Sabiq futbolçu “Neftçi”ni “Sevilya” ilə müqayisə edib

0
562

“Keçmiş komandam “Neftçi”nin “Sevilya” ilə Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşmağının mümkünlüyünü öyrəndikdə, inana bilmədim. “Ramon Sançes Pisxuan” stadionunda ağlasığmaz oyun olacaq”.

“Report”un məlumatına görə, bunu Cənubi Koreyanın “Seul E-Land” klubuna yenicə transfer olan İqnasio Errera “Estadio Deportivo”ya müsahibəsində deyib.

Çilili hücumçu bildirib ki, “Neftçi” Azərbaycanın tarixi komandasıdır: “Düzdür, indi ən məşhur və dəbdə olan kollektiv “Qarabağ”dır. Çünki bu, Avropaya uyğunlaşmış və imkanlı klubdur. Lakin “Neftçi” də çox önəmlidir. Artıq kluba yeni rəhbərlik gəlib və komandada böyük dəyişikliklər baş verib. Ötən mövsümkü heyət sıfırdan başlanaraq, tam yenilənib. Əvvəllər heç vaxt birgə oynamayan çoxlu yeni futbolçu alınıb. Keçən mövsümün bombardiri Baqali Dabo, yüksək keyfiyyətlərə malik haitili Soni Mustivar transfer olunub. Bu komanda ondan çox şeyin tələb olunduğunu, Avropada rəqabət aparmasının vacibliyini anlayır. Çünki 2012-ci ildə Avropa Liqasının qrup mərhələsinə yüksəlib, İtaliyanın “İnter”, Rusiyanın “Rubin” kimi komandalarına qarşı çıxış edib. Bu səbəbdən, hazırkı durum onlar üçün yeni deyil”.

31 yaşlı oyunçu “Neftçi” və “Sevilya” arasında aşkar fərqin olduğunu vurğulasa da, İspaniya klubunun arxayınlaşmamasının vacibliyini dilə gətirib: “Fərq böyükdür. “Sevilya”nın istənilən oyunçusu “Neftçi”nin futbolçularından üstündür. Bu, hətta müqayisəyəgəlməzdir. Lakin “Neftçi” pis komanda deyil. Futbolda isə sürprizləri hər zaman görmək olar. Bu, dünya çempionatında da baş verir”.

Errera “Neftçi”nin ev amilindən yararlanmasının mümkünlüyünü də diqqətə çatdırıb. Onun fikrincə, Bakıdakı görüşdə stadion tam dola və azarkeşlər böyük dəstək verə bilərlər: “Ümidvaram ki, “Neftçi” gözəl oyunla birinci mərhələni keçə biləcək və “Sevilya”nın Bakıya səfəri Azərbaycanda böyük hadisəyə çevriləcək. İspaniya klubu aşkar favoritdir, amma indi heç kimə etibar etmək olmaz. Xatırlayıram, ötən mövsüm yoxlama oyununda “Şalke” kimi komandaya qarşı layiqincə mübarizə aparmışdıq. “Neftçi” İspaniyada Primera uğrunda mübarizə aparan Sequnda komandası səviyyəsindədir. Düşünürəm ki, “Sevilya”ya qarşı sakit mübarizə aparacaqlar. Çünki itirəsi bir şeylərinin olmadığını və bütün təzyiqin rəqib üzərinə düşəcəyini bilirlər. Bu amil Azərbayan tərəfinə əla imkan yaradacaq. Təəssüf ki, artıq heyətdə deyiləm. Bu məqamda “Neftçi”də olmamaq mənə ağır gəlir”.

Qeyd edək ki, İqnasio Errera 2008-2009-cu illərdə İspaniyada “Betis”in B komandasında çıxış edib. O, 2017-ci ilin yanvarında transfer olunduğu “Neftçi”dən ötən ay ayrılıb. Errera ötən mövsüm 8 qolla “ağ-qaralar”ın bombardiri olub. Flaqman Avroliqanın I təsnifat mərhələsində Macarıstan “Uypeşt”i ilə üz-üzə gələcək. İlk oyun iyulun 12-də “Dalğa Arena”da, cavab görüşü iyulun 19-da Budapeştdə olacaq. Cütün qalibi II təsnifat mərhələsində “Sevilya” ilə qarşılaşacaq.

BIR CAVAB BURAXIN