Şah İsmayılın qeyri-adi hərbi gedişləri

0
1084
Araşdırmaçı alim Namiq Musalı XVI əsrdə aid olan dəyərli tarixi mənbə – “Aləmarayi Şah İsmayıl Səfəvi” əsasında I Şah İsmayılın hakimiyyəti və onun şəxsiyyəti barəsində xeyli maraqlı faktları üzə çıxarıb.
 Arazinfo.com Moderator.az-a istinadən xəbər verir ki, bu maraqlı məqamlardan  biri də Şah İsmayılın fövqəladə sərkərdəlik məharəti olub. XVI əsrə aid olan və müəllifi bilinməyən tarixi mənbədə Şah İsmayılın qəhrəmanlığı barədə deyilir:
“Aləmara” üzərində apardığımız hesablamalara əsasən, mənbədə Şah İsmayıl zamanında qızılbaş ordusunun həyata keçirdiyi irili-xırdalı 100-ə qədər döyüş əməliyyatı haqqında məlumat verilib ki, bunların da təxminən 1/3 hissəsindən çoxu şəxsən İsmayılın komandanlığı altında aparılıb və o, iştirak etdiyi döyüşlərdən yalnız birini – Osmanlılara qarşı keçirdiyi Çaldıran vuruşmasını uduzub. O, özünün peşəkar süvari ordusuna arxalanaraq, açıq döyüşü üstün tutur və öz rəqiblərini çox vaxt qədim türk savaş ənənələri əsasında məğlub etməyi sevirdi. Şah İsmayılın hərbi taktikasında sürət və çeviklik ən önəmli faktorlar idilər. Onun döyüş taktikasında müdafiə anlayışına yer yox idi. Səhra döyüşlərində o, əsasən düşmənin səflərini qəti hücumla cinahlardan yarmaqla qələbə qazanmağa üstünlük verirdi. Həmçinin geri çəkilməyi imitasiya edərək, düşməni pusquya salmağı nəzərdə tutan “Turan taktikası” və ya “qurd oyunu” adlanan manevri məharətlə tətbiq edirdi. Şirvanşah Fərrux Yəsara qarşı Cəbani (Çobanı) (1500), Ağqoyunlu Əlvəndə qarşı Şərur (1501), Ağqoyunlu Murada qarşı Almabulağı düzündə (1503), Əlaüddövlə Zülqədərə qarşı Ceyhan çayı sahilində (1507), özbək hökmdarı Şeybani xana qarşı Mərv yaxınlığında (1510), Orta Asiya xanlarının birləşmiş qüvvələrinə qarşı Ceyhun çayı sahilində (1513) və Osmanlı Sultan Səlimə qarşı Çaldıran çölündə (1514) apardığı döyüşlər onun ən böyük meydan müharibələri hesab oluna bilər. Təkcə meydan müharibələrində deyil, şəhər və dağ döyüşlərində də özünün sərkərdəlik məharətini isbat etməyə nail olmuşdu. İranın mühüm şəhərlərindən olan İsfahan və Yəzdi mühasirə və küçə döyüşləri nəticəsində fəth etməsi, Əmir Hüseyn Kiya Çəlaviyə qarşı Mazandaranın güclü istehkamlara malik dağlıq ərazilərində və lur hökmdarı Məlikşah Rüstəmə qarşı Luristan vilayətinin dağlarında apardığı uğurlu əməliyyatlar buna bariz nümunədir. Çaldıran düzündəki məğlubiyyətə gəldikdə, “Aləmara” müəllifi bunun səbəbini Şah İsmayılın “mənəm-mənəmlik” edərək mümkün qüvvələrin hamısını toplamadan nəhəng Osmanlı ordusuna qarşı həlledici döyüşə atılmasında və Osmanlıların böyük say çoxluğunda və artilleriyadan istifadə etmələrində görür.
Qüvvələr nisbətinin rəqibin xeyrinə olduğu bir sıra döyüşlərdən qalib çıxması İsmayılın komandanlıq istedadının göstəricisidir. O, müharibədə şərəf və mərdliyi ən mühüm prinsiplər hesab edirdi. 1513-cü ildə Şah İsmayıl Ceyhun çayı kənarında özbəklərin və qazaxların çoxsaylı ordusu ilə üzləşərkən Qızılbaş əmirlərindən biri salın ipini kəsmək və gəmiləri sahilə çıxarmaqla çayın o biri sahilində yerləşmiş rəqib qoşunun Qızılbaşların mövqe tutduqları digər sahilə keçməsini əngəlləməyi təklif etsə də, İsmayıl bunu özünə ar bilmiş, bədnamlıq əlaməti saymış və rəqibinin sərbəst şəkildə çayı keçib döyüşə başlaması üçün şərait yaratmış, hətta çaydakı bütün gəmiləri onlara göndərib, asanlıqla suyu keçmələrini təmin etmişdi.
Almabulağı döyüşü ərəfəsində Qızılbaşlar Osmanlıların Ağqoyunlulara verdiyi 20 ədəd artilleriyanı ələ keçirsələr də, döyüş zamanı “Süleyman şanlı xaqan (Şah İsmayıl) topxananı işlətməməyi əmr etmişdi”. Çünki o, odlu silahlara, xüsusən də artilleriyaya nifrət edir, “namərdin mərddən ayırd edilməsi və müəyyənləşdirilməsi üçün qılınc sıyırmağın” zəruriliyini vurğulayır, artilleriyadan istifadənin namərd işi olduğunu deyirdi. Onun odlu silahlara mənfi münasibəti Çaldıran vuruşmasından bir gün öncə Sultan Səlimə müraciətindən də aydın görünür. Rəvayətə görə, döyüşdən bir gün öncə Şah İsmayıl Sultan Səlimə xəbər göndərərək, onu “kişi kimi döyüşməyə” və “topxanadan istifadə etməməyə” çağırmış, Səlim bu təklifi qəbul etsə də, döyüşün gedişində artilleriyadan istifadə etməklə vədinə xilaf çıxmış və bu faktor qızılbaşların məğlubiyyətini şərtləndirən əsas amilə çevrilmişdi. O.Əfəndiyev yazır ki, “I Şah İsmayıl zamanında Səfəvilər odlu silahın tətbiq edilməsini insanlığa zidd əməl və qorxaqlıq, cəsarətsizlik əlaməti hesab edirdilər”.
İştirak etdiyi döyüşlərdə təkcə bacarıqlı sərkərdə deyil, həm də məğlubedilməz pəhləvan kimi ad çıxarmışdı. Bizim müəllif yazır ki, döyüşlərdə “özünü hər kimə yetirərdisə, onu bir zərbə ilə yerə sərərdi”, bəzən isə hətta rəqibinin “başına elə zərbə endirərdi ki, qılınc onun kəmərinə qədər işləyib, onu ikiyə bölərdi”. Özünün qüvvətli qılınc zərbələri ilə rəqibini “xiyar kimi doğrayardı”. Savaş vaxtı düşmən ordusunun adlı-sanlı bahadırları ilə təkbətək döyüşə girməkdən çəkinmirdi: o, Mustafa paşa, Məlik Fəyyaz, Ərəb Nəim, Pəhləvan Möhsün, Polad Sultan, Əbülxeyr xan, Malqoçoğlu və s. kimi öz zəmanəsinin ən məşhur sərkərdə və pəhləvanlarını məhz ikitərəfli çarpışmalarda məğlub edib, yerə sərmişdi. Həmçinin yaxşı ox atmaq qabiliyyətinə malik idi. Bəzən atdığı oxun ucu düşməninin başının arxasından çıxardı. Şah İsmayılın döyüş vaxtı “insanlara dastanlardakı Rüstəmi unutdura biləcək igidliklər göstərdiyini” bildirən “Aləmara” müəllifi yazır ki, “heç kim qılınc vurmaqda, zorda, pəhləvanlıqda və şücaətdə o şəhriyara çata bilməzdi”.

BIR CAVAB BURAXIN