Səməd Seyidov onu xəyanətdə günahlandıranlara cavab verdi

0
547

Bu gün iqtidaryönlü politoloq Elxan Şahinoğlu müxalif kütləvi informasiya vasitələrində AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovu tənqid atəşinə tutaraq, onu az qala Vətənə xəyanətdə suçlayıb. Səbəb isə odur ki, S.Seyidov Fransa Senatının ermənipərəst deputatı Rene Rukenin dəvətini qəbul edərək Parisdə təşkil edilmiş konfransda iştirak edib.

Səməd Seyidov opponentini sərt şəkildə “savadsız və məhdud” adlandırıb.

“Mən bu insanın mövqeyi ilə tanış oldum və deməliyəm ki, həyatım boyunca belə siyasi savadsızlıq görməmişəm. Bəli, Rene Ruke Parisdə “Avropanın gələcəyi” konfransını təşkil etmişdi və bu tədbirə AŞPA-nın bütün keçmiş sədrləri, Avropa Şurasının baş katibi, səfirlər, hüquq müdafiəçiləri toplanmışdı. Yeri gəlmişkən, bəziləri Azərbaycanı dəvət etmək istəmirdi. Yalnız mənim təkidimdən sonra nümayəndə heyətimiz tədbirə qatıldı.

Bəli, biz doğrudan da R.Rukenin mövqeyini dəyişməyə hazırlaşmırdıq, lakin toplanmış nüfuzlu auditoriyaya Azərbaycanın mövqeyini çatdırmaq borcumuz idi. Ümumiyyətlə, hesab edirəm ki, belə nəhəng meydançanı Azərbaycansız qoymaq savadsızlıq olardı. İştirakımızla biz bir daha sübut etdik ki, Azərbaycan heç kimdən qorxmur, Fransa Senatı isə Rene Rukenin mülkiyyəti deyil.

Təsəvvür edin ki, biz orada Azərbaycanın mövqeyini səsləndirmək imkanına malik olmasaydıq, ölkəmizin ünvanına nə qədər hədyan söylənəcəkdi. Ümumiyyətlə, Azərbaycanın tənqid olunduğu meydançalardan qaçmaq olmaz, əksinə, hər yerdə öz mövqeyimizi planlı şəkildə sübuta yetirməliyik.

Təəssüf edirəm ki, müxalifətin daxilində belə savadsız insanlar var və bu azmış kimi, ölkəmizi izolyasiyaya sürükləmək istəyirlər. Mən bu adamın bütün ittihamlarını rədd edirəm və hesab edirəm ki, o belə bəyanatları savadsızlığı üzündən verir”, – S.Seyidov bildirib.

Virtualaz.org

BIR CAVAB BURAXIN