Şəkidəki Babaratma pirindən övlad diləyirlər

0
1032

Bəşəriyyət yarandığı gündən bu günə qədər insanlar həmişə möcüzələr gözləyiblər. Arzularının reallaşması üçün müəyyən üsullara əl atıblar. Əsrlər, qərinələr keçsə belə, insan övladı hələ də nədəsə bir möcüzə axtarır.

Bu gün ölkənin müxtəlif bölgələrində üzərinə parçalar, baş örtükləri bağlanan ağaclara, daşlara rast gəlmək olar. Şəki rayonunun Cuma kəndində yerləşən “Babaratma” pirində olduğu kimi…

Ziyarətgahın nəzarətçisi Məmməd Süleymanov Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışır ki, onun müdaxiləsinə baxmayaraq, insanlar yenə də ziyarətgaha parçalar bağlamaqdan əl çəkmirlər: “Kim gəlir, bura parça bağlayır. Neçə dəfə xahiş etmişəm ki, bura heç nə bağlamayın. Amma insanlar bu batil inancdan əl çəkmirlər. Baxırsan ki, ziyalı adamdır, amma gətirib bura nə isə bağlayır. Qadınlar kişilərə nisbətən belə şeylərə daha çox inanırlar”.

Sözügedən ziyarətgahda yaşı 100-dən artıq olan dağdağan ağacları var ki, insanlar həmin ağaca da, bir növ, sitayiş edirlər. M.Süleymanovun sözlərinə görə, bura qədim ziyarətgah olmaqla yanaşı, həm də qəbiristanlıqdır. Bəzən bura gələn insanlar dağdağan ağacının toxumlarını yerdən yığıb udurlar.

“Bir dəfə cavan bir qadın yerdən toxumları toplayıb ağzına atdı. Soruşdum ki, bunu niyə edirsən? Dedi ki, “övladım olmur, deyirlər, bu ziyarətgahdakı dağdağan ağacının toxumunu udsam, Allah mənə övlad verər”. Dedim ki, “ay anam, ay bacım, burada dəfn olunanların əksəriyyəti qara yaradan, taundan, vəbadan ölüblər. Torpaq süzgəc rolunu oynayır. Sən bu tumları atırsan. Amma bu, dini baxımdan günah, tibbi baxımdan isə ziyandır” – deyə həmsöhbətimiz gileylənir.

  • Şəki rayonunun Cuma kəndində yerləşən Babaratma piri
  • Şəki rayonunun Cuma kəndində yerləşən Babaratma piri
  • Şəki rayonunun Cuma kəndində yerləşən Babaratma piri
  • Şəki rayonunun Cuma kəndində yerləşən Babaratma piriŞəki rayonunun Cuma kəndində yerləşən “Babaratma” piri

Tarixçi Məcid Mehraninin Sputnik Azərbaycan-a danışdığına görə, bu inancların tarixi qədimdir: “Ağacların üzərinə parça bağlamaq ənənəsinin kökü min illərə gedib çıxır. Kimsə insan ayağı dəyməyən əraziyə gedib çıxanda mütləq ağaca nə isə bağlayır, ya da daşın, qayanın üzərinə nə isə yazıb xatirə olaraq saxlayır. Zaman keçdikcə, insanlar o yerə gəlib həmin ağaca xatirə üçün nə isə qoyub gedirlər”.

“İndinin özündə də insanlar hər hansı bir yerdə qəza baş verərsə, həmin yerdə kimsə öz yaxınını itirərsə, o yerə nişanə qoyurlar. Sanki onlar bundan bir az təskinlik tapırlar” — müsahibimiz bildirir.

Tarixçinin fikrincə, bu inancların İslam dini ilə heç bir əlaqəsi yoxdur: “Lap qədimlərdən insanlar totemlərə, bütlərə sitayiş edirdilər. Bundan başqa, haradasa fərqli ağac bitirdisə, bunu möcüzə adlandırırdılar və ona sitayiş edirdilər. İndi insanlar təkallahlılığı qəbul etsələr də, yenə şüuraltı, özləri belə bilmədən çoxallahlılığa meyllidirlər. Hər hanısa bir ağacdan, qəbirdən imdad diləyirlər”.

Bərdə İmamzadə Kompleksi
Mehrani hesab edir ki, bu etiqadların insanların beynindən silinməsi üçün əsrlər lazımdır: “İnkişaf etmiş ölkələrdə insanlar özlərinə və Tanrıya inanırlar. Məsələn, bir amerikalı heç vaxt gedib hansısa ziyarətgaha parça bağlamaz. O düşünər ki, bu ağac onun istəyini həyata keçirə bilməz. İnkişaf etməmiş ölkələrdə isə insanlar bir növ acizdirlər və ağacdan, daşdan yardım umurlar. Tutaq ki, bir ağaca kimsə parça bağlayıbsa və onun arzusu reallaşıbsa, gedib bunu hər yerə yayır. Beləliklə, onun parça bağladığı həmin yer müqəddəs və möcüzəvi yer olaraq məşhurlaşır. Bəzi insanlar da bundan mənfəət əldə etmək üçün sui-istifadə edirlər”.

Hələ bir 100-200 il əvvəl Mirzə Fətəli Axundov, Üzeyir bəy, Sabir, Mirzə Cəlil və digər görkəmli ziyalılarımız müsəlman aləminin məzlumluğundan, cahilliyindən, sivilizasiydan kənarda qalmasından, mövhumatından yazır, onları “qamçılayırdılar”. Təəssüf ki, əsrlər keçməsinə baxmayaraq, hələ də bu ədiblərimizin əsərləri öz aktuallığını qoruyub saxlayır. Demək ki, dahilərimizin xurafatla mübarizəsi hədər gedib.

 

BIR CAVAB BURAXIN