Soyqırım dəhşətlərinə məruz qalan xalq: Tatarlar (4)/Əziz Mustafa

0
656

11

Tatarlar da öz növbələrində rusların zorla xristianlaşdırma siyasətinə güclü müqavimət göstərirdilər. Kazan xanlığı süqut edən ilk günlərdən zorla xristianlaşdırmağa qarşı üsyanlar ara vermirdi. 1656-cı ildə Kasımov xanlığında, Kazan və Ufa əyalətlərində tatar və başqırd müsəlmanlar xristianlaşdırmağa qarşı güclü üsyan qaldırdılar. Bu üsyanlar qan içində yatırıldı. Üsyan rəhbərləri isə edam edildilər. Üsyan edən əyalətlərdə on minlərlə tatar və başqırd rus əsgərlərinə qul kimi bağışlandı. Onların da hamısını məcburi şəkildə xristianlaşdırırdılar. Buna baxmayaraq Ufa əyalətində 1681-83-cü illərdə zorla xrisitanlaşdırmaqla əlaqədar yeni üsyanlar baş verdi. Üsyan yenə də qan içində yatırıldısa da hökumət bundan qorxuya düşərək əhalini sakitləşdirmək üçün müsəlman əhalinin məcburi şəkildə xristianlaşdırılmayacağını elan etməyə məcbur oldu. Buna baxmayaraq müsəlman əhalinin zorla xristianlaşdırılması prosesi davam edirdi. Zorla xristianlaşdırmaq üçün müsəlman əhalinin üzərinə qoyulan ağır vergilər 1704-1711-ci illərdə yeni üsyanlara gətirib çıxardı. Belə ki, 1704-cü ilin avqust ayında vergi yığanlar A. Jixarev və M. Doxov tatar və başqırd tayfa başçılarını bir yerə yığaraq onlara əhali üzərinə 72 əlavə vergi qoyulduğu barədə verilən fərmanı elan etdilər. Məscidlərə və ibadət evlərinə qoyulan vergilər daha ağır idi. Bundan əlavə fərmana əsasən əhali məscidləri yalnız xrisitan kilsələrinin nümunəsi əsasında inşa etməli, ölüləri məscidlərə bitişik ərazilərdə basdırmalı idilər. Bundan əlavə müsəlman əhali nikaha girərkən kəbin kəsən mollanın yanında hökmən keşiş də olmalı idi. Əks halda bu fərmanı pozanlar ağır halda cəzalandırılacaqdılar. Fərmandan məqsəd əhalini bu yolla zorla öz dinindən əl çəkməyə məcbur etmək idi. Ona görə də, əhali dərhal ayağa qalxdı və üsyanlar bütün bölgəni bürüdü. Üsyana molla İsmaqil, Murza Abız və molla Abbas rəhbərlik edirdilər. Üsyançılar zorla xristianlaşdırmağa etiraz əlaməti olaraq kilsələri yandırır, keşişləri isə öldürürdülər. Hökumət üsyanı çox çətinliklə yatırda bildi. Amma bundan sonra hökumət xristianlaşdırma siyasətini müəyyən qədər ehtiyatla aparmağa başladı.

Zorla və şirnikləndirmə yolu ilə xristianlaşdırma davam edir

XVIII əsrin 30-cu illərindən başlayaraq hökumət yenidən Povoljye və Uralda yaşayan qeyri-rusları xristianlaşdırmaq üçün bəzi tədbirlərə əl atmağa başladı.

Bu məqsədlə çar Sviyajsk şəhərində “Yeni xaçsuyuna salma” (Novokreşenskuyu komissiyu) komissiyası təşkil etdi. 1740-cı ildə bu komissiya kontora çevrildi. Amma hökumət bu dəfə tatarları və bölgədəki digər qeyri-rusları xristianlaşdırmaq üçün şirnikləndirici vasitələrdən istifadə edir, o cümlədən xristianlığı qəbul edənlərə o dövr üçün kifayət qədər böyük hesab edilən pul verir və onları uzun müddətə vergilərdən azad edirdilər. Əvəzində xristianlığı qəbul etməyən müsəlmanlara qoyulan vergilər ikiqat artırılırdı. Məsələn, təkcə Sviyajsk əyalətində xristianlığı qəbul etməyən müsəlmanlardan əlavə olaraq 31 min 736 rubl vergi yığılmışdı. Bu o dövr üçün olduqca böyük rəqəm hesab edilirdi. Tarixçi tədqiqatçı A. N. Qriqoryevin araşdırmalarına görə, adı çəkilən kontor müxtəlif yollarla qeyri-rusların bir hissəsini, o cumlədən Povoljye və Uralda yaşayan müxtəlif xalqları xristianlığı qəbul etdirməyə şirnikləndirə bildi. A. N. Qriqoryevin yazdığına görə, kontor 400 min nəfər qeyri-rusun bu yolla xristianlığı qəbul etməsinə nail ola bildi. Ancaq pul alaraq üzdə dinindən dönən qeyri-ruslar, o cümlədən tatarların əksəriyyəti xəlvətdə öz dinlərinə etiqat etməkdə davam edirdilər. Bəzi tatarlar isə o dövrdə kontorun nümayəndələrini aldadaraq bir neçə dəfə xristianlığı qəbul edir və buna görə də müvaiq olaraq əlavə pul alırıdlar. Bunu biləndə isə kontorda iki dəfə xaçsuyuna salınmanın günahkarlarını cəzalandırmırdılar. Çünki, xaçsuyuna salınanların, yəni xristianlığı qəbul edənlərin sayının çox olmasının göstərilməsi kontorun daha böyük uğur qazanması demək idi. Həm də kontordakılar özləri də dinindən dönənlərin sayını çox göstərməklə külli miqdarda əlavə pul mənimsəmişdilər. Bundan xəbər tutan hökumət 1764-cü ildə maliyyə pozuntularına yol verdiyinə görə, kontorun fəaliyyətini dayandırdı. Ancaq kontor qarşısına qoyulan məqsədi uğurla yerinə yetirə bilmişdi. Bəzi tədqiqatçılara görə adı çəkilən kontor 400 min, bəzilərinə görə isə 800 min nəfərə yaxın qeyri-rusu pulla ələ ala və onlara xristianlığı qəbul etdirə bilmişdi. Ümumiyyətlə bununla əlaqədar gətirilən rəqəmlər müxtəlifdir. Bəzi tədqiqatçıların apardığı araşdırmalara görə həmin dövrdə, yəni 1741-1755-ci illərdə 335 min 789 nəfər tatar xaç suyuna salınmışdı. Buna paralel olaraq məscidlərin dağıdılması prosesi də sürətlə davam etməkdə idi. Yenə də həmin dövrdə qısa müddətdə Kazan uyezdində, Həştərxan və Sibir quberniyalarında hökumət tərəfindən 545 məscid yerlə-yeksan edilmişdi.

Hökumət əhalini şirnikləndirici yolla xristianlığı qəbul etdirməyə cəhd etməklə yanaşı, ehtiyatlı şəkildə məscidləri məhv etmək planını da həyata keçirirdi. Belə ki, yerli keşişlərin xahişi ilə 1742-ci il noyabr ayının 19-da Senatın verdiyi sərəncamla iki il ərzində Kazan quberniyasındakı 532 məsciddən 418-i tamamilə dağıdılmışdı. Hökumətin xristianlığı şirnikləndirici vədlərlə həyata keçirməsi və buna paralel olaraq məscidləri dağıtmaqda davam etməsi tatarlar arasında yeni həyəcanlara gətirib çıxarmışdı. 1748-ci ildə onlar buna qarşı yeni üsyanlara hazırlaşırdılar. Ancaq hökumət öz casusları vasitəsi ilə üsyan hazırlığından xəbər tuta bildi. Məlum oldu ki, Züyürək, Noqayskiy Dobromış, Yusupkino (indiki Almetyev rayonu, Tatarıstan), Zirəkli (e) (indiki Novoşeşmin rayonu, Tatarıstan) və onlara bitişik ərazilərdə yaşayan tatarlar üsyan qaldırmaq niyyətindədirlər və bu məqsədlə xüsusi plan əsasında silahlı dəstələr hazırlayırlar. Üsyançılar Kazan üzərinə yürüş etməyi planlaşdırmışdılar. Hökumət dərhal qabaqlayıcı tədbirlərə əl ataraq üsyan rəhbərlərini həbs etdi. Onların əksəriyyəti ölüm cəzasına məhkum edildi. Ancaq xristianlığı qəbul etmələri onların bəzilərini ölümdən xilas etdi. (İslayev F. Q. “Podmetnie pisma ili rassledovanie o tatarskom bunte”, səh 157-173.)

Müqavimətlər davam edir

1755-ci ildə müsəlmanlar Batırşanın rəhbərliyi altında zorla xristianlaşdırma əleyhinə yeni üsyan qaldırdılar. Onlar xristianlaşdırma siyasətinin dərhal dayandırılmasını tələb edir və buna cavab olaraq kilsələri dağıdırdılar. Bunu görən çar hökuməti növbəti üsyanlara yol verməmək üçün üsyanı yatırdıqdan sonra xristianlaşdırma siyasətini dəyişdirməyə məcbur oldu. Çünki artıq o vaxt Povoljye və Uralətrafı tatarların 80-85 faizi xristianlaşdırılmışdı. Necə deyərlər, xristianlığı qəbul edən tatarların hesabına rusların sayı 10-12 dəfə artmışdı.

Həmin dövrdə Ufa uyezdində xristianlığı əhaliyə başqa yollarla da qəbul etdirirdilər. Belə ki, 1737-1744-cü illərdə baş verən üsyanlar və aclıq dövründə hökumət məmurları başqırd və tatar uşaqlarını xristianlığı qəbul etməsi şərtilə rus mülkədarlarına satırdılar. Özü də bəzi hallarda aclıq çəkən əhali və üsyanın sıravi iştirakçları da öz günahlarını yumaq və üsyanda iştiraka görə cəzadan yaxa qurtarmaq üçün uşaqlarını mülkədarlara satmağa məcbur olurdular. Məsələn, 1737-ci ildə Kutuyevo (bu kənd hazırda Başqırdıstanın Çekmaquşev rayonunun Uybulatovo kəndinin tərkibindədir) kəndində yaşayan tatar Toyka İşmetev üsyanda iştirakına görə cəzadan yaxa qurtarmaq üçün 13 yaşlı oğlu Amanqul Toykini sahibkar Akinfi Demidova cəmisi 4 rubla satmışdı. (Rusiya dövlət qədim aktlar arxivi PQADA. F. 615. Op. 1. D.12206. P.44-46 ob)

Yenə də tarixçi alim P. Rıçkovun araşdırmalarına görə, 1735-1740-cı illərdə baş verən üsyanların yatırılması zamanı 2882 tatar və başqırd qadın rus mülkədarlarına verilmişdi. 1740-1745-ci illərdə rus mülkədarlarına daha 6309 tatar və başqırd qadın qul kimi satılmışdı. (Vitevski B.N. İ.İ. Neplyuyev və Orenburq ölkəsi (İ.İ Neplyuyev i Orenburqskiy kray) Kazan, 1897,cild 1, səh 172).

Onların hamısını öz köklərindən ayırmaq məqsədi ilə vətənlərindən xeyli uzaqlara aparırdılar. Amma onlar da hər vasitə ilə qaçaraq geriyə, doğma vətənə can atırdılar. Məsələn, Tobolsk quberniyasına göndərilən və xristian dinini qəbul edən tatar və başqırdlar qaçaraq yenidən Ufaya geri dönmüşdülər. Onlar burada yenidən öz dinlərinə-İslama qayıtmışdılar. Buna yol verməmək üçün isə hökumət ən sərt tədbirlərə əl atırdı. Belə ki, xristianlığı qəbul edən, ancaq sonradan yenidən İslama qayıdan tatar və başqırdlar diri-diri tonqalda yandırılırdılar. Məsələn, 1738-1740-cı illərdə başqırd Toygildə Julyakov və İsayev yenidən İslam dininə qayıtdıqları üçün camaatın gözü qabağında tonqalda yandırılmışdılar. Amma zorla xristianlaşdırmadan şikayət o qədər çox idi ki, Senat bununla əlaqədar 1751-ci ildə Orenburqda xüsusi komissiya yaradılması barədə sərəncam verdi. Komissiyaya tapşırılmışdı ki, zorla xristianlığın qəbul etdirilməsi ilə bağlı məsələni araşdırsın. Komissiyanın araşdırması zamanı məlum oldu ki, bununla əlaqədar çoxlu sayda pozuntular var. Belə ki, 1745-ci ildə Kazandakı 9495 nəfərdən 18-i məcburi şəkildə xaç suyuna salınmışdı. Sviyajskda isə 1913 tatardan 1-i, Sibirdəki 15224 tatardan isə 395-i məcburi surətdə xaç suyuna salınmışdı. Penzada 5818 müsəlman dövlət quluqçusundan 282-sini, Saranskda isə 3478 nəfər müsəlman dövlət qulluqçusundan 223-nü məcburi şəkildə xaç suyuna salmışdılar. (PQADA.F.248.Op. 14. Kn.805. L.547 ob.-548).

Həmin dövrdə bir çoxları zorla xristianlaşdırılmaqdan yaxa qurtarmaq üçün müxtəlif bölgələrə qaçmağa üstünlük verirdilər.

Əziz Mustafa

BIR CAVAB BURAXIN