Müsahibim əslən Gəncə şəhərindən olan, öz istedadı ilə bütün ölkədə və ölkə hüdudlarından kənarda özünü talantı və istedadı sayəsində tanıdan, komediya seriallarında maraqlı obrazlar yaradan, mehriban, gülərüz, sevimli rejissor və aktyor Ramin Hacıyevdir.
Ramin Hacıyev 1976-cı ildə Gəncədə anadan olmuşdur. 1983-1994-cü illərdə 18 saylı orta məktəbi, 1995-2000-ci illərdə Qafqaz Universitetinin “Biznes üzrə menecer” fakültəsini, 2000-2002-ci illərdə Türkiyənin İstanbul Kültür Universitesinin “Cinema Academy”nin Kinorejissorluğunu bitirmişdir. Bir neçə layihənin rejissoru və müəllifidir.
Müsahibimin maraqlı açıqlamalarını sizlərə təqdim edirəm.
Ramin bəy niyə məhz bu sənəti seçdiniz? Nə idi bu sənətə sizi sövq edən?
– Bilirsiniz, kino rejissorluğu uşaq yaşlarımdan mənimçün o qədər maraqlı idi ki, ona görə də mən kino rejissorluğunu seçmişəm. Çünki uşaq yaşlarımdan bu sahəyə sevgi vardı içimdə.
Niyə həmişə komedik seriallar çəkirsiniz?
– Komedik seriallar ona görə çəkirəm ki, rejissor həmişə çalışır ki, daxilində nə var onu çəksin, ekrana qoysun. Mən də bir az yumora yaxın adam olduğum üçün həmişə komediyaya üstünlük verirəm. Mən özümü dram janrında görmürəm. Ancaq ola bilər ki, gələcəkdə dram janrında bir film çəkim. İndi bununla bağlı heç bir fikrim yoxdur. Dram janrında hər hansı bir film çəkmək üçün özümü hazır hiss etmirəm.
Bəs heç qorxulu film çəkmək barəsində düşünmüsünüzmü?
– Qorxulu filmlər həmişə mənimçün komedik xarakter daşıyıbdır, heç vaxt qorxulu filmlər izləyib qorxu, həyəcan hissi keçirtməmişəm, əksinə, gülmüşəm. Yəni qorxulu filmə baxıb qorxmamışam, həmişə də gülmüşəm. Ona görə də qorxulu film çəkmək barədə fikrim yoxdur. Ola bilər ki, nə vaxtsa olsa, komediya janrında ola bilər qorxulu film.
İki qız övladınız var, Allah saxlasın. Kiçik qızınız Vəsilə Hacıyeva idmanla məşğuldur. Bir valideyn kimi övladlarınızın sənət seçiminə müdaxilə edirsiniz, yoxsa hər zaman dəstəkləyirsiniz?
– Uşaqlara mən heç vaxt müdaxilə etmirəm, amma çalışıram onları yönləndirim, onlara yaxın olan bir sahəyə, sənətə. Balaca qızım idmanı seçmişdi, seçimi də lap gözəl, qoy elə idmanla məşğul olsun. Əgər bu professional şəkildə olacaqsa, istəyəcəksə olacaq, istəməyəcəksə olmayacaq. Həmişə onlara dəstək olmağa çalışmışam.
Ramin bəy, hansı anda 180 dərəcə dəyişə bilərsiniz?
– 180 dərəcə heç vaxt dəyişmirəm, həmişə olduğum kimi qalıram. Mən real həyatda çox səmimi insanam, nə var içimdə, üzdə də odur. Amma 180 dərəcə dəyişmək məndə olmayıb, yadıma gəlmir.
Sizcə aktyor olub oynamaq çətindir, yoxsa rejissor olub çəkmək?
– Aktyor olub oynamaq düşünmürəm ki, çətin olmalıdır, əziyyətli ola bilər sadəcə. Ancaq aktyorsansa hər əziyyətə qatlanmalısan, işinin öhdəsindən layiqincə gəlməlisən, nə qədər çətin olsa da. Ancaq rejissor olub oynamaq, düşünürəm ki, bir az çətindir. Ona görə ki, mən özüm oynayanda hər zaman kameraların necə duracağını, işığın harda düşəcəyini, harda gedib, harada dayanacağını düşünürəm deyə ürəklə heç zaman oynaya bilməmişəm. Bir də xüsusi vurğulayım ki, gərək özüm bildiyim qədər, özüm düşündüyüm qədər bir rejissor olsun ki, mən ona özümü tam həvalə edə bilim, bir aktyor kimi.
İzləyicilər çəkdiyiniz seriallarla bağlı hansı yenilikləri gözləsinlər?
– Xəzər televiziyasında yayımlanan seriallarımızdan “Xalxın evi” serialında yeniliklər olmalıdır. Belə ki, bizdə bu serialda bir obraz var, Güdaz obrazı. Onun gənc yaşlarında Ukraynadan sevdiyi bir İra adlı qız var idi, çox güman ki, önümüzdəki bölümlərdə bu hadisə baş verəcək . “Ay yay, yay” serialında isə mənim özüm də oynamağı düşünürəm. Bu serialda da müxtəlif cür obrazlarla çıxış etdim ola bilsin, ancaq hələ tam dəqiq deyil.
Bağışlaya bilmədiyiniz nədir?
– İnanmıram ki, bağışlaya bilmədiyim bir hadisə ola. Belə bir halla qarşılaşmamışam, qarşılaşmaq da istəmirəm. Hər halda isə bağışlaya bilməyəcəyim tək şey vardırsa, o da təbii ki, xəyanət olar. Xəyanəti bağışlamaram.
Dediniz ki, rejissor daxilindəki duyğuları ekranda sərgiləyir. Bəs siz daxilinizdəki bütün komedik duyğuları daşıya bilirsinizmi ekrana?
– Hər halda bəli. Rejissorun çəkib təqdim etdikləri də bir növ öz xarakterini səciyyələndirir. Həyatda komik insanam, hər halda bunu bacarıram. Yəni ekrana, izləyicilərə ötürmək istədiyimi, düşünürəm ki, ötürə bilirəm.
Qorxulu filmlərin sizdə qorxu təsiri yaratmamasıyla bir növ rejissorları da tənqid etdiniz məncə. Ya da belə deyək, qorxulu filmləri çəkən rejissorlar da onda sizin çəkdiyiniz komedik seriallara baxıb qorxmalıdırlarmı?
– Mən qorxulu filmlərə baxıram, gülürəm, bu artıq mənim öz xasiyyətimdən asılıdır. Bununla bağlı heç kimi tənqid etmirəm. Və bu o demək deyil ki, kimsə mənim serialıma baxıb qorxmalıdır. Bunlar başqa-başqa şeylərdir.
Qorxulu filmlərdən biri də “Xənnas” olub, yəni daha doğrusu birincisi və ondan sonra belə bir film çıxmayıb mistika janrında. Və o film olduqca gözəl filmdir, ancaq mənə qorxu təsiri eləməyib. Və mən qorxmuram elə filmlərdən.
Siz də bəzi media əhli kimi övladlarınızın aktrisa və ya müğənni olmasına qarşı çıxardınızmı? Ümumilikdə bu düşüncələrə fikriniz nədir? Niyə şou əhli öz övladlarını uzaq saxlayırlar, pisdirsə özlərinin bu aləmdə nə işi var?
– Mənim öz övladlarımı şou-biznesdən uzaq saxlamağımın səbəbi odur ki, uşaqların özlərinin öz fikri var. Başqa yöndə, başqa səmtdə oxuyurlar, maraqları başqadır, ona görə. Şou-biznesdə ümumiyyətlə, pis heç nə görmürəm. Həm də mən özüm şou-biznesin içində deyiləm, şou-biznesdən də uzağam. Mən özüm şou-biznesdə olmaq istəmirəm. Mən serial və film biznesindəyəm.
“Ay yay, yay” serialında oynasanız, bu dəfə hansı obrazla çıxış edəcəksiniz?
– “Ay yay, yay” serialında oynamaq fikrim var, amma ssenari müəllifləri məni hansı obrazda necə görsələr, elə də oynayacağam. Bu bizim əsas baş redaktor Səbuhi Bayramovdan asılıdır, Azər Səlimi, Elsevər Mehdizadə, Araz Atakişiyev, Fuad Ağamalıyev, Tərlan Nuryaşar-bunlar bizim ssenaristlərimizdir. Hansı obrazda məni görsələr oynayacağam, əgər görsələr, görməsələr yox.
Bu yaxınlarda Space televiziyasında Elçin Əlibəylinin təqdimatında “El bizim, sirr bizim” verilişində də bunu müzakirə etdik. İndi də bu sualı mən sizə vermək istəyirəm. Sizcə tamaşaçı nə istəyir, istədiklərini bir rejissor kimi çəkib göstərə bilirsinizmi?
– İstəyir mən çəkdiyim serial, istəyir başqa bir rejissorun çəkdiyi seriallar, fərq eləməz, ümumiyyətlə, prodakşn serialı Azərbaycan telekanallarında nümayiş olunan seriallar Azərbaycan tamaşaçısının zövqünü oxşamağa çalışır. Yəni hansına maraqla baxılırsa, deməli tamaşaçı onu istəyir. Hansı az baxılırsa deməli, az kütlə onu istəyir. Və tamaşaçının zövqü, istəyi, marağı seriallarımızda əks olunur. Başqa cür olarsa baxılmaz, ümumiyyətlə, baxılmaz. Baxılırsa deməli, zövq budur. Daha maraqlı, daha başqa bir şey olsa, tamaşaçı baxsa, sevsə, lap yaxşı. Nağd olaraq hal-hazırda 2018-ci ildən maraq bunlardır.
Müəllif: Günay Fuadqızı