Soyqırım dəhşətlərinə məruz qalan xalq: Tatarlar (5)

0
782

11

1750-ci ildə Kubanda məcburi qaydada xristianlaşdırmadan xilas olmaq üçün adı çəkilən bölgəyə qaçan Ramazan və Mustafa adlı tatarı yaxalamışdılar. Ramazan və Mustafa xristianlaşdırmadan qaçdıqları üçün onların hər ikisi ruslar tərəfindən tonqalda yandırılmışdılar. Buna baxmayaraq, zorla xristianlaşdırmadan qaçmalar davam edirdi. Ona görə də, Penza, Uralətrafı bəzi zonalarda, o cümlədən Tatarıstanın cənub-şərq rayonlarında zorla xaçsuyuna salınmadan qaçan tatarlar və çuvaşlardan ibarət yaşayış məskənləri salınmışdı. Buna misal olaraq Surkino kəndini (indiki Staroe Surkino, Almetyev rayonu) İlyabekov kəndini (indiki Aznakayev rayonu) və başqalarını göstərmək olar.

Həmin dövrdə xaç suyuna salınan tatarları köhnə və yeni xaçsuyuna salınan tatarlara bölürdülər. Belə ki, tarixçi alim İ. K. Zaqidullin şərti şəkildə köhnə, 16-17-ci əsrlərdə məcburi şəkildə xaçsuyuna salınan tatarlarla sonralar xaçsuyuna salınan tatarları biri-birilərindən ayırır. O, 18-ci əsrin 40-cı illərinə qədər zorla xirstianlığı qəbul edən tatarları staroe kreşennıe (köhnə xaçsuyna salınanlar), 1740-cı ildən sonra xaçsuyuna salınan tatarları isə novokreşennıe (yeni xaçsuyuna salınanlar) adlandırır. (Zaqidullin İ. “Priçinı otpadeniye starokreşennıx tatar Sredneqo Povoljye v musulmanstvo v XIX v. İslam v tatarskom mire: İstoriya i sovremennost”. Kazan 1897. s. 34)

Buna baxmayaraq, müsəlman tatarlar mübarizələrini davam etdirməkdə idilər. 1769-cu ildə Sinodda təmsil olunan müsəlman deputatlar dini müstəqilliyin təmin olunmasına, məscidlərin yenidən inşa edilməsinə və həccə gedilməsinə razılıq verilməsi barədə məsələ qaldırdılar. Sinod bunu nəzərə alaraq 1773-cü ildə “Dini azadlıq haqqında” sərəncam imzaladı. Ancaq bu sərəncamda nəzərdə tutulanları reallaşdırmaq və həyata keçirmək mümkün olmadı. Əksinə, bu dəfə xristian missionerlər əhali arasına gedərək şirnikləndirici təkliflərlə çar zülmü altında inləyən, aclıq və səfalət içində yaşayan tatarlara, başqırdlara, çuvaşlara və digər qeyri ruslara xristianlığı qəbul etdirməyə çalışırdılar. Bu məqsədlə ac və səfalət içində yaşayan əhaliyə dinindən dönməsi üçün müəyyən qədər maddi yardımlar da göstərilirdi. Yalnız Puqaçov üsyanından sonra çar hökuməti qəti şəkildə bölgə xalqlarının, o cümlədən müsəlmanların dini azadlıqlarını tanımağa məcbur oldu. Çünki Puqaçov üsyanı zamanı onların sırasında məcburi şəkildə xristianlığın qəbul etdirilməsinə etiraz edən minlərlə tatar və başqırd vuruşurdu. 1789-cu ildə Orenburqda ruhani məclisi yaradıldı. Bunun ardınca isə Ufada Rusiya imperiyası tərkibində yaşayan müsəlmanların Ufa İslam Mərkəzi quruldu. Bununla da bölgə müsəlmanlarının zorla xristianlaşdırılması siyasətinə son qoyuldu.

“Hər iki nəfər rusdan biri xaç suyuna salınan tatarların törəmələridir”

Tatarların xristianlaşdırılması yolu ilə yeni ruslara çevrilməsini məşhur tarixçi alim Lev Qumilyov da xüsusi vurğulayıb. Lev Qumilyov yazır: “Hər iki nəfər rusdan biri xaç suyuna salınan tatarların törəmələridir”.

Hazırda dünyada təxminən 100 milyon nəfər rusun yaşadığını nəzərə alsaq, onda inamla demək olar ki, onların 50 milyon nəfərini xaç suyuna salınan və nəticədə ruslaşan tatarlar təşkil edir.

Rus alimi B. N. Kovalyov tatarlara qarşı ruslar tərəfindən həyata keçirilən soyqırımı haqqında “Ailənin, nikahın və qadın məişətinin inkişaf tarixi” (“İstoriçeskoe razvitiye bıta jenşinı, braka i semyi”) adlı kitabında yazır: “Professor Firsov “Sibir tarixi üzrə oxu” kitabında (səh. 50-75) rus işğalçılarının Sibirdəki qeyri-rus qadınlarla (tatar, başqırd və digərləri) qul kimi davranması və onları alqı-satqı vasitəsinə çevriməsi barədə çoxlu sayda faktlar gətirir. O yazır: “Sibirin işğal tarixi orada yaşayan əhalidən ağır vergilər tutulması və qeyri-rus əhalinin qadınlarından qul kimi istifadə edilməsindən ibarətdir”.

Həqiqətən də 17-ci əsrdə və 18-ci əsrin əvvəllərində Sibirdə rus kolonizatorları qeyri-rus qadınları qul kimi bazarlarda satırdılar. Qul kimi satılan qadınların böyük əksəriyyəti müharibələr və talanlar zamanı ələ keçirilən qeyri-rus qadınlar (tatar başqırd, altay və digər) idilər. Vəhşi və əxlaqsız işğalçılar azyaşlı qızları zorlayır və sonra onları bazarlara çıxararaq satırdılar. 5-7 yaşlı qızların bazarda qiyməti çox aşağı idi. Onların birinə 20 qəpik verirdilər. (Professor Firsov “Sibir tarixi üzrə oxu”s. 89-90)”

Soyqırımı davam edir

Tatarların milli azadlıq mübarizəsi 1905-1907-ci illərdə, həmçinin çar Rusiyasının dağılmasından sonra da davam etdi. 1918-ci il mart ayının 22-də Kazan və Ufa (bütövlüklə), həmçinin onlara qonşu quberniyaların bəzi əraziləri əsasında Tatar-Başqırd Muxtar Sovet Respublikası yaradıldı. Buna paralel olaraq Başqırdıstan Muxtar Sovet Sosialist Respublikası da quruldu və bu da əlavə problemlər ortaya çıxardı. Bunu nəzərə alaraq 1920-ci il may ayının 27-də Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi “Tatarıstan Muxtar Sovet Sosialist Respublikası” haqqında dekret imzaladı. 1922-ci il dekabr ayının 30-da SSRİ yaradıldı və Tatarıstan RSFSR-in tərkibində fəaliyyət göstərməyə başladı. 1922, 1936, 1952-1953, 1977-ci illərdə Tatarıstanın İttifaq respublikasına çevrilməsi barədə məsələ qaldırıldı, ancaq Kremldəki bəzi qüvvələr buna razılıq vermədilər.

Bolşeviklər hakimiyyətə gələndən sonra tatarların yeni soyqırımı başladı. Ötən əsrin 20-40-cı illərində 50 min nəfərə yaxın tatar ziyalısı, onun düşünən beyni olan ali təbəqəsinə mənsub olan adamlar müxtəlif bəhanələrlə güllələndi, 60 mindən artıq tatar isə qondarma ittihamlarla Sibirə sürgün edildi. Onların çoxu Sibirdə sürgünlərdə dünyasını dəyişdi.

Ötən əsrin 70-80-ci illərində tatarlar gizli şəkildə milli azadlıq mübarizələrini davam etdirdilər. Tatarların milli azadlıq mübarizəsinə əvvəl gizli, sonra leqal şəkildə fəaliyyət göstərən Tatar İctimai Mərkəzi, İttifaq Tatar Milli Müstəqillik Partiyası, Azadlıq Tatar Gənclər Hərəkatı rəhbərlik edirdi.

SSRİ-də yenidənqurma dövrü başlayanda Tatarıstan bundan istifadə etdi. 1990-cı il avqust ayının 30-da Tatarıstan Dövlət Müstəqilliyi haqqında bəyannamə qəbul etdi. 1992-ci il mart ayının 21-də isə Tatarıstanda dövlət müstəqilliyinin dəstəklənməsi barədə referendum keçirildi. Referendumda iştirak edənlərin 61,4 faizi Tatarıstanın müstəqilliyinə səs verdi. Bunun ardınca 1992-ci il noyabr ayının 6-da Tatarıstanın yeni konstitusiyası qəbul edildi. Konstitusiyada Tatarıstanın müstəqil dövlət olması əksini tapmışdı. Amma bu Konstitusiyada nəzərdə tutulanların həyata keçirilməsinə Moskva hər vasitə ilə mane olmaqdadır. Muxtar qurumların səlahiyyətlərini azaltmaq və onları üçüncü dərəcəli subyektlərə çevirmək məqsədi ilə 2005-2006-cı illərdə çar dövründəki general-qubernatorluqları olduğu kimi təkrarlayan federal dairələr yaradlıdı. Muxtar qurumlar da onların tərkibinə daxil edildi. Bu federal dairələri birbaşa Rusiya prezidenti tərəfindən təyin edilən qubernatorlar idarə edirlər. Qubernatorlar həm də onların ərazisində olan muxtar qurumlara da rəhbərliyi həyata keçirirlər. Halbuki muxtar qurumlar Rusiya ilə bərabərhüquqlu subyektlər kimi ittifaq anlaşması imzalayıblar. Bu müstəvidə də tatarlar yenidən ikiqat zülm altına düşmüş olublar. Tatarları tarixdən silmək siyasətini davam etdirən Moskva tərəfindən 309 saylı qanun qəbul edilib. Bu qanuna əsasən Tatarıstandakı orta məktəblərdə ana dilində dərs qadağan edilib. Bunun əvəzində məcburi şəkildə tatar dili əvəzinə məktəblərdə rus dili ana dili kimi tədris edilir. Tatarları soyköklərindən ayırmaq üçün onların əlifbası bir neçə dəfə (əvvəlcə ərəb əlifbasından latına, sonra latından kirilə) dəyişdirilib. Halbuki kiril əlifbası tatar dili üçün yaramır. Bundan əlavə məktəblərdə pravoslavlıq məcburi fənn kimi tədris edilir, İslamın isə məktəblərdə ümumiyyətlə adını çəkmək qadağan edilib. Halbuki Rusiya Konstitusiyasına əsasən din dövlətdən ayrıdır. Tatar dilində telekanal və radio açılması da qanunla qadağan edilib. Tatarlara nifrət dərsliklərdə də təbliğ edilir. Məsələn, Moskvada nəşr olunan və 6-cı siniflər üçün dərslik kimi nəzərdə tutulan “İstoriya Oteçestva” (“Vətən tarixi”) kitabında (müəllifləri A. A. Preobrajenski və B. A. Rıbakov) tatarların simasında adam yeyən vəhşi obrazı yaradılıb. Kitabda tatarlar dəfələrlə geridə qalan küt və mədəniyyətdən uzaq vəhşi xalq kimi təsvir edilib. Təsəvvür edin ki, bu kitabdan tatar uşaqlar da dərslik kimi istifadə edir.

Tatarıstanın təbii sərvətləri amansız şəkildə ruslar tərəfindən istismar edilir. Ölkənin milli gəlirlərinin 80-90 faizi Rusiyanın xəzinəsinə aparılır. Tatarlara qarşı davam edən digər soyqırımı da radioaktiv şüalanma ilə bağlıdır. İlk atom bombasının sınaqları eksperiment kimi tatarların kütləvi şəkildə yaşadığı ərazilərdə həyata keçirildi. Çelyabinsk vilayətinin tatarlar yaşayan ərazilərində həyata keçirilən belə eksperimentlər nəticəsində minlərlə adam şüalanma xəstəliyinə tutularaq öldü. Sağ qalanların isə 95 faizi nəsilartırma qabiliyyətini itirib. Məhz bu cinayətinə görə Rusiyanı beynəlxalq məhkəməyə vermək mümkündür. Ancaq bununla əlaqədar etiraz səsini ucaldan tatarları dərhal müxtəlif adlar adı altında həbs edir və onlara haqq səslərini qaldırmağa imkan vermirlər. Son illərdə saxta ittihamlarla (terrorizm, ekstremizm, radikal dinçilik) 100-lərlə tatar ziyalısı həbs edilib və hazırda onlar heç nədən həbsxanalarda çürüməkdədirlər. Kazanın minillik yubileyinin qeyd edilməsi ərəfəsində Naberejnı Çelnı və Nijnekamsk şəhərlərində dövlət obyektlərində guya təxribat hazırladıqları adı altında vətənpərvər ziyalılardan 50 nəfər həbs edildi. Onlardan 30 nəfəri saxta ittihamlarla uzunmüddətli həbs cəzasına məhkum edildi.

Yuxarıda qeyd etdiymiz kimi tatar xalqının haqq səsini müdafiə edənlər Moskva tərəfindən amansızcasına təqib edilir və onlar ağır şəkildə cəzalandırılır. Onlardan biri də tarix elmləri namizədi, 30-dan artıq kitabın müəllifi 66 yaşlı Tatar Milli Məclisinin sədri Fauziya Bayramovadır. Ona saxta ittihamlarla bir il şərti iş verdilər. Məhkəmədəki çıxışında o Rus faşizmini kəskin şəkildə tənqid etdi. Bayramova deyirdi: “Hər il rus skinxedlərı (qırxıqbaşları) minlərlə qeyri-rusu öldürür və ya əlil edir. Bu gün Rusiya faşist dövlətinə çevrilməkdəidir. Bu gün Rusiya milli azlıqlara, onların dillərinə, dinlərinə qarşı hücuma keçib. Bu gün Rusiya milli respublikaları ləğv etmə siyasətini yeridərək onların əsasında pravoslavlığa əsaslanan vahid rus xalqı formalaşdırmağa cəhd edir. Biz bununla barışa bilmərik və mübarizəmizi davam etdirəcəyik. Əgər cənnətə yol Rusiya həbsxanalarından keçəcəksə, mən buna da hazıram. Öz xalqımın azadlığı və onun xalqlar həbsxanasında qalmaması naminə lazım gəlsə həyatımdan belə əl çəkəcəyəm, ancaq mübarizəmi dayandırmayacağam”.

Əziz Mustafa

BIR CAVAB BURAXIN