Sergey Lavrovun Azərbaycana səfəri Qarabağ münaqişəsinin həllinə yardım edəcəkmi?

0
367

Azərbaycanla Rusiya arasında son illərdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsində müəyyən irəliləyişlərin olduğu, xüsusi ilə iqtisadi sahədə əməkdaşlığın yeni zirvəyə qaldırıldığı heç kimə sirr deyil. Bunu Azərbaycan və Rusiyanın yüksək səviyyəli dövlət rəsmiləri arasında görüşlərin intensiv xarakter alması da sübut etməkdədir. Bu baxımdan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  Moskvaya son rəsmi səfəri və orada keçirdiyi yüksək səviyyəli görüşlər iki ölkə münasibətlərində yaxınlaşmanı, dostluq və qardaşlığın daha da möhkəmləndirilməsini istəməyən düşmən güclərə verilən ən layiqli cavablardan biri olub. Mehriban xanım Əliyevanın Moskvaya yüksək səviyyəli rəsmi səfərinin ardınca Rusiya xarici İşlər naziri Sergey Lavrovun Bakıya rəsmi səfərə gəlməsi isə Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələnin başlaması kimi dəyərləndirilə bilər. Çünki Rusiyanın son illərdə Azərbaycana münasibətdə çevik siyasət yeritməyə cəhd etməsi və respublikamızı özünün ən yaxın müttəfiqi kimi görməyə can atması cəhdləri intensivləşib. Bu müstəvidə də Moskva Bakını MDB daxilindəki müxtəlif qurumlara, o cümlədən Avrasiya İqtisadi İttifaqına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına  (MDB) üzv etməyə yönələn bir siyasət həyata keçirməkdədir. Təbii ki, Azərbaycan üçün də Rusiya ilə istər iqtisadi, istər siyasi, istərsə də hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi baxımından olduqca vacib hesab edilir.

Hər halda  Azərbaycan üçün ən önəmli məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin həlli,  dövlət maraqlarımızın müdafiəsi, ərazi bütövlüyümüzün bərpası baxımından xüsusi önəm daşıyır və bu problem həllini tapmadan Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq rəsmi səviyyədə ikinci dərəcəli məsələ hesab edilir. Hadisələrin gedişi göstərir ki, istənilən halda Azərbaycan Rusiya ilə iqtisadi, mədəni, elmi-texniki sahədə əməkdaşlığı möhkəmlətmək siyasətinə üstünlük verməklə, eyni zamanda bölgədə və beynəlxalq səviyyədə Moskvanın maraqlarına uyğun gələn tarazlaşdırıcı siyasət yeritməklə ilk növbədə Qarabağ münaqişəsinin həllinə nail olacağına ümid edir. Ona görə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Moskvaya səfərinin ardınca Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya rəsmi səfərə gəlməsi iki ölkə arasında hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi sahəsində, o cümlədən KTMT, Avrasiya İqtisadi İttifaqına və Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə tərəflər arasında hansısa razılıq əldə edilə bilməsi ehtimalını gündəmə gətirib. Təsadüfi deyil ki, Sergey Lavrovun Bakı səfərində iqtisadi sahədə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bərabər Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi də əsas müzakirə obyektlərindən biri olub. Azərbaycan prezidenti İlham Əliyev Sergey Lavrovla görüşdə deyib ki,  xarici İşlər nazirlərinin qarşılıqlı səfərləri yaxşı ənənəyə çevrilib.   Vladimir Putinlə Pekində və Soçidə görüşdüklərini xatırladan Azərbaycan Prezidenti iki ölkə arasında bu il bir sıra istiqamətlər üzrə əhəmiyyətli dərəcədə irəliləyişin olduğunu, o cümlədən ölkəmizi təmsil edən nümayəndə heyətinin Rusiyanın AŞPA-ya qayıtmasının lehinə səs verdiyini, Moskvanın da həmişə beynəlxalq strukturlarda ölkəmizi narahat edən məsələlərlə bağlı  dəstəyini hiss etdiyini xüsusi vurğulayıb. Mehriban Əliyevanın Rusiyaya səfərinin çox uğurlu olduğuna diqqəti cəlb edən prezident İlham Əliyev iqtisadi sahədə də əmtəə dövriyyəsinin ildən-ilə artdığını bildirib. Təbii ki, İlham Əliyevin Sergey Lavrovla görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli əsas diqqət mərkəzində olub. Azərbaycan prezidenti təəssüf hissi ilə qeyd edib ki, münaqişənin həlli istiqamətində nəzərəçarpan nəticələr olmayıb:

“Hesab edirəm ki, bunun əsas səbəbi Ermənistan rəhbərliyinin səmərəsiz siyasəti, xüsusən, “Qarabağın Ermənistan olması” barədə bəyanatıdır. Şadam ki, həm sizin tərəfinizdən, həm də digər ölkələrdən olan həmsədrlər tərəfindən, yumşaq desək, bu qəribə bəyanata düzgün qiymət verilib. Biz Minsk qrupunun həmsədrləri ilə əməkdaşlığı davam etdirəcəyik. Yaxın vaxtlarda Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirlərinin görüşü olacaq. Biz ümidvarıq ki, siz danışıqlar prosesində fəal iştirakınızı davam etdirəcəksiniz”.

 Sergey Lavrov da iki ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdirildiyini,  bu il əmtəə dövriyyəsinin həcminin  3 milyard dollara yaxın olacağını, ölkəsinin Azərbaycan iqtisadiyyatına qoyduğu  birbaşa investisiyalarının həcmi 1,5 milyard dollara çatdığını vurğulayıb. O deyib ki, ölkəsinin 70-dən çox subyekti Azərbaycanla əməkdaşlıq edir və respublikamızda  Rusiya kapitalının iştirakı ilə 300-dən çox müəssisə fəaliyyət göstərir.

 Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Rusiya xarici siyasət idarəsinin rəhbərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı deyəcəkləri də xüsusi maraqla gözlənilirdi. Bu da təsadüfi deyildi. Belə ki, ötən ay Sergey Lavrov Yerevana səfəri çərçivəsində keçirdiyi görüşlər zamanı açıq şəkildə ölkəsinin münaqişənin  həllində vasitəçilik missiyası ilə ziddiyyət təşkil edən açıqlama verərək  Dağlıq Qarabağın erməni icmasının iştirakı olmadan problemin həllinin mümkün olmayacağını bildirmişdi .O bununla da separatçı və qondarma rejimə dəstək verdiklərini açıq şəkildə bəyan etmişdi. Sergel Lavrovun Yerevanda ermənipərəst mövqe nümayiş etdirməsi və Nikol Paşinyan kimi separatçı, qondarma rejimi dəstəkləməsi isə  Azərbaycanda ciddi narazılıqlara səbəb olmuşdu. Gözləmək olardı ki, Sergey Lavrov Bakıya rəsmi səfəri zamanı münaqişənin həlli ilə əlaqədar Yerevanda buraxdığı ”səhvi” düzəldən və ölkəsinin vasitəçilik missiyasına uyğun olan açıqlama verəcək. Lakin gözlənilənin əksinə olaraq Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə ümumi sözlər deməklə kifayətləndi və bununla da Yerevanda səsləndirdiyi və ölkəmizin milli maraqlarına cavab verməyən, açıq şəkildə separatçıları dəstəkləyən mövqedə qaldığını bir daha nümayiş etdirdi. Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçiriləcək görüşdə münaqişənin həllinə münasibətdə irəliləyişin ola biləcəyinə ümid etdiyini söyləyən Sergey Lavrov, problemin hər iki tərəfin bəyəndiyi əsas prinsiplər, BMT Nizamnaməsində və Helsinki Yekun Aktında təsbit olunmuş prinsiplər əsasında həll edilməsinin məqsədəuyğun olduğunu bildirdi.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra  keçirilən mətbuat konfransında da Sergey Lavrov münaqişənin həllinə münasibətdə ümumi sözlər deməklə kifayətlənib:

“Görüşdə Dağlıq Qarabağla bağlı fikir mübadiləsi apardıq, münaqişənin həlli istiqamətində növbəti addımları müzakirə etdik. Biz başa düşürük ki, çətin olsa da, kompromis üçün imkanlar var”.

Azərbaycan xarici siyasət idarəsinin başçısı Elmar Məmmədyarov isə ehtiyatlı şəkildə də olsa Sergey Lavrovun diqqətinə çatdırıb ki, Azərbaycanın Rusiya ilə ikitərəfli və çoxtərəfli münasibətlərində münaqişənin həlli vacibdir:

“Dağlıq Qarabağ münaqişəsinin həllini, bu sahədə son hadisələri ətraflı müzakirə etdik. Bu məsələ Rusiya ikitərəfli və çoxtərəfli münasibətlərdə vacibdir. Bu məsələdə irəli getmək lazımdır, nə savaş, nə də barışın olmaması bir nəticə vermir. Prosesi çətinləşdirən məqamlardan azad olmağın vaxtı çatıb”.

Nazir qeyd edib ki, köçkünlərin qaytarılması, qarşılıqlı əlaqələrin qurulması, yolların çəkilməsi və s. məsələlər həll olunmalıdır: “Tənzimləmə belə olmalıdır ki, bu əməkdaşlıq rifaha gətirsin. Bu, həm də Rusiya ilə dialoqumuzun gündəliyindədir”.

 Rusiya xarici siyasət idarəsi rəhbərinin Azərbaycana səfəri çərçivəsində Qarabağ münaqişəsinin həllinə münasibətdə pərdə arxasından separatçıları dəstəkləyən mövqeyində qaldığını nümayiş etdirməsi ölkəmizin tanınmış politoloqları tərəfindən birmənalı qarşılanmayıb. Məsələyə münasibət bildirən Azərbaycanın eks xarici işlər naziri Tofiq Zülfüqarov Teleqraf.com-a verdiyi açıqlamasında deyib ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun İrəvanda verdiyi bəyanatlardan sonra sözçüsü Mariya Zaxarova onun dediklərinə düzəlişlər edərək, bildirdi ki, danışıqlar iki ölkə arasında aparılmalıdır:

“Bakıda buna aid, yaxud Azərbaycanı narahat edən məsələ ilə bağlı hansısa bəyanatlar səslənəcəyi gözlənilirdi. Biz isə onun şahidi olmadıq”.

Tofiq Zülfüqarov Lavrovun səfərini neqativ qiymətləndirdiyini söyləyib: “Ümumi sözlər deyildi, mənasız tədbirlər, yəni tərəflər arasında etimad mühitinin bərpası istiqamətində addımların vacibliyi vurğulandı. Nəticəsiz məsələdir. Lavrov İrəvanda olanda Ermənistanın mövqeyini əks etdirən bəyanatlar verdi, Azərbaycana səfəri zamanı bizim əsas məsələmiz – işğal olunmuş ərazilərin azad olunması barədə heç bir bəyanat vermədi. Yenə də öz mövqeyində qaldı. Hesab edirəm ki, onun mövqeyi Azərbaycana qarşı etnik zəmində formalaşmış qərəzli mövqedir”.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Rusiyanın baş diplomatının Bakıya səfərinin nəticələri haqqında danışarkən deyib ki, Sergey Lavrovun ölkəmizə səfəri çərçivəsində bizim ağrılı yerimiz olan Qarabağ məsələsi və onun ətrafında da müəyyən müzakirələr oldu: “Hansı ki, cənab prezident ATƏT-in sədri və Slovakiyanın xarici işlər naziri ilə görüşü zamanı demişdi ki, 2019-cu il bu baxımdan itirilmiş ildir. Sözsüz ki, heç kim 2020-ci ili belə itiririlmiş il kimi görmək istəmir. Nəzərə alsaq ki, Ermənistanın ipi Rusiyanın əlindədir, onda Ermənistanla mahiyyəti üzrə danışıqlar aparmaq imkanı olmayanda bu danışıqları Rusiya ilə aparmalıyıq. Məncə, danışıqlar elə bu müstəvidə də aparılır”.

Sergey Lavrovun Azərbaycana səfəri göstərdi ki, münaqişənin həllinə münasibətdə Rusiyanın mövqeyi dəyişməyib. Moskva sözdə münaqişənin həllində maraqlı olduğunu bildirsə də, əməli fəaliyyətində qondarma və separatçı rejimi dəstəkləməkdə davam edir. Belə bir vəziyyətdə isə Azərbaycan çətin ki, Rusiyanın istədiyi kimi Avrasiya İqtisadi İttifaqına və işğalçı dövlətin təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olsun. Zənnimizcə münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilmədən  ölkəmizin Avrasiya İqtisadi İttifaqına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmayacağını Moskvanın birdəfəlik başa düşməsinin vaxtı çoxdan çatıb. Əks halda iki ölkə arasındakı münasibətlər iqtisadi əlaqələrin inkişaf etdirilməsindən uzağa getməyəcək.

Əziz Mustafa

Arazinfo.com