Soyqırım dəhşətlərinə məruz qalan xalq: Tatarlar (1)/Əziz Mustafa

0
506

Türk xalqları arasında tatarlar tarix boyu yenilməz qəhrəmanlıqları, sivil cəmiyyət və dövlət qurucuları olmaları ilə fərqlənmişlər. Bizim eramızdan əvvəl 8-ci əsrdə müasir Tatarıstanın ərazisində Çini özünə bac-xərac verməyə məcbur edən və olduqca döyüşkən tayfalardan biri olan köçəri hunlar yaşamışlar. Məhz onlar digər türk tayfaları ilə birgə müasir tatarların etnik soykökünün formalaşmasında iştirak etmişlər. Orta əsrlərdə isə (8-ci əsr) Tatarıstanın ərazisində Voljsk Bulqar dövləti- Bulqariya quruldu. 13-cü əsrdə monqol işğalına qədər Bulqar dövləti o dövr üçün olduqca yüksək hesab edilən bir sivilizasiya qurmuşdu və nəinki bölgədə, həm də Avrasiya məkanında ən inkişaf etmiş dövlətlərdən biri hesab edilirdi. Qeyd edək ki, bulqarlar indiki tatarların əcdadlarıdırlar və bu gün tatarlar fəxrlə özlərini Bulqar sivilizasiyasının varisləri adlandırırlar. 13-cü əsrdə monqol işğalından sonra Tatarıstan (Bulqar dövləti) Çingizxan imperiyasının tərkibinə daxl edildi. İmperiya dağılandan sonra isə Tatarıstan Qızıl Ordanın tərkibində qaldı. Qızıl Orda xanlığının tənəzzül keçirməsindən istifadə edən Kazan xanı Ulu Məhəmməd 1448-ci ildə ölkəsinin müstəqilliyini elan etdi və Kazan xanlığının əsasını qoydu. Bu dövlət keçmiş Bulqar dövlətinin əhatə etdiyi əraziləri özündə cəmləşdirmişdi. Onun ərazisi müasir Sibir və Ural da daxil olmaqla indiki Moskva ətrafına və Xəzər sahillərinə qədər uzanırdı. Mövcud olduğu 100 il ərzində Kazan xanlığı o dövrdə yenidən Avrasiyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevrilə və yüksək sivilizasiya qura bilmişdi. Xüsusi ilə ölkənin ana şəhəri olan Kazan kilometrlərlə uzaqlardan öz gözəlliyi ilə onu görənləri özünə valeh edirdi. O dövrdə bir vaxtlar əsasən Qızıl Orda xanlarının vergi toplayanlarının mərkəzi kimi tanınan Moskva yavaş-yavaş güclənməkdə idi. Moskva knyazlığı qonşuluğundakı Kazan xanlığının bu yüksəlişinə həsəd aparır və onu ələ keçirmək üçün müxtəlif cəhdlərə baş vururdu. Bu məqsədlə Moskvada məskunlaşan və əsasən tatarlardan ibarət olan və dinini dəyişərək tədricən assimilyasiyaya uğrayaraq ruslaşan Qızıl Orda vergiyığanları varlanmaq üçün Kazana can atırdılar. Bu məsələdə ətrafdakı rus adlanan müxtəlf xalqların tör-tökülüntüləri ilə qaynayıb qarışan və “yeni ruslara” çevrilən tatarlar Kazan xanlığının daxili işlərinə qarışmağa başlamışdılar. Onlar Kazan xanlığının daxilində taxt-tac uğrunda mübarizədə bu və ya başqa bir varisə dəstək verərək onlar arasında toqquşmalar salırdılar. Nəticədə başı daxili çəkişmələrə qarışan Kazan xanlığı xaricdən gələn təhlükə qarşısında aciz qalmışdı. Bundan istifadə edən Moskva knyazlığı 1467-ci ildə Kazan üzərinə yürüşə çıxdı və orada hakimiyyətə öz adamı olan Qasımı gətirdi. Bundan sonra da daxili çəkişmələrdən istifadə edən Moskva knyazları Kazan xanlığının daxili işlərinə qarışmaqda davam edirdilər. Lakin 16-cı əsrdə Kazanı Girey xanları sülaləsinin nümayəndələri idarə etməyə başladılar və bundan sonra xanlıq möhkəmləndi. 1521-ci ildə Kazan xanı Sahib Girey Krım xanı Məhəmməd Girey ilə birgə Moskva üzərinə yürüşə çıxdılar. Onlar Nijneqorodu, Muromu, Klini, Meşeri, Kolomnanı və Vladimiri ələ keçirdilər. Bundan sonra 1545-ci ilə kimi Kazan xanları Moskva üzərinə 40 dəfə yürüş etdilər. Amma onu da deyək ki, 1445-ci ildən başlayaraq Kazan xanlığı da ruslardan müdafiə olunmuşdu. Kazan xanlığının mövcud olduğu 114 il ərzində Moskva ilə aralarında 12 irimiqayslı müharibə baş vermişdi. Bunun 7-ni Moskva knyazları, 4-nü Kazan xanları, birini isə Qızıl Orda başlamışdı. Kazan xanları da onda Qızıl orda xanına hərbi yardım etmişdirlər. Lakin Moskva knyazlığında İvan Qroznının hakimiyyətə gəlməsindən sonra vəziyyət dəyişdi. İvan Qroznı Moskva knyazlığının möhkəmləndirilməsi üçün Kazan xanlığını məhv etməyi və onun əsasında yeni imperiyanı formalaşdırmağı qərara aldı. XVI əsrin 40-cı illərindən başlayaraq İvan Qroznı üç dəfə Kazan üzərinə hücum etdi. Ancaq onlardan ikisi uğursuz nəticələndi və o biabırçı şəkildə məğlub olaraq geri çəkilməyə məcbur oldu. Amma 1552-ci ilin avqust ayında İvan Qroznı yenidən bütün qüvvələrini toplayaraq 150 min nəfərlik ordu ilə Kazan üzərinə hücum etdi. Həmin dövrdə Kazan özünün ən çiçəklənən dövrünü yaşayırdı. Kazanda yüzlərlə məscid, arxitektura baxımından o dövr Avropasının həsəd apara biləcəyi minlərlə ictimai, mədəni binalar, mədrəsələr, yaşayış kompleksleri vardı. Elm, təhsil səviyyəsinə görə Kazan Avrasiya məkanının ana şəhərinə çevrilmişdi. Tarixi sənədlərə görə, İvan Qroznının hücumu ərəfəsində Kazanda 150 min nəfərə yaxın adam yaşayırdı. İvan Qroznının 150 min nəfərlik ordusuna qarşı Kazan xanı Yedigar 30 min nəfər çıxara bilmişdi. İlkin mərhələdə tatarlar İvan Qroznının komandanlıq etdiyi orduya güclü zərbələr endirərək onu geri çəkilməyə məcbur etdilər. Amma qüvvələr qeyri-bərabər idi. İvan Qroznıya arxadan yardım gəldiyi halda Kazan xanlığı belə bir yardımdan məhrum idi. Bu da tədricən öz sözünü deməyə başladı. Kazan düşmənə 41 gün müqavimət göstərə bildi. 1552-ci il oktyabr ayının 15-də düşmən ağır döyüşlərlə Kazana daxil ola bildi. İvan Qroznı Kazanda bir nəfərə də aman verməməyi, hamını, bütün canlıları qılıncdan keçirməyi əmr etmişdi. Rusların Kazanda törətdiyi vəhşiliklər ö dövrdəki tarixi salnamələrdə öz əksini tapmışdı. Bu tarixi sənədləri oxuyarkən kazanlıların başına gətirilənlərdən insanın damarlarında qanı donur. “Şəhərə daxil olan rus əsgərləri tərəfindən qadınlar, qızlar, qocalar, uşaqlar, əlsiz- ayaqsızlar vəhşicəsinə öldürülürdü. Yaralı halda ələ keçirilən Kazan xanı Yedigar istisna olmaqla şəhərin bütün əhalisi son nəfərinədək məhv edildi… Öldürülənərin içində çoxlu sayda qadın və uşaq vardı. Sağ qalan qadınlar İvan Qroznının əmri ilə əsgərlərə verilmişdi. Onlar qadınları təhqir edir, ələ salır, sonra da öldürürdülər… Şəhər yanan böyük bir tonqalı xatırladırdı. Hər yer od içində idi. Küçələrdə meyitlər dağ kimi yığılmışdı və nəticədə birindən digərinə keçmək olmurdu. Qan sel kimi axırdı.” (M Xudyakov. “Oçerki po istorii Kazanskoqo xanstvo” Moskva, “İnsan” 1991)

Kazan alınandan sonra İvan Qroznı şəhərə daxil olmaq istəmişdi, ancaq bu asan olmamışdı. Əsgərlər çox çətinliklə kiçik bir küçəni meyitlərdən təmizləyə bilmişdilər.

“Kazan alınan zaman oradakı əhalinin dəhşətli şəkildə qətlə yetirlməsi rus tarixinin ən qanlı səhifələrindən biridir. Belə böyük həcmdə qekatomboyun (əvvəlcədən planlaşdırılmış şəkildə saysız-hesabsız insanların öldürülməsi) -insan tələfatının tarix şahidi olmamışdı. Kazanın işğalı yeni xaç yürüşü idi. Dəhşətli qırğınlarla xrisitanları sevən və onlara hörmətlə yanaşan cəsur Kazan xanlığının varlığına son qoyan ruslar bununla da özgə torpaqlarını işğal siyasətinə başladılar”. (M. Xudyakov “Oçerki po istorii Kazanskoqo xanstvo”)

Ruslar Kazanda nəinki insanlara rəhm etmədilər, həm də hətta tarixi baxımdan əvəzsiz əhəmiyyətə malik olan və dünya memarlıq sənətinin inciləri hesab edilə biləcək arxitektura abidələrini, minarələri minlərlə metr uzaqlardan günəş altında bərq vuran və gözəlliyi ilə insanı özünə valeh edən məscidləri, əvəzsiz sənət incisi hesab edilən Kazan Kremlini, xan saraylarını, ictimai binaları tamamilə məhv etdilər. Hətta şəhərə daxil olan ruslar o dövrdə dünya sivlizasiyasının ən zəngin kitabxanalarından olan və arxitektura baxımından inci hesab edilən Kazan kitabxanasını belə odlara qaladılar. Nəticədə min illərin tarixi mənbələrini, ədəbiyyatı, incəsənəti, elm və mədəniyyəti özündə cəmləşdirən bu kitabxanadakı bütün qədim və o dövrə aid olan kitablar, qiymətli sənədlər məhv oldu. Bununla da nəinki tatar xalqının, həm də dünya mədəniyyətinin əvəzsiz əhəmiyyətə malik kitabları bəşəri sivilizasiya üçün həmişəlik itirilmiş oldu.

Mübarizə davam edir

Lakin tatarlar düşmənə müqavimət göstərməkdə davam edirdlər. 1553-cü ildə Kazandan 70 verst (1 verst 1060 metrdir) aralıda olan Meşə cayı ətrafında Canseyid və Sarı Batırın başçılığı altında işğalçılara qarşı ilk üsyan baş verdi. Üsyançılar çay ətrafında Meşə-Tamak qalasını tikərək buradan işğalçılara zərbələr endirməyə başladılar. Sviyajask qalasından onlara qarşı cəza dəstələri göndərildi. Lakin üsyançılar B. Saltıkovun rəhbərlik etdiyi cəza dəstəsinin 200 nəfərini məhv etdilər, onun komandanı da daxil omaqla 200 nəfəri də əsir aldılar. Bunun ardınca Volqa çayının sağ sahilindəkı Çalım qalasında üsyan baş verdi. Üsyana Mamış-Berdı başçılıq edirdi. Üsyançılar Kazan xanlığının bərpa edildiyini bəyan edərək hakimiyyətə keçmiş Kazan çariçası Suyumbəyin qardaşı Murza Əli Əkrəmi çıxardılar.

Üsyandan qorxuya düşən İvan Qroznı onlara qarşı D. Adaşevin komandanlığı altında 30 min nəfərlik əsgər göndərdi. Sonra knyaz S. Mikulinkinin, İ. Şeremetyevin, P Morozovun və A. Kurbskinin komandanlığı altında əlavə 40 min nəfərlik ordu da üsyançıların üzərinə göndərildi. Onlara bütün üsyançıları və onlara yardım edən əhalini son nəfərindək məhv etmək tapşırığı verilmişdi.

Əziz Mustafa/

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

14 + 3 =