SSRİ-nin “qəbirqazanı” : “Heydər Əliyevin bir sözü mənə bəs elədi”

0
604

…İtaliyalı jurnalist Cülyetta Kyeza “Əlvida, Rusiya” kitabında onun haqqında belə yazmışdı: “SSRİ-nin dağılmasının təşəbbüskarı o idi. Hətta Yeltsin belə tərəddüd edəndə, o, israrla imperiyaya son qoyulmasını tələb edirdi”.

 

Sonradan müsahibələrinin birində elə beləcə də demişdi: “Bu, Ukrayna xalqının arzusu idi, mən buna qarşı çıxa bilməzdim”. Və sonradan qərb jurnalistləri ona “SSRİ-nin qəbirqazanı” adını da vermişdilər. Söhbət Ukraynanın ilk prezidenti Leonid Kravçukdan gedir.

 

88 yaşının içindədir. Amma çox qıvraq qalıb. Yaddaşına isə söz ola bilməz. Hər şeyi tarixinə, detalınacan xatırlayır.

 

Amma hələ ki indiki vəziyyətdən, daha doğrusu Ukraynanın indiki ictimai-siyasi vəziyyətindən danışırıq ilk prezidentlə:

 

 

– Ukraynada vəziyyət çox kritikdir, mən deyərdim ki, hətta gərgindir. Bunun əsas səbəbi isə müharibədir. Müharibə ölkəni az qala iflic edib. Bir yandan da Krımın əldən getməsi istər daxili, istərsə də xarici siyasətdə ümumi gərginlik yaradıb. Hərbi konflikt başlayandan 8 min ukraynalı əsgər və zabit həlak olub. Minlərlə yaralı var. Milyon yarım insan ev-eşiyini itirib, isti yurd-yuvasından didərgin düşüb. Çox ağır şərtlər altıda yaşayırlar. Əsas əziyyət çəkən isə təbii ki, uşaqlardır. Bir yandan da Ukraynanın iqtisadiyyatına ağır zərbə oldu bu müharibə. İşğal olunmuş yerlərdəki zavod və fabriklər dağıdıldı. İnfrastruktur məhv edildi. Bütün bunları nə vaxtsa bərpa etmək üçün milyardlar lazım olacaq. Düzdür, Qərb, Avropa və ABŞ bütün hallarda Ukraynanı dəstəkləyir, Rusiyaya qarşı sanksiyalar tətbiq edilir. Amma Ukrayna əziyyət çəkdi müharibədən. Və ən pisi də odur ki, biz hələ də müharibə şəraitində yaşayırıq. Müəyyən vaxtlarda atəşkəsə riayət olunur, amma müharibə bitməyib. Ən təəssüf doğuran da elə budur. Amma əsas odur ki, Ukrayna öz siyasi hədəflərini müəyyənləşdirib. Bu da Avropaya, Qərbə inteqrasiyadır. Ukrayna artıq bir Avropa ölkəsidir.

 

– Əslində, biz də oxşar dönəmi yaşamışıq. Torpaqların əldən getməsi, yüz minlərlə qaçqın ordusu, iqtisadiyyatın ağır durumu. Bu sarıdan çox oxşarıq.

 

– Əlbəttə, ümumi oxşarlıqlar çoxdur. Düz qeyd etdiniz ki, bir-birimizə bənzəyirik. 90-cı illərdə Dağlıq Qarabağ ətrafında baş verənləri çox gözəl bilir və anlayıram. Baş verənlərin mahiyyətindən də xəbərdaram. Mərhum Heydər Əliyevlə görüşlərimiz yadıma düşdü. İstər təkbətək, istərsə də MDB dövlət başçılarının toplantılarında səmimi söhbətlərimiz olurdu. Mən həmişə Azərbaycanı, onun öz müstəqillik uğrunda mübarizəsini dəstəkləmişəm. Azərbaycan və Ukrayna xalqlarını birləşdirən çox amillər var. Heç kimə sirr deyil ki, Ukraynada yüz minlərlə azərbaycanlı yaşayır və ölkənin ictimai işlərində fəal iştirak edirlər. Elə mənim özümün xeyli azərbaycanlı dostum var. Buradakı azərbaycanlılar seçkilərdə, iqtisadiyyatda, tikintidə aktiv iştirak edirlər. Biz mehriban şəraitdə yaşayırıq. Bu gün Ukrayna – Azərbaycan münasibətləri də az qala ideal səviyyədədir və daha da yaxşı olacağını düşünürəm.  Azərbaycan həm də Ukraynanın əvəzedilməz və strateji dostudur. Azərbaycan həmişə bizim yanımızda olduğunu bildirib. Eləcə də biz Azərbaycanın yanındayıq.

 

***

 

Leonid Makaroviç bu yerdə bir məqamı xatırladı. Deyir, 90-cı illərdə dəfə Azərbaycanda un qıtlığı yaranmışdı. Ona bu barədə məlumat verirlər. Ukrayna dövlət başçısı isə dərhal göstəriş verir: Azərbaycanı və Azərbaycan xalqını darda qoya bilmərik. Beləcə, Azərbaycana Ukraynadan 50 min ton un göndərilir.

 

– Heydər Əliyevin bir sözü mənə kifayət etdi. Dərhal göstəriş verdim. Həmin vaxt özümüzdə də un və ərzaq sarıdan vəziyyət ürəkaçan deyildi. Amma bütün hallarda, Azərbaycan xalqını darda qoymaq olmazdı. Sizə bir məsələni də deyim. İndi bəzi siyasətçilər bu və ya digər məsələlərə dollar, funt gözüylə baxırlar. İndiki siyasətdə mənəvi dəyərlər sanki arxa plana keçib. Amma o vaxt belə prinsiplər yox idi. Kömək lazımdır, oldu, imkanımız varsa, edəcəyik. Mən həmişə Heydər Əliyeviçə də demişəm, Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirəm. Bu prinsip sonradan Ukraynaya rəhbərlik etmiş bütün dövlət başçıları tərəfindən qorundu.

 

Ukraynanın ilk prezidenti deyir ki, bu ölkədə yaşayan bütün millətlər özlərini təsdiq etməlidir. Eləcə də azərbaycanlılar.

 

– Mən çox istəyərdim ki,  Azərbaycan diasporu böyüsün, onlar məhz Ukraynanın oğul və qızları kimi siyasi həyatda iştirak etsinlər, deputat seçilsinlər və eyni zamanda, öz tarixi vətənlərini, dillərini, mədəniyyətlərini unutmasınlar. Amma həm də özlərini ukraynalı kimi hiss etsinlər. Çünki bura onların ikinci vətənidir. Elə Ukrayna da onlara şərait yaratmalıdır. Bu, əslində Ukraynanın da uğuru olacaq. Mən bəzən küçədə azərbaycanlı, polyak, lap tutaq ki, amerikalı görəndə sevinirəm. Bilirəm ki, onlar Ukraynada öz həyatlarını qurmaq istəyirlər. Biz də bu məsələdə onlara kömək etməliyik. Sonda bir məsələni unutmayım. Vaxtımız dardı deyə, yadımdan çıxa bilərdi. Mənim salamlarımı Azərbaycan xalqına yetirin. Mən bu xalqı yaxşı tanıyıram, bunu bilin. Bu xalq müstəqil və xoşbəxt yaşamağa layiq xalqdır. Arzu edirəm ki, daim rifah çində yaşayın. Qoy əmin-amanlıq nəsibiniz olsun. Eləcə də Ukrayna xalqının, sizin dostunuz olan xalqın…

 

Səbuhi Məmmədli,

Kiyev 

BIR CAVAB BURAXIN