SSRİ-nin məhvi planının rəhbəri vəfat edib

0
829

 

Soyuq müharibə dövründə SSRİ-yə qarşı Qərbdə başladılan ideoloji müharibənin xaç atalaından biri hesab edilən məşhur siyasətçi, görkəmli dövlət xadimi Zbiqnev Bjezinski 89 yaşında dünyasını dəyişib. O daha çox dünyada SSRİ-nin dağılması barədə öncədən, hələ 1979-cu ildə yazdığı kitabında məlumat verən və bunu siyasi, iqtisadi və hərbi faktorlarla əsaslandıran, sözün əsl mənasında dövrünün ən böyük uzaqgörən siyasətçilərindən biri idi.

1928-ci il mart ayının 28-də Varşavada peşəkar diplomat Tadeuş Bjezinskinin ailəsində anadan olan Zbiqnev uşaq yaşlarından beynəlxalq aləmdə baş verən siyasi proseslərin içində idi. 1938-ci ildə ailəsi ilə Kanadaya köçən Zbiqnevdə siyasi elmlərə, siyasətə böyük maraq vardı. Siyasətə bu marağı da onun əvvəlcə Monreal, sonra isə Harvard universitetini bitirərək siyasi elmlər doktoru elmi dərəcəsini almasına gətirib çıxardı. Hələ uşaq yaşlarından əksər vətənpərvər polyaklar kimi SSRİ-yə və onun timsalında ruslara böyük nifrət bəsləyən gənc Zbiqnev Bjezinski doktorluq dissertasiyasını da məhz SSRİ-dəki totalitar sistemin formalaşmasına həsr etmişdi. Qısa müddətdə antisovet şərhləri ilə məşhurlaşan və addımbaşı sovet rejiminin iç üzünü ifşa edən Bjezinski Qərbdə tanınmış sovetoloq imici qazandı. Bir müddət Harvard, sonra isə Kolumbiya universitetində işləyən və Kommunizm məsələləri İnstitutuna rəhbərlik edən Zbiqnev Bjezinski 1958-ci ildə ABŞ vətəndaşlığı alır. Həmin dövrdən başlayaraq onun siyasi fəaliyyət əhatəsi daha da genişlənməyə başlayır. 1960-cı ildə Con Kennedinin,1964-cü ildə isə Lindon Consonun prezident seçkiləri kompaniyasında fəal iştirak edən gənc sovetoloq bununla da ölkənin ali dairələrinin diqqətini cəlb edir. 1966-1968-cı ildə Bjezinski ABŞ Dövlət departamentinin siyasətin planlaşdırılması şurasında işləyir, eyni zamanda vitse-prezident Hyubert Hemfrinin xarici siyasət məsələləri üzrə məsləhətçisi təyin edilir. SSRİ ilə bağlı verdiyi uzaqgörən şərhləri, eyni zamanda sosializm sisteminin dağılmasının ideoloji əsaslarını hazırlaması onu Qərbin ən məşhur politoloqlarından biri kimi məşhurlaşdırır. 1973-1976-cı illərdə məşhur politoloq üçtərəfli Şimali Amerika, Qərbi Avropa və Yaponiya ilə əməkdaşlıq komissiyasına rəhbərlik edir. 1977-1981-ci illərdə isə prezident Cimmi Karter administrasiyasında təhlükəsizlik məsələləri üzrə məsləhətçi işləyir. Məhz həmin dövrdə o SSRİ-nin daxildən sarsıdılmasını və onun məhvini nəzərdə tutan ideoloji planı işləyib hazırlayır. Bu müstəvidə də SSRİ-ni aldadaraq Əfqanıstan bataqlığına salmağa xidmət edən siyasi plan hazırlayan görkəmli siyasətçi: “Əfqanıstana hücum etməklə SSRİ özünə ölüm hökmü kəsdi. SSRİ bu bataqlıqdan sağ çıxa bilməyəcək. Yaxın illərdə dünyada SSRİ adlı bir dövlət olmayacaq”,-demişdi.

Onun bu uzaqgörənliyi isə özünü doğrultmuş oldu. Əfqanıstan həqiqətən də SSRİ-nin məhvinin qəbirqazanı oldu. Həmin dövrdə Bjezinski eyni zamanda ABŞ-Çin münasibətlərinin normallaşdırılmasına nail oldu. Məşhur politoloq İsraillə Misir arasında Kemp-Devid sülh anlaşması planını işləyib hazırladı və bununla da bölgənin iki dövləti arasında müharibələrə son qoyuldu. 1981-1989-cu illərdə Ronald Reyqanın komandasında xarici kəşfiyyat komissiyasının rəhbəri olan Bjezinskinin məsləhətləri əsasında SSRİ-nin tam şəkildə məhvi planı uğurla həyata keçirilməyə başlanıldı. 1988-ci ildə isə Buşun seçki kompaniyasında iştirak etdi. SSRİ dağılandan sonra da ABŞ-ın Rusiya və müstəqilliyini əldə edən gənc postsovet ölkələrinə münasibətdə yeritdiyi siyasətə istiqamət verən görkəmli siyasətçi bununla da siyasi fəaliyyyətini yeni müstəvidə davam etdirdi. Son illərdə isə o Con Hopkins Universiteti nəzdində fəaliyyət göstərən Pol Nittse Beynəlxalq Araşdırmalar Məktəbində və Beynəlxalq Strateji Tədqiqatlar Mərkəzində çalışırdı. Bununla bərabər o eyni zamanda qeyri-rəsmi şəkildə ABŞ-ın Rusiya siyasətinin müəyyənləşdirilməsində məsləhətçi funksiyasında çıxış edirdi. Bir sözlə ötən əsrin 60-cı illərindən başlayaraq vəfat edənə kimi də Bjezinski ABŞ-ın xarici siyasətində aparıcı rol oynamaqda davam etdi. Bununla da ötən Bjezinski sağlığına ikən adını dünyanın ən məşhur siyasətçiləri siyahısına qızılı hərflərlə yazdıra bildi. O yüz illər bundan sonra da tarixdə SSRİ-nin məhvini hazırlayan ideoloji planın rəhbəri kimi xatırlanacaq.

Əziz Mustafa

BIR CAVAB BURAXIN