Soyqırım dəhşətlərinə məruz qalan xalq: Tatarlar (3) /Əziz MUSTAFA

0
607

11

Tatarların kütləvi şəkildə qətlə yetirilməsi və soyqırımına məruz qoyulması həmin dövrdə bu xalqın tədricən assimilyasiyaya uğrayaraq ruslaşmalarına gətirib çıxardı. Tatarlar tədricən “yeni rus”lara çevrildilər. Günümüzdə məşhur tatar tarixçisi Fauziya Bayramovanın yazdığına görə, Həştərxan, Povoljye, Ural, Qazaxıstan, Altay, Sibir də daxil olmaqla Vladivostoka qədər uzanan ərazilərdə yaşayan rusların 60-70 faizi antropoloji baxımdan müxtəlif türk etnoslarını xatırladır və onların hamısı vaxtı ilə xristianlaşmağa məruz qalan tatarların və digər türk etnoslarının qalıqlarıdır. Fauziya Bayramovanın tatar və digər türk etnoslarının zorla xristianlaşadırılaraq ruslaşdırılması barədə dediklərini tarixi faktlar da sübut edir.

Tatarların yeni soyqırım faciəsi-xristianlaşdırılma və ruslaşdırma

Kazanın alınması zamanı orada yaşayan 150 minə yaxın tatarı amansızcasına qılıncdan keçirəndən sonra ruslar bölgədə yaşayan müsəlman tatarlar arasında özlərinə dayaq axtarmaq üçün onları zorla xristianlaşdırmağa başladılar. Bu məqsədlə Kazanı işğal edən ruslar orada öz yeparxiyalarını yaratdılar və dərhal bölgəyə xristian missionerlər axışmağa başladı. Kazanın alınması zamanı oradakı məscidləri və müqəddəs ziyarətgahları dağıdaraq yerlə-yeksan edən ruslar Kazanın müdafiəsinə qəhrəmancasına rəhbərlik edən və ağır yaralı halda ələ keçirilən sonuncu Kazan xanı Yedigarı belə dinindən dönməyə məcbur etməyə çalışırdılar. Belə ki, ruslar bütün şəhər əhalisindən sağ saxladıqları yeganə adamı, əsir sərkərdə və sonuncu Kazan xanı Yedigarı alçalda-alaçalda, təhqir edə-edə ona zorla xiristianlığı qəbul etdirməyə cəhd edirdilər. Yedigar 1553-cü ilin yanvar ayına kimi bu təhqirlərə və ona verilən qeyri-insani işgəncələrə dözərək xristianlığı qəbul etməkdən imtina etdi. Ancaq sonuncu Kazan xanına verilən işgəncələr o qədər ağır idi ki, buna normal insanın dözməsi mümkün deyildi. Yedigar ağır işgəncələrə tab gətirməyərək dəfələrlə bayılmış, huşunu itirmişdi. Ancaq hər dəfə də bundan sonra ona bir müddət özünə gəlməsinə imkan verir, bir az səhhəti yaxşılaşan kimi cəlladlar ona verdikləri işgəncələri yenidən bərpa edirdilər. Nəticədə uzun sürən aramsız işgəncələr və fiziki cəhətdən yararsız adam halına salınan, artıq məntiqi cəhətdən düşünmə qabiliyyətini itirən və zombiləşərək nə etdiyini özü də bilməyən bu cəsur insanı- Yedigarı döyə-döyə 1553-cü ilin yanvar ayında xristianlığı qəbul etməyə məcbur etdilər. Xristianlığı qəbul etmədiyinə görə Yedigara ağlagəlməz işgəncələr verildiyini və ona döyə-döyə xristianlığı qəbul etdirdiklərini görərək bundan qorxuya düşən digər keçmiş Kazan xanı Utamış Girey könüllü şəkildə xristianlığı qəbul etdi. İvan Qroznı tatarların növbəti dəfə ruslar əleyhinə çıxmasının qarşısını almaq və öz dövlətlərini bərpa etməsinə imkan verməmək üçün ilk növbədə onların elitasını hədəfə götürdü. Kazan alınandan sonra əsir götürülən tatar xanları və feodalları, iri torpaq sahibləri Rusiyanın içərilərinə monastırlara göndərildi. Onları burada xüsusi həbs otaqlarında saxlayır və zorla xristianlığı qəbul etdirməyə çalışırdılar. Xristianlığı qəbul etmək istəməyən tatar zadəganlarını soyuq su ilə dolu vannalara atır və huşlarını itirənə kimi orada saxlayırdılar. Nəticədə bu dəhşətli işgəncələrə dözə bilməyən tatar zadəcanlar xristianlığı qəbul etməyə məcbur olurdular. Nətcədə bir vaxtlar rus zülmünə qarşı çıxaraq xalqı onlara qarşı mübarizəyə səfərbər edən müsəlman tatar zadəganları tədricən xrisitanlığın pravoslav məzhəbini qəbul edərək dillərini, dinlərini itirməyə və ruslaşmağa başladılar. Buna paralel olaraq xristianlığı qəbul etməyən tatar feodolları, iri torpaq sahiblərinin hüquqları azaldılır, onlara xristianlığı qəbul edən tatar kəndliləri üzərində sahiblik etməyə imkan vermirdilər. 1622-ci ildə çarın fərmanı ilə bu məsələ qanuniləşdirildi. Fərmana əsasən müsəlman tatar feodolların xrisitanlığı qəbul edən tatar kəndlilər üzərində ağalıqları məhdudlaşdırılmışdı. 1628-ci ildə çar tərəfindən imzalanan digər bir fərmanla isə tatar feodollar xaç suyuna salınan tatar kəndliləri üzərində daha ağalıq edə bilməzdilər. Tatar feodolları zorla xristianlaşdırmaya qarşı çıxır və bundan hətta çara şikayət belə edirdilər. Belə ki, 1648-ci ildə Muratkabıl Şemyakov Blaqoveşensk soborunun baş keşişi, protopop Stefandan çara şikayət etdi. Şikayət ərizəsində o bildirdi ki, keşiş müsəlman tatarlara işgəncələr verərək onlara bu yolla xristianlığı qəbul etdirməyə çalışır. Çar bunu nəzərə alaraq kağız üzərində də olsa zorla xristianlaşdırmama barədə fərman verdi. Ancaq bu fərman həyata keçirilmədi. Fərmandan sonra tatarların zorla xristianlaşdırılması prosesi daha ağır şəkildə həyata keçirildi. 1649-cu ildə isə o vaxtkı Romanovun ətrafında xidmət edən, ancaq hələ də müəyyən qədər müsəlmanlıqlarını qoruyub saxlayan və Romanov tatarları adlandırılan tatar feodolları zorla xristianlaşdırıldılar. 1675-ci ildə Romanovların xidmətində olan və yüksək vəzifələr tutan tatarların böyük əksəriyyəti məcburi şəkildə xristianlığı qəbul etdilər. Nəticədə Rusiyanın zadəgan elitasında tatar soyadlı yüksək vəzifə tutan dövlət rəsmiləri peyda oldu. O vaxtkı Rusiyanın ali elitasında Akmamıkov, Akçurin, Bazitov, Burkatov, Bayçikov, Zelenin, İqlikov, Kleuşev, Syukeşev, Syunçalayev, Tazov, Tarberdıyev, Yusupov, Kutumov, Şeydyakov kimi tatar soyadlı adamlar peyda oldu. Onlar dövləti ruslardan daha ağılla və sədaqətlə idarə etdiklərinə görə də çarın yanında xüsusi etibar sahibləri idilər. Amma çarın ətrafında ona sədaqətlə xidmət edən və xaç suyuna salınan tatar zadəganlarının soylarına mənsub bəzi adamlar, o cümlədən Yusupovlar, Kutumovlar, Akmurzalar, Şeydyakovlar və digərləri öz dinlərində islamda qalmaqda davam edirdilər.

Tatarların xristianlaşdırılması ilə bağlı yeni fərmanlar

1681-ci il may ayının 21-də də çar tərəfindən imzalanan digər bir fərmanla yüksək vəzifələr tutan və xristianlığı qəbul etməyən bütün tatar zadəganları mülklərindən məhrum oldular və onları vəzifələrindən çıxardılar. Fərmana əsasən yerlərdəki hakimiyyət nümayəndələri kənd-kənd gəzərək çarın fərmanını elan edir və 1682- ci il fevral ayının 15-nə kimi xristianlığı qəbul etməyən bütün tatar feodolların mülklərinin əllərindən alınacağı barədə xəbərdarlıq edirdilər. Bunun da nəticəsində tatar feodalların digər hissəsi də məcburi qaydada xristianlığı qəbul etməyə məcbur oldular. Tatar kəndlilərini də xrisitanlaşdırmaq üçün müxtəlif metodlardan istifadə edirdilər. Xristianlığı könüllü şəkildə qəbul edən sadə tatarlara müəyyən güzəştlər edir, onların üzərindəki vergiləri azaldırdılar. Xristianlığı qəbul etməyərək, dinindən dönməyən sadə tatar kəndlilərini ya zorla işgəncələrlə dinindən dönməyə məcbur edir, ya da bu da nəticə verməyəndə onların üzərinə ağır vergilər qoyur, qışa hazırlıq üçün nəzərdə tutulan taxıllarını, ərzaq məhsullarını zorla əllərindən alır və beləliklə də onları aclıqdan və xəstəlikdən ölümə məcbur edirdilər. Tatarların zorla və məcburən xrisitanlaşdırılması ilə bağlı ən sərt fərmanlardan biri də I Pyotr tərəfindən verildi. 1713-cü il noyabr ayının 3-də verilən fərmana əsasən Kazan və Azov quberniyalarında dövlət qulluğunda olan və qeyri xristian dininə xidmət edən bütün vəzifə sahibləri məcburi qaydada xristianlığın pravoslav məzhəbini qəbul etməli idilər. Fərmana görə, islam dininə xidmət edən və mülk sahibi olan müsəlman feodan əhali ilə birlikdə xaç suyuna salınmalı idilər. Bunun üçün onlara yarım il vaxt verilirdi. Həmin il noyabr ayının 27-də verilən digər fərmanla yerli məmurlara göstəriş verildi ki, artıq vaxt gözləmədən dinini dəyişməyən bütün tatar feodalların mülkləri müsadirə edilsin və onların tabeliyində olan kəndlərdə xristianlığın məcburi qaydada qəbul edilməsi üçün müvafiq tədbirlər həyata keçirsinlər. Nəticədə Kazan və Azov quberniyalarında xristianlığı qəbul etməyən minlərlə tatar feodalın mülkləri və kəndliləri əllərindən alındı. 1715-ci ildə verilən digər bir fərmanla isə xristianlığı qəbul etməyən bütün müsəlman tatar feodalları yaşadıqları evlərindən və zadəgan hüquqlarından məhrum edildilər.

Əziz Mustafa

BIR CAVAB BURAXIN