SAMİR ŞƏRİFOV İNHİSARÇILARI MÜDAFİƏ EDİR” – Maliyyə Nazirliyinə ittiham

0
594

samir-sherifov-1

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində sahibkar Nisbət Fərhadova Maliyyə Nazirliyi tərəfindən hüquqlarının pozulması ilə bağlı mətbuat konfransı keçirib. Yeniçağ.az xəbər verir ki, şikayətçi N. Fərhadovanın sözlərinə görə, 2015-ci ildə tütün məmulatlarının və alkoqollu içkilərin idxalına və istehsalına icazə verən xüsusi razılıqlar (lisenziyalar) Prezident İlham Əliyevin fərmanı ilə ləğv edilib:

1421129475_1421057230_0001“Bundan sonra təsisçisi və direktoru olduğum “Akşin-N” Məhdud Məsuliyyətli Cəmiyyətin adından tütün məhsullarının idxalı üçün Maliyyə Nazirliyinə müraciət etdim. Çünki inanırdım ki, dövlət başçısının fərmanından sonra monopoliya aradan qalxacaq. Ötən ilin martın 28-də maliyyə nazirinin köməkçisi Azər Bayramov məni qəbul etdi və bildirdi ki, ölkədə inhisarçılıq yoxdur, Prezidentin son göstərişinə əsasən, bütün neqativ hallar aradan qaldırılaraq, azad bazar iqtisadiyyatı formalaşdırılır.

Buna görə də tütün məhsulunu aldığım şirkətlə müqavilə bağlayıb, Maliyyə Nazirliyinə təqdim etməyimi bildirdi və əlavə etdi ki, sənədləri bizə təqdim edəndən 5 gün sonra aksiz markalar veriləcək. Bundan sonra Belarusdakı “Qrodnı tütün fabriki Neman” ASC ilə bizim şirkət arasında 2016-cı ilin aprelində 1065 saylı müqavilə bağlandı. Həmin müqaviləni və digər bütün sənədləri toplayıb, Maliyyə Nazirliyinə təqdim etdim.

Amma bu günə kimi mənə aksiz markalar verilmədi, əvəzində hədə-qorxular gəlməyə başladı. Bundan sonra dövlət başçısı İlham Əliyevə və Prezident yanında Apellyasiya Şurasına şikayət etdim. Həmin ilin oktyabr ayında bu qurumun qərarı ilə Maliyyə Nazirliyinin Apellyasiya Şurasının şikayətə baxmaması hərəkətsizlik kimi qəbul edilib və mənim şikayətim üzrə konkret münasibət bildirməsi vəzifə kimi qoyulub. Bundan sonra Maliyyə Nazirliyinin Vergilər Departamentinin rəhbəri Fikrət Şirinov mənimlə telefon danışığında dedi ki, bu sahədə monopoliya var və həmin işlə məşğul olanların icazəsi olmadan aksiz markasının verilməsi mümkün deyil. Həmçinin Fikrət Şirinov mənə dedi ki, bu sahədəki inhisarçılar Belarusdakı şirkətlə bağladığım müqaviləni ləğv etdirməyə çalışır. Təəssüflər olsun ki, artıq buna nail olublar”.

Sahibkar qadın bildirib ki, qarşılaşdığı bu problem nəticəsində 5 milyon ABŞ dollarlı ziyana düşüb: “Əvvəlcədən mənə belə olacağını desəydilər, heç bu qədər ziyana düşməzdim. O cümlədən şirkətimin fəaliyyətini dayandırmışam, çünki artıq müflis olmuşam. Yaranmış məsələ ilə bağlı Prezident Administrasiyasında Fuad Ələsgərovdan tutmuş, digər səlahiyyətli şəxslərin qəbulunda olmuşam.

Hər biri bu məsələnin həll olunması üçün göstərişlər verib, lakin Maliyyə Nazirliyi və bunu çəkinmədən deyirəm, şəxsən nazir Samir Şərifov inhisarçıları müdafiə edir. Bu günlərdə Maliyyə Nazirliyinə gedəndə orada olan polislər bildirdilər ki, bir daha bura gəlməyin, yoxsa “qara maskalılar” gəlib sizi aparacaq. Səbəbini soruşduqda, nazirliyin rəhbər heyətinin şəxsən göstəriş verdiklərini dedilər. Onu da qeyd edim ki, nazirlikdə bir nəfər bu sahəyə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun nəzarət etdiyini dedi. Nazir Kəmaləddin Heydərova müraciət etdim və məni qəbul edən nazirin I müavini dedi ki, deyilənlər yalandır, sizi aldadıblar.

Media vasitəsilə Prezident İlham Əliyevə müraciət edirəm ki, mənim tapdalanan hüquqlarımın bərpası üçün köməklik göstərsin. Dövlət başçısı məni qəbul eləsin, Samir Şərifov və digər onun kimi inhisarçıların və onları himayə edənlərin iç üzünü açım göstərim. Bir addım olsun belə geri çəkilməyəcəm, baxmayaraq ki, hədə-qorxu gəlirlər, məni maşınla izləyirlər. Artıq məhkəməyə də müraciət etmişəm və lazım gələrsə, Avropa Məhkəməsinə qədər gedib çıxacam. Lakin son ümid yerim Prezident İlham Əliyevdir və dövlət başçısının mənə kömək edəcəyinə heç bir şübhəm yoxdur”.

Mais-Piriyev“Özünü “Akşin-N” MMC-nin direktoru kimi təqdim edən Fərhadova Nisbət Ramazan qızının keçirdiyi mətbuat konfransında tütün məmulatlarının idxalı üçün aksiz markalarının verilməməsi ilə bağlı Maliyyə Nazirliyinə və nazirliyin vəzifəli şəxslərinin ünvanına səsləndirdiyi populist xarakter daşıyan cəfəng ittihamların heç bir əsası yoxdur”. Bunu “APA-Economics”in sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev N. Fərhadovanın sahibkarlıq hüquqlarının pozulması ilə bağlı ittihamlarına münasibət bildirərkən deyib.

“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə tütün məmulatlarının, alkoqollu içkilərin ölkəyə idxalına və respublikamızda həmin məhsulların istehsalına icazə verən xüsusi razılıqlar ləğv edilib. Bu Fərmandan sonra aksiz markalarının alınması üçün müraciət edən istehsalçı müəssisələrin və idxalçıların sayı və onların aksiz markalarına olan tələbatı kəskin artsa da nazirliyə müraciət edən sahibkarlar sifarişlərinə uyğun olaraq aksiz markaları ilə tam təmin edildi“, – deyə mətbuat katibi qeyd edib.

“Akşin-N” MMC-yə gəlincə, M. Piriyev bildirib ki, adıçəkilən sahibkar aksiz markaları almaq üçün 2016-cı ilin 15 aprel tarixində Maliyyə Nazirliyinə müraciət edib və həmin dövrdə nazirliyin hesabında idxal edilən tütün məmulatlarına tətbiq olunan aksiz markaları olmadığı üçün həmin aksiz markalarının verilməsi imkan xaricində olub. Müvafiq qaydalara əsasən, ölkə ərazisinə markalanmalı məhsulları idxal edən şəxs aksiz markalarını almaq üçün Maliyyə Nazirliyinə idxal edilən məhsul üçün bağlanmış müqavilənin əslini və surətini təqdim etməlidir: “Akşin-N” MMC-nin tütün məmulatlarının alınması üçün müqavilə bağladığı Belarusun “Qrodnı tütün fabriki “Neman” ASC-nin  Maliyyə Nazirliyinə daxil olmuş məktubunda Azərbaycan ərazisində “Qrodnı tütün fabriki “Neman” ASC-nin istehsalı olan tütün məmulatlarının satışının həyata keçirilməsi üçün müstəsna səlahiyyətlərin “CRESCO” MMC-yə verildiyi qeyd olunub. Bununla yanaşı, məktubda tütün məmulatlarının idxalı üçün digər Azərbaycan  şirkətləri ilə bağlanılmış müqavilələrin ləğv edildiyi və bu barədə həmin şirkətlərə müvafiq bildirişlərin göndərildiyi qeyd edilib”.

Mətbuat katibi onu da bildirib ki, əgər sahibkar N. Fərhadovanın hüquqları pozulubsa, öz hüquqlarını ayrı-ayrı saytlarda nazirliyə qarşı “qara piar” aparmaqla yox, məhkəmə müstəvisində qorumalıdır. “Azərbaycan Respublikasında sahibkarlığın qanun çərçivəsində həyata keçirilən bütün formalarına icazə verilir və Maliyyə Nazirliyi də sahibkarlarla münasibətlərini məhz qanun çərçivəsində qurur”, – deyə M. Piriyev qeyd edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

16 + 10 =