“Söhbət Xoşqədəmdən gedirsə, burada xoşməramlı heç nə ola bilməz” – “Agent” ifşa olundu

0
511

Xəbər verdiyimiz kimi, tanınmış şairə Nazilə Səfərli Prezident İlham Əliyevə müraciət edib. Müraciət onun qalmaqal yaşadığı teleaparıcı Xoşqədəm Hidayətqızı ilə bağlı olub. Şairə bildirib ki, Xoşqədəm onun universitet tələbəsi olan övladlarını təqib etdirir. N. Səfərli övladlarının həyatının təhlükədə olduğunu bildirərək dövlət başçısından kömək istəyib.

X. Hidayətqızı isə sosial şəbəkədə ona rəy yazaraq məsələni soruşan izləyicisinin sualını cavablandırarkən “Bilmirəm, o nə deyib, amma böhtandırsa, hüquq mühafizə orqanları var. Yəqin vəkilim məşğul olar” deyib. Məsələ ilə bağlı xanım aparıcıya zəng etsək də, toplantıda olduğunu və sonra zəng etməyimizi deyib. Lakin sonra zəng etsək də, zəngimizə cavab verməyib.

Şairə “Yeni Sabah”a açıqlamasında artıq hüquq-mühafizə orqanlarına müraciət etdiyini deyib:

“Hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Cavab da gəlib, sadəcə məxfi saxlayıram, araşdırma başlayıb”.

N.Səfərli dekan Zeynal Həsənalıyevi məhkəmə ilə hədələmədiyini də vurğulayıb:

“O xəbərlər yayılandan sonra mən Zeynal müəllimə zəng vurdum. Zeynal müəllimlə necə əvvəlki kimi danışırdıq, eləcə də danışdıq. Sual verdim ki, “Axı mən sizə heç vaxt zəng vurub sizi məhkəmə ilə hədələməmişəm”. Həm də ayıb deyil, təhsil ocağını məhkəmə ilə hədələmək? Zeynal müəllim dedi ki, “Mən o sözü sənə yox, Xoşqədəmə demişəm. O mənə zəng edib məhkəmə ilə hədələyib, deyib ki, səni də, rektorunu da, universiteti də məhkəməyə verəcəyəm. Niyə belə bir söz yaymısınız?” Dekan da ona deyib ki, “Get, işinlə məşğul ol”. Dekan o sözü mənə deməyib, heç mən o şəraiti də yaratmaram ki, bir kişi, qadın, yaxud bir ziyalı mənə desin ki, “Get, işinlə məşğul ol”. O sözü desə-desə mənə atam deyə bilər, heç ona da o şəraiti yaratmıram”.

N.Səfərli bu qalmaqaldan sonra aparıcının özündən də, vəkilindən də heç bir zəng almadığını bildirib:

“Yox, mənə nə vəkilindən, nə də özündən heç bir zəng gəlməyib. Bizim onunla işimiz məhkəmədədir, onsuz da. Təkrar nə vəkil? Hələ bizim məhkəməmiz bitməyib. İkincisi, əgər mən bir valideynəmsə, narahat olmalıyam. Əgər mənə deyilsəydi ki, sənin uşağınla hansısa fəhlə, hansısa idmançı və ya hansısa məmur maraqlanır, mən narahat olmazdım. Düşünərdim ki, yəqin ya oğlu oğlumla dostluq edir, ya qızı oğlumla dostluq edir, maraqlanır ki, görüm necə uşaqdır. Ağlıma bundan yuxarı heç nə gəlməzdi, amma mənə deyiləndə ki, Xoşqədəmin işçisi sənin oğlunla bağlı araşdırma edir, mən təbii ki, narahat olacağam. Söhbət Xoşqədəmdən gedirsə, burada xoşməramlı heç nə ola bilməz. Xoşqədəmin reputasiyası bu qədərdir. Əgər Xoşqədəm kimisə araşdırmağa başlayıbsa, mümkün deyil ki, bu xoşməramlı olsun. Onun adı da yəqin ki, yanlış qoyulub, çünki xoş qədəm deyil. Mən son damla qanıma qədər, həbsi belə gözə almışam, uşaqlarımı qorumalıyam, mən ömrümü onlara vermişəm. Özü də onlar normal uşaqlardır. Biri var, elə belə, avara və s. Xeyr. Hər kim olsa, narahat olardı, məni niyə qınayırsınız, mənim uşaqlarımı niyə araşdırılmalıdır? Mən bir valideyn olaraq Prezidentə müraciət etməyimi də çox haqlı hesab edirəm. O mənim ölkəmin başçısıdır, mən sevə-sevə ona səs vermişəm, onun başçı olmasını milyonların içindən mən də istəmişəm. Şikayətimi də, xahişimi də təbii ki, ona deməliyəm”.

N. Səfərli övladlarını izləyən şəxsin də Bakı Dövlət Universitetində təhsil aldığını deyərək onu ifşa edib:

“Həmin günü, mənim müraciətim saytlarda yayılanda Xoşqədəm saytlara yığıb ki, “Silin o xəbəri”. Ən bərk gedən saytlara belə… Ona bu dəqiqə bu skandal lazım deyildi. Məntiq olaraq aparıcı haradadır – “Xəzər TV”də. “Xəzər TV”nin içərisində sən bu atı necə oynadırsan? Sən “Xəzər”in “krışa”sının altında proqram aparırsan. Bu sənin efirin olmasa, sən kimsən? Mənnim xınam da olmasa, toyum da olmasa, mən Naziləyəm. Hamının bildiyi şairəyəm, bu qədərəm. Bu ölkə üçün bundan da böyük bir iddiam yoxdur. Onun özünə bu dəqiqə mən lazım deyildim. Və bu araşdırma dünən, ya srağagündən başlamayıb. Artıq neçə insandan soruşulandan sonra “siqnal” verilib.

Xoşqədəmin işçisi də elə həmin universitetdə oxuyur, tələbədir. Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsində təhsil alır. 3-cü kursda oxumalı idi, amma 2-ci kursda oxuyur, çünki 1 il Xoşqədəmlə işlədiyinə görə, 1 ilini yandırdı və indi təkrar dərsə gəlir. Həmin uşaq boynuna almır, mən bunu normal qəbul edirəm. Adam var ki, qatil olur, 9 ay həbsdə yatır, döyülür də, işgəncə də edilir, amma boynuna almır. Həm də kim boynuna alar? Hamı bilir ki, adam izləmək cinayətdir. İnşallah, dövlət orqanlarımız bununla məşğul olacaq. Və eşitdiyimə görə həmin uşağın yaxşı valideynləri var, çörək zavodları filan var, yəni hörmətli bir kişinin oğludur. Mən onun atası ilə əlaqə yaratmağa çalışacağam. Görüm, o nə övladdır, böyüdüb ki, kiminsə sözü ilə kimisə araşdırır”.