə alaraq onu adi təcridxanada yox, Moskva hərbi dairəsinin bunkerində saxlayıblar. Beriya həbs olunandan sonra onun bütün tərəfdaşlarını, o cümlədən həyat yoldaşı və oğlunu da həbs ediblər.

Lavrenti Beriyanın məhkəməsi 1953-cü il dekabrın 23-də yekunlaşıb. SSRİ Ali Məhkəməsinin hökmü ilə ona güllələnmə hökmü oxunub və məhkəmənin qərarı həmin gün icra olunub.

Beriyanın ölümü ilə bağlı digər versiyalar da mövcuddur ki, o həbs olunan gün güllələnib, qapalı keçirilən məhkəmədə isə müttəhimlər kürsüsündə onun oxşarı əyləşib.

İlham Cəmiloğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

three + 16 =