Sokratı nədə günahlandırdılar?

0
1002

“İnsana özünü tanı” söyləmək onun qürurunu qırmaq demək

deyil. Əksinə bu, onun özünün dəyərini daha

dərindən dərk etməsi üçündür” (Siseron).

Tarixin bütün dövrlərində öz mənafelərini qorumaq üçün haqqı nahaqqa qurban verənlər, şəxsi maraqları naminə doğmalarını belə satmağa hazır olanlar olub. Onlar özlərini cəmiyyətdə ağıllı adam kimi göstərməyə cəhd etsələr də, haqdan, ədalətdən danışsalar da, daxilləri fitnə-fəsad yuvası olublar. Onlar özlərini kimlərinsə günahına batırmaqla gələcək faciələrinin əsasını qoyublar. Buna görə də, tarixdə həmişə daxilləri fitnə-fəsad yuvası olanlar deyil, fitnə-fəsad qarşısında geri çəkilməyənlər (hətta lazım gəlsə bunun uğrunda ölümə gedənlər) qalıblar və özlərindən sonra şərəfili bir iz qoyublar. Bu baxımdan dünyada insanın özünü tanımasından və dərindən dərk etməsindən çətin və mürəkkəb bir iş yoxdur. Bəlkə buna görə də, insanı kəşf edilməmiş bir kainata bənzədənlər yanılmırlar. Məsələn, alimlərin son tədqiqatları göstərir ki, insan ona Allah tərəfindən verilən fizioloji və bioloji imkanların ancaq bir neçə faizindən istifadə edir. Bununla bağlı tanınmış filosoflar arasında qədim dövrlərdən başlamış günümüzə qədər bu məsələyə fərqli müstəvilərdən yanaşılır. Bu çərçivədə insanın bütün yaradılmışların ən mükəmməli olduğunu irəli sürənlər də, onun geneoloji strukturunda qana hərislik olduğunu iddia edənlər də var. Amma qədim dünyanın ən tanınmış filosoflarından olan Sokratın min illər bundan əvvəl söylədikləri günümüzdə də öz əhəmiyyətini qoruyub saxlamaqdadır. Sokrat insana münasibətdə: “Heç bir insan dərindən dərk edərək kiməsə pislik etmir. Pislik etmək insanın özünün-özünü dərindən tanımamasından və dərk etməməsindən irəli gəlir”, – deyir. Ona görə də Sokrat heç bir günahı olmadığı halda onu məhkəmə qarşısına çıxaranların hərəkətlərini belə adi qarşılayırdı.

Baxın görək, o dövrün cahil insanları və cahil məhkəmə sistemi Sokratı nədə günahlandırırdı?

  1. Filosof xalqın dini inanclarından sui-istifadə edir.
  2. O gənc nəsli səhv yola çəkir.
  3. Filosof özündən yeni bir tarix icad edib.
  4. Sokrat axirətə inanır və bununla xalqı yanlış yola sürükləyir.

Halbuki Sokrat dünya tarixində özünəməxsus iz buraxan dahi şəxsiyyətlərdən biri idi. Eramızdan əvvəl 469-cu ildə anadan olan və cəmisi 70 il yaşayan Sokrat bütün həyatını dərindən təhlil etmiş və hər addımında özünü yaxından tanımağa çalışmışdı. O hər hansı məsələyə münasibətdə onu dərindən öyrənmədən və dəqiq nəticə çıxaracağına əmin olmadan qərar qəbul etməzdi. Filosof daim bu sözləri təkrar edərdi: “Əgər mən bir işi bilmirəm deyirəmsə, demək həqiqətən də ondan xəbərsizəm. Əgər nəyisə bilirəm deyirəmsə, onda buna da şübhə etməyin. Çünki mən ancaq əmin olduğum bir şey haqqında bilirəm deyirəm”. Onun özünə əmin olması və yalnız həqiqəti deməsi Sokratı sevənlərin sayının durmadan artmasına gətirib çıxarmışdı. Ona görə də, Sokrata paxıllıq edənlər onun haqqında müxtəlif şayiələr yaymağa və filosofa iftiralar atmağa başlamışdılar. Amma o bütün bunlara məhəl qoymadan doğru bildiyinə əmin olduqlarını xalqa izah etməkdə və onlara bununla bağlı bilgi verməkdə davam edirdi. Sokrat xarici görünüş etibarı ilə çirkin adamlardan hesab edilirdi. Filosofu tanıyanların təsvir etdiyinə görə, o dolmagöz, qalın dodaqlı, qısaboylu birisi idi. Amma zahiri görünüşünün belə olmasına baxmayaraq, bu, onun xalq arasında şöhrət qazanmasına mane ola bilməmişdi. Bir gün hava isti olduğu üçün Sokrat dərs verdiyi şagirdləri ilə  yaşıl bir çəmənə çıxmışdı. Sokrat şagirdlərinə: “Həyatda yaxşılıq olmadan, yaxşılıq etmədən insan həyatı, insan heç nədir. Əgər insan həyatda yaxşılq etməyin, yaxşı işlər görməyin nə demək olduğunu anlasa, o həmişə yaxşı işlər görəcək, pisliklərə cavab verməyəcək. Fəzilət və mərhəmət yaxşılıq əlamətləridir. Bunun əksinə, pislik etmək yaxşılıqdan xəbərsiz olmağın nəticəsidir”, – deyirdi. Bu vaxt oradan keçən bir əcnəbi də Sokratı dinləmiş, sonra isə ondan: “Siz yaxşılıq etməkdən danışırsınız. Amma sizin fiziki görünüşünüz səfeh və axmaq xarakterli adamları xatırladır. Bəs siz bunu necə izah edəcəksiniz?” – deyə soruşur. Bu sözünü müəllimlərinin təhqir edilməsi kimi qəbul edən şagirdləri əcnəbi adamı döymək üçün onun üzərinə hücum edirlər. Bunu görən Sokrat şagirdlərinə: “Dayanın. Bu adam həqiqəti söyləyir. Zahiri görünüşüm insanlarda mənim barəmdə pis rəy formalaşdırır. Amma özüm haqqımda pis rəy formalaşdıran zahiri görünüşümün yanlış olduğunu ağlım sayəsində aradan qaldırdım və insanlar tərəfindən sevilməyimə nail oldum”, – deyir. Sokratın bu sözlərindən sonra əcnəbi susur və onun dedikləri ilə razılaşmalı olur.

Ona görə də, Sokratın əsas şüarı: “Özünü dərindən tanı” – idi və o bunu hər yerdə təkrar etməyi sevirdi. Çünki insanın özünü tanımadan başqasını tanıması onu anlaması mümkün deyil. Sokratın o dövrdə ona paxıllıq edənlər tərəfindən əsassız şəkildə günahlandırılmasına gəlincə, bu iddialar gülünc görünürdü. Çünki o heç kimin dini inanclarını istismar etməmişdi. Sadəcə olaraq, o çoxallahlılığa qarşı çıxır və bunu hər yerdə açıq şəkildə söyləyirdi. O, Allahın tək olduğunu söyləyir, ancaq heç kimi buna zorla inanmağa məcbur etmirdi. Filosof öz fikirlərini söyləyərkən bəzən çoxları Sokratın onları ələ saldığını düşünürdü. Sokrat hər hansı bir mövzudan bəhs edərkən əvvəlcə sadə ifadələr işlədir və bəzən də zarafatla onların yanlış yollardan əl çəkməsinə çalışırdı. Bu da insanları məsələyə daha məntiqli yanaşmağa məcbur edir və onları inancları barədə yenidən düşünməyə vadar edirdi. Amma bəziləri onun məsələyə belə yarızarafat yanaşmasını özlərinin ələ salınması kimi qəbul edirdilər. Bu da son nəticədə Sokrata qarşı məhkəmədə iddiaların qaldırılmasına gətirib çıxardı. Sokratın ən çox gəncləri doğru yola çəkmək istəməsi onun haqqında: “Sokrat gəncləri zəhərləyir” iddialarını ortaya çıxarmışdı. Buna baxmayaraq, Sokrat bütün gəncləri doğru yola çəkməyə, onların cəmiyyət və insanlar üçün xeyirli şəxslər kimi yetişməsinə çalışırdı. Sokrat: “Hər insanda yaxşılıq toxumları var. Sadəcə olaraq onların cücərməsinə yardım etmək lazımdır”, – deyirdi.

Sokratın mühakiməsi də olduqca ibrətamizdir. Onun məhkəməsi zamanı ittihamçılar: “Əgər günahlarını etiraf edib tək Allaha inanmaqdan əl çəksən və coxallahlılığa inansan, onda səni bağışlayar və edam etmərik”, – demişdilər.

Bütün bunları soyuqqanlılıqla qarşılayan Sokrat: “Məhkəmənin vəzifəsi qarşısındakını səmimi şəkildə dinləmək, hissinin deyil, ağlının və məntiqinin hökmü ilə qərar qəbul etmək, bu məsələyə bitərəf mövqedən yanaşmaqdır”, – demişdi.

Filosof sonra: “Mən həqiqəti söyləməkdən heç vaxt qorxmadım və öz fikrimdən dönmədim. Buna görə də özümü çox xoşbəxt hesab edirəm. Haqsızlığa məruz qalmaq dəhşətli deyil, haqsızlıq etmək insan üçün böyük faciədir”, – demiş və bununla onu ittiham edənləri pis vəziyyətə salmışdı.

Buna baxmayaraq, həyat yoldaşı həbsxanaya gələrək Sokrata: “Ah, Sokrat çox məyusam. Haqsız yerə edam ediləcəksən”, – deyərək ağlayıb sızlayanda filosof ona belə cavab vermişdi: “Sən nə fikirləşirsən, haqlı ola-ola edam edilmək səncə daha yaxşı olardı?”

Həbsxanaya yanına gələn tələbələrinə isə: “Afinalılar məni özümü müdafiə edə bilmədiyim üçün deyil, peşman olduğumu söyləmədiyim, ağlayıb-sızlamadığım üçün edam edirlər. Heç kim məndən şərəf və ləyaqətimi alçaldacaq sözlər eşitməyi gözləməsin”, – demişdi.

Buna görən Sokratı sevənlər onu edamdan qurtarmaq üçün həbsdən qaçması barədə plan hazırlamışdılar. Lakin Sokrat bu planı qəbul etməmişdi. Edam zamanı filosof, ona təklif edilən zəhəri tərəddüd etmədən əlinə götürmüş və cəsarətlə belə demişdi: “Zənginlik və əsilzadəlik şərəfli insan demək deyil. İnsan özünə arxayındırsa, o, ən ağır vəziyyətdə belə öz şərəfini qorumağı bacarır. Belə olan halda ölüm də qorxulu deyil. Ölümdən yalnız ondan xəbərsizlər, bilmədiyi şeyi bildiyini hesab edənlər qorxarlar”.

Sokrat bundan sonra zəhər dolu qabı içərək şərəflə dünyasını dəyişmişdi.

Səlcuq Oğuz

BIR CAVAB BURAXIN