SSRİ-ni dəhşətdə saxlayan cəlladlar: Nikolay İvanoviç Yejov

0
825

 

Bir vaxtlar onun adı gələndə beşikdəki körpə uşaqlar belə səslərini çıxarmağa qorxurdular. O, ötən əsrin 30-cu illərində minlərlə insan üçün ölüm simvolu idi. Olduqca sərt bir izləmə sistemi quran Yejov ən məşhur tiranların həsəd apara biləcəyi bir nəzarət aparatı qurmuşdu. Hətta iş o yerə çatmışdı ki, adamlar evlərində belə gecələr rahat yata bilmirdilər. Yejovun agentləri ən gözlənilməz yerlərdə peyda olur, arvadı ərə, övladı ataya qarşı qaldırırdılar. Əgər kimsə evində pıçıltı ilə belə, rejimin əleyhinə nə isə danışsa idi, az sonra qapısını”enkevede”çilər döyərək, onu gedər gəlməzə göndərirdilər. Necə deyərlər, ötən əsrin 30-cu illərində SSRİ-də “Yejovşina” hökm sürürdü. Ona millətçi də demək olmazdı, bolşevik də, çekist də. Bir sözlə, onun daxilində sanki insanları məhvə sürükləməyə həris olan bir cəllad gizlənmişdi. Yejovun qana hərisliyi qəssab hərisliyini xatırladırdı. Sanki o, anadan elə qəssab doğulmuşdu. Qan tökməyəndə o, sakit ola bilmirdi… Elə qana hərisliyi də sonda onun öz qanında boğulmasına gətirib çıxardı. 1895-ci ildə Peterburqda, indiki Sankt-Peterburqda anadan olan Nikolay İvanoviç Yejov 14 yaşından başlayaraq, müxtəlif zavodlarda fəhləlik etməyə başladı. Eyni zamanda işləyə-işləyə də ibtidai təhsil aldı. 1917-ci ildə bolşeviklərə qoşulan Yejov özünü, necə deyərlər, gözə soxmaqla vəzifə kürsüsündə sürətlə irəliləməyə başladı. Vətəndaş müharibəsi illərində Yejov hərbi hissələrdə komissar vəzifəsində işləyirdi. Müharibədən sonra, 1920-ci ildə o, Türküstana gedir və burada bir sıra vəzifələrdə çalışır. Əvvəlcə, Semipalatinsk vilayətində, sonra isə Qazaxıstan ölkə partiya komitəsinin katibi vəzifəsində işləyir. O, ali təhsil almasa da, Stalinə sədaqətliyi ilə diqqəti cəlb edirdi. 1927-ci ildə Stalinə sədaqətinə görə, onu Ümumittifaq Kommunist (Bolşeviklər) Partiyasında (ÜKP) məsul vəzifəyə irəli çəkdilər. Kollektivləşmə dövründə Yejov Stalinə sədaqətini əsl cəlladlara xas tərzdə nümayş etdirməyə başladı. 1929-1930-cu illərdə o, SSRİ Torpaq Komitəsi sədrinin müavini vəzifəsinə irəli çəkildi. O, burada az-çox imkanı olan bütün kəndliləri qolçomaq elan etdi və onlara qarşı sərt tədbirlər görülməsi barədə müvafiq orqanlar qarşısında məsələ qaldırdı. Yerov 1930-34-cü illərdə ÜKP-nin kadrlar şöbəsində işlədi. Həmin dövrdə o, Stalinin kadr siyasətini həll edən əsas fiqurlardan biri sayılırdı. Bu vəzifədə də cəlladlığını ən sərt şəkildə həyata keçirməyə başladı. Yejov bu vəzifədə Stalinə sədaqətində şübhələndiyi köhnə, sınanmış kadrları bir-bir aradan götürməyə başladı. O dövrdə məşhur çekistlər kimi tanınan Prokofyevi, Luryeni, Ostrovskini, Feldmanı, baron Stayqeri və digərlərini ya sürgünlərə göndərtdi, ya da şəxsən özü onları güllələdi. Qısa müddətdə Yejov 325 çekisti “vətənə xəyanət” üstündə məhv etdi. Halbuki onların böyük əksəriyyətinin heç bir günahı yox idi. 1936-ci il oktyabr ayının 1-də Stalin Yejovu partiya qarşısındakı müstəsna xidmətlərinə görə xalq daxili işlər komissarı vəzifəsinə təyin etdi.

Bu da Yejovu daha ağır cinayətlər törətməyə şirnikləndirdi. 1937-ci ildə Yejova SSRİ dövlət təhlükəsizliyi generalı rütbəsi verildi. Həmin ildə o, 13-cü Almata motomexanikləşdirilmiş polkunun fəxri qızıl əsgəri seçildi. 1937-ci ildə isə Orconikidze vilayətinin Sulimovo şəhəri Yejov – Çerkassk adlandırıldı. O, Lenin ordeni ilə təltif edildi. Xüsusi tapşırıqları yerinə yetirdiyinə görə, sərhəd və daxili qoşunlar məktəbinə də Yejovun adı verildi. 1938-ci ildə Yejovun göstərişi ilə Tatarıstanda təmizləmə əməliyyatlarına başlanıldı. Nəticədə, qısa müddətdə minlərlə adam xalq düşməni elan edilərək, ya sürgünlərə göndərilir, ya da güllələnilirdi.

Yejovun düşmən hesab etdiyi adamlar içərisində nəinki yüksək vəzifələrdə işləyən dövlət xadimləri, həm də siyasətdən başı çıxmayan sadə adamlar – çobanlar belə var idi. Heç nədən xəbəri olmayan keçilərə çox süd versin deyə mahı oxuyan qazax çobanı Yejov xalq düşməni, elan edərək güllələdir. Bundan xəbər tutan Stalin: “Çobanı antisovet adlandıran adam ölünü də xalq düşməni çıxara bilər”, – deyir və susur. Və bundan sonra Yejovun bəxti tərsinə işləməyə başlayır. Amma o, Stalindən özünə qarşı hər hansı bir təhlükə gələ biləcəyinə inanmırdı və eyni tərzdə minlərlə adamı ölümə göndərməkdə davam edirdi.

Belə ki, təkcə 1937-ci ildə Yejovun əmri ilə 3170 yüksək vəzifə tutan adam güllələnmişdi. Onların arasında SSRİ-yə sədaqəti ilə tanınan onlarla çekist, general var idi. Amma çobanın ahı Yejovu tutmuşdu. Çoban əhvalatını Yejova bağışlaya bilməyən Stalin 1938-ci ildə Yejovun başqa vəzifəyə keçirilməsi adı altında onu daxili işlər komissarlığından azad etdi. Onun yerinə isə Beriya təyin edildi. Yejovla siçan-pişik oynayan kimi oynayan Stalin onu əvvəlcə su nəqlyyatı naziri təyin etdi. Yejov bununla barışa bilmirdi və hər gün içməklə dərdini unutmağa çalışırdı.1939-cu ildə Stalinin şəxsi əmri iləYejov həbs edildi. Onu antisovet təxribatı aparmaqda və dövlət çevrilişi hazırlamaqda ittiham etdilər. Yejov məhkəmədə özünə qarşı irəli sürülən ittihamların hamısını rədd etdi. O, eyni zamanda bəzi günahlarının olduğunu da bildirdi və dedi ki, cəmisi 14 min çekist güllələyib. Amma görünür, bu, az olub. 1940-cı il fevral ayının 3-də Yejova ölüm hökmü kəsildi. Ertəsi gün o güllələndi. Yejovun güllələnməsi barədə Stalinə dərhal xəbər verdilər. Beləliklə, Yejov qaniçənliyinin qurbanı oldu. Amma Yejovun başına gələnlər ondan sonra bu vəzifəyə təyin edilənlər üçün dərs olmadı…

Əziz Mustafa / Yeniavaz.com

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

6 + 19 =