Şıxəli Qurbanovun günahı nə idi?..

0
494

 

Nəriman Nərimanov Rusiya xüsusi xidmət orqanları tərəfindən öldürülən yeganə azərbaycanlı deyil. Bu sui-qəsdin üstündən təxminən 44 il sonra eyni taleni Azərbaycanın daha bir böyük vətənəpərvər oğlu Şıxəli Qurbanov yaşadı. Necə deyərlər ruslar özlərinə sərf etməyən adamları zəhərlə öldürmək ənənəsini Stalindən sonra da davam etdirmişlər. Bu baxımdan istər-istəməz Azərbaycan xalqının tarixində sovet dövrünün ən qeyrətli və bütün varlığı ilə millətinə bağlı olan dövlət xadimi və yazarı Şıxəli Qurbanovun da müəmmalı ölümünə toxunmaq istəyirəm. Azərbaycan KP MK-nın katibi vəzifəsində çalışan Şıxəli Qurbanov milli adət-ənənələrimizin qorunub saxlanılması üçün bütün imkanlardan istifadə edirdi. Novruzun təntənəli şəkildə qeyd edilməsi üçün cəsarətli bir addım atan Qurbanov bunun ona baha başa gələcəyini yaxşı bilirdi. Ancaq nə vəzifədən çıxarılmaq, nə həbsə atılmaq, nə də qəfil ölümlə üzləşmək təhlükəsi onu bu yoldan saxlaya bildi. O, 60-cı illərin ortalarında heç nədən çəkinmədən Novruzun respublika səviyyəsində ümumxalq bayramı kimi qeyd edilməsinə nail oldu. Onun təşəbbüsü ilə Qız qalasının başında milli geyimli iki gənc əllərində Novruz simvolu olan məşəl, səməni qaldırdı. Bu bayram o dövr üçün olduqca qeyri-adi hesab edilən bir təntənə ilə keçirildi. Aydın məsələdir ki, milli hisslərin önə çıxarılmasını əks etdirən bayramları sovet sistemi qəbul edə bilmirdi. Xüsusilə, müsəlman respublikalarında milli bayramların keçirilməsindən özü üçün təhlükə görən Moskva Ş.Qurbanovun bu hərəkətlərini bağışlaya bilməzdi. Üstəlik, imperiyanın ideologiyasına qarşı çıxan heç də balaca adam deyildi. O, Azərbaycan KP MK-nın katiblərindən biri idi. Təmizliyinə və paklığına görə xalq arasında kifayət qədər nüfuza, hörmətə malik olan bu adam Kremldəkilərin yuxusunu qarışdırmışdı. Müəyyən səbəblər üzündən adının açıqlanmasını istəməyən istefada olan keçmiş DTK polkovnikinin dediyinə görə, əvvəlcə, Qurbanovu rüşvət almaqda suçlayaraq onu həbsə atmaq istəyirdilər. Bu məsələ ilə məşğul olan xüsusi bir qrup uzun-uzadı araşdırmalar apardı. Amma onu bu işdə suçlamaq üçün cüzi bir fakt belə tapa bilmədilər. Belə olan təqdirdə, Qurbanovu işinin öhdəsindən gələ bilməməkdə günahlandıraraq vəzifəsindən azad etmək fikrinə düşdülər. Amma Qurbanov kifayət qədər məsuliyyətli bir dövlət işçisi idi və ona tapşırılan hər hansı bir işi olduqca dəqiqliklə və vaxtında yerinə yetirirdi. Məhz həmin vaxt Şıxəli Qurbanovun zəhər verilərək öldürülməsi məsələsi gündəmə gəldi. Bu məsələnin Şıxəli Qurbanovun həkiminə tapşırıldığı ehtimal edilir. Amma məşhur dövlət xadimi özü deyəsən elə ölümünə doğru tələsirdi. İş elə gətirdi ki, Şıxəli Qurbanovun dişi ağrıdığından diş həkiminə müraciət etməli oldu. Diş həkiminin vurduğu zəhər çox güclü olduğundan məşhur dövlət xadimi elə oturduğu yerində də keçinmişdi. Amma rəsmi məlumatlarda Şıxəli Qurbanovun guya vurulan iynədən şok keçirərək öldüyü bildirildi. Qurbanov canını tapşırandan sonra həkim pəncərədən qaçıbmış və sonra məlim olub ki, məşhur vətənəpərvər siyasi xadimə sionid turşusu vurublar. Həkim Əliağa Əhmədov isə öz kitabında Qurbanovun anaflatik şok nəticəsində keçindiyini və komissiyanın bunu sübut etdiyini yazıb. Komissiya təbii ki, başqa cür hərəkət edə bilməzdi… Diş həkimi Əliağa Əhmədov artıq həyatda yoxdu.

Şıxəli Qurbanovun ölümü bu gündə də SSRİ dövründə olduğu kimi sir olaraq qalmaqda davam edir. Amma aydın məsələdir ki, həkim Şıxəli Qurbanova “səhvən” sionid turşusu vura bilməzdi. Çünki adətən bu zəhərli turşu xüsusi qoruna yerdə saxlanılır və ondan əksər hallarda kimlərinsə öldürülməsində istifadə edilir. Belə başa düşmək olar ki, Şıxəli Qurbanovun zəhərlənərək öldürülməsi barədə öncədən bir neçə ssenari hazırlanıbmış. Onlardan biri də yaxın dostu Əliağa Əhmədov olub və Azərbaycanın ən böyük vətənəpərvər oğullarından biri onun vasitəsi ilə aradan götürülüb…

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

3 × two =