Sərdar Cəlaloğlu: “Rusiyadan komanda gələn kimi Abbas Abbasov və çevrəsi hərəkətə keçəcək”

0
682

 

2018-ci ildə keçirilməsi gözlənilən prezident seçkiləri yaxınlaşdıqca Rusiyadakı bir sıra qüvvələrin “seçki hazırlıqları”na başladıqları barədə məlumatlar yayılmaqdadır. Yayılan xəbərlərə görə, bu dəfə seçkilərdə Azərbaycan iqtidarına qarşı qurulacaq ittifaqa baş nazirin keçmiş birinci müavini Abbas Abbasov rəhbərlik edəcək. Bu ittifaqa Azərbaycanın daxilindən də bəzi “vurulan” fiqurların daxil olacağı bildirilir. “Yeni Müsavat”ın ötən sayında yayılan xəbərdə deyilir ki, baş nazirin sabiq 1-ci müavini çevrəsinə 2018-ci ildə mütləq Azərbaycana qayıdacağı və seçkilərdə iştirak edəcəyi mesajını verib. “Bunu hansı ”sehrli çubuqla” edə biləcəyi məlum deyil, amma A.Abbasov Kremldə hələ də ona “etimad edildiyi” təəssüratını yarada bilib. İddiaya görə, son aylar onun biznesinə də Rusiyada “yaşıl işıq” yandırılıb, bir neçə iri tikinti şirkətlə ilə əməkdaşlıq şansı yaradılıb. Təsadüfi deyil ki, sabiq deputat oğlunu Dağıstandakı tikinti biznesinə rəhbərlik üçün görəvləndirib. Bu barədə Dağıstan qəzetləri də xəbərlər yayıb” deyə, məqalədə bildirilir.
Serdar C“Yeni Müsavat”a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, Rusiyanın seçkilərlə bağlı xeyir-dua verdiyi ittifaqlar burada hakimiyyəti dəyişmək üçün deyil. Moskva, sadəcə olaraq, bu cür ittifaqlardan özünün şərtlərini qəbul etdirmək üçün təzyiq vasitəsi kimi istifadə edir və bundan sonra da edəcək: “Azərbaycandan xaricə getmiş insanların bir çoxu həmin ölkələrin əlində Azərbaycan hakimiyyətinə və ölkəmizə qarşı sanki bir silahdır. Rusiyada 3 milyon azərbaycanlı var. Bu qədər insan Azərbaycanda yaşasaydı, bacarıqlarını Azərbaycanın inkişafına sərf eləsəydilər, ölkəmiz indikindən dəfələrlə güclü olardı. İndi o üç milyon adamın bir qismi, əsasən də maliyyə imkanı yüksək olan bir sıra insanlar Azərbaycan iqtidarına qarşı Moskvanın bir siyasi silahıdır. İstənilən vaxt o silahdan istifadə edilir. Növbəti prezident seçkilərində də həmin siyasi silahdan istifadə olunacaq. Abbas Abbasov onların içində ən güclülərindəndir. Hamımız bilirik ki, Abbas Abbasov Azərbaycanın içində Moskvanın emissarı idi. Həm Əbülfəz Elçibəyin, həm Heydər Əliyevin zamanında Rusiyanın maraqlarını müdafiə edirdi. İlham Əliyevin zamanında da vəzifədə olduğu dönəmdə bu missiyanı həyata keçirirdi. İndi də gedib Rusiyada o missiyasını yerinə yetirir”.
S.Cəlaloğlunun sözlərinə görə, Azərbaycanın daxilində də Rusiyanın maraqlarını müdafiə edən qüvvələr var ki, onlar da Abbasovun yaratdığı ittifaqda bu və ya digər şəkildə iştirak edəcəklər: “Həmin qüvvələrin çoxu hakimiyyətin daxilindədir. Rusiyadan komanda gələn kimi onlar müxtəlif sahələrdə hərəkətə keçəcəklər. Rusiyanın seçkilərdə təkcə Rusiyadakıları yox, Azərbaycanın daxilindəki qüvvələrini də işə salmaq imkanı var. Müxalifətin də içində Abbas Abbasovun ittifaqında yer alması ehtimalı böyükdür. Azərbaycan müxalifətinin bir qismi iqtidardan o qədər narazıdır ki, özlərinin təbirincə desək, hətta ermənilərlə də bu iqtidara qarşı əməkdaşlıq etməyə hazırdırlar. Hakimiyyət bu insanları o dərəcədə sıxıb ki, onlar bu düşüncədədirlər. Onlar Rusiyanın qurduğu ittifaqlarda iştirak edə bilərlər.
Çox güman ki, bunu Rusiya həm də müxalifətdəki bəzi qüvvələri hərəkətə gətirməklə edəcək. Seçkilər yaxınlaşdıqca şimaldan çox güclü təzyiqlər olacaq”.

BIR CAVAB BURAXIN