Şəmkirdə sahibkarlıq subyektləri ilə görüş keçirilib-FOTO

Şəmkirdə sahibkarlıq subyektləri ilə görüş keçirilib.

“Bu gün təşkil olunan görüş “Açıq mikrofon” aksiyası çərçivəsində ümumilikdə sayca 155-ci, sahibkarlarla isə 40-cı görüşümüzdür. Məqsədimiz sahibkarların problemini yerindəcə dinləmək və SOCAR “Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətləri çərçivəsində mövcud problem və təkliflərinizin həlli istiqamətində sizə köməklik etməkdən ibarətdir.”

Qanunla.Az xəbər verir ki,bu sözləri SOCAR “Azəriqaz” İB-nin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov “Açıq mikrofon” aksiyası çərçivəsində Şəmkir şəhərində sahibkarlıq subyektləri ilə keçirilən görüş zamanı bildirib. Aksiyaya üz tutan sahibkarların müraciətləri əsasən istehlak etdikləri təbii qazın həcminə görə yaranan debitor borcun hissə-hissə ödənişini təmin etməklə istixanalara təbii qazın verilməsi ilə bağlı olub. Aksiyaya Tovuz rayonunun Alakol kəndindən üz tutan sahibkarlıq subyekti Vüqar İsmayılov qaz xəttinin yerinin dəyişdirilməsini (əlavə qapı keçidinin quraşdırılmasını) xahiş edib. Rəşad Cavadov daxil olan müraciətlərin araşdırılmasına dair lazımi tapşırıq verib.
Görüşdə baş direktorun müavini ilə birgə Şəmkir Şəhər İcra hakimiyyətinin başçısının müavini Süleyman Zeynallı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbər şəxsləri, həmçinin SOCAR “Azəriqaz” İB-nin digər məsul şəxsləri iştirak ediblər.