ŞƏHADƏT ZİRVƏSİNƏ UCALAN ŞAİR

0
309

Son sözü “HƏR ŞEY VƏTƏN ÜÇÜN…” oldu.Bütün şeirlərini qoyduq bir kənara, şəhid şairimiz Xəyyamın bu bir kəlmə sözünü yaddaşımıza,ürəyimizə həkk elədik. Dostlarının onu yola salarkən çəkdiyi video görüntüsündə “Xəyyam, video çəkirik, nə demək istəyirsən?” sözünə əl sallayıb ürkək baxışıyla, cəsur ürəyi ilə “Hər şey vətən üçün” deyib vida etmişdi. Sanki ürəyinə danmışdı bu vidanın son vida olduğu. Son şeir paylaşımlarında da xeyli ayrılıqdan bəhs edərdi:

Məni itirməyi asanmı sandın?

Axtarsan, bir daha tapa bilməzsən.

Gedərəm, izimə düşsən də mənim,

Qaçsan da arxamca, çata bilməzsən.

Şəhidlik elə bir zirvədir ki, ora ancaq Allahın yer üzündə seçilmiş bəndələri ucalır. Şəhidlik zirvəsinə Xəyyam öz təmiz əqidəsi ilə, vətənpərvər ruhuyla layiqlilik qazanmışdır. Xəyyamı tanıyan hansı şair dostundan, tanışından onun haqqında soruşursan “Allah rəhmət eləsin, çox yaxşı insan idi” deyir. Hələ bizim qiraətçi Zümrüd ananın göz yaşları heç səngimək bilmir: “Görən eşitdiyim doğrudurmu?”-sualını verib hönkür-hönkür ağlayır. Xəyyamın özü çox gözəl şeir səsləndirsə də, axırıncı dəfə “Mən olmayanda” şeirini Zümrüd xanımın qiraətində eşitmək istəyib.

Köçsəm bu dünyadan zamansız, əgər,

Hönkürüb ağlama, mən olmayanda.

Bir-iki şəklimi saxla yadigar,

Hərdən bir baxarsan, mən olmayanda.

Qələbə tariximizə vətənpərvər şəhid şair kimi iz salaraq, Vətən deyə döyünən ürəkləri şəhadətə ucalmaqla fəth edən Xəyyam şəhid olmaqla ölümsüzlük qazandı. Qarabağın işğal altında olması onu çox narahat edirdi. Ona görə müharibəyə getmək üçün könüllü hərbi komissarlığa ərizəsini vermişdi. Şuşa şeirində belə bir misrası var  – “Sən göz dağısan qeyrətini satanlara”.  Əminəm ki, Xəyyamın ruhu şaddır bu gün. Şuşa onun kimi qeyrətli, cəsur oğullarımız sayəsində azaddır. Xəyyamı şeirləri ilə sosial şəbəkədən tanısaq da, həyatı haqqında bacısı ilə danışıb, ətraflı məlumat aldım. Bacısı Hənifə xanım Xəyyam haqqında danışdıqca qəhər boğazında düyünlənirdi… “Xəyyamın çox gözəl səsi var idi. Atam da musiqiçidir, o baxımdan bizdə musiqiyə böyük həvəs olub. Uşaq vaxtı bütün məktəb tədbirlərində ikimiz bir yerdə gedib oxuyardıq. Ən böyük arzusu konservatoriyada oxumaq olmuşdu. Əsgərlikdən gələndən sonra da işləməli oldu deyə, tələbə olma arzusunu gerçəkləşdirə bilmədi. Şeir yazmaqla yanaşı yaxşı rəsmlər çəkərdi.Biz iki bacı, bir qardaş olmuşuq. O, bizim yaxşı təhsil almağımızı çox istəyirdi. Mən konservatoriyanı oxuyub bitirmişəm.İstəyirəm onun arzuladığı kimi öz aldığım təhsil üzrə işləyim. Bilirəm, onun ruhu çox şad olacaq. Xəyyamın yoxluğu anamı çox sarsıdıb,deyir kaş evləndirərdim, bir yadigar balası qalardı,qoxusunu ondan alardıq. Heyf…Tək təsəllimiz Qarabağın işğaldan azad olması və şəhidlərimizin qisasının alınması oldu”. 

Hüseynov Xəyyam Hüseyn oğlu 1996-cı il iyulun 11-də Göyçay rayonunun Məlikkənd kəndində anadan olub. 2002-ci ildə Məlikkənd kənd orta məktəbində  1-ci sinfində oxumağa başlayıb. 2013-cü ildə həmin məktəbi bitirib. 2014-cü ildə Beyləqanda Hərami düzündə ön cəbhədə hərbi xidmətdə olub. Tovuz döyüşlərində Generalımız Polad Həşimovun şəhid olması bir çox gənc kimi Xəyyama da çox pis təsir edir. Bu ağır itki və hələ də torpaqlarımızın işğal altında olması onu rahat buraxmır. Hərbi komissarlığa gedib, könüllü olaraq döyüşə yazılır. Sentyabrın 21-də Hərbi komissarlıqdan çağırıb Goranboya yollayırlar. Tapqaraqoyunluda gedən döyüş vaxtı şəhid olur. Sentyabrın 28-i Göyçay rayonunda böyük bir izdihamla, VƏTƏN SAĞOLSUN sədası altında dəfn olunur. Məkanın cənnət olsun, müharibə şairi, şəhid şair!

Sonda şəhid şairimiz Xəyyam Hüseynovun  Dünya adlı şeirini təqdim edirik.

DÜNYA

Yenə od qalayıb sinəmiz üstə,

Çəkib səbrimizi sınağa dünya.

Polad biləkləri, dağ vüqarları,

Əridib,döndərib yumağa dünya.

**************************

Hərdən layla çalır, ürək dağlayır,

Hərdən vulkan kimi coşub çaglayır.

Yetimin, kasıbın belin bağlayır,

Gücünü göstərir fağıra, dünya .

************************

Haqdan pay umurlar, haqqa girənlər,

Nədənsə çoxalır toxdan ölənlər.

Bir yalan söz üstə dili kəsənlər,

Bəs niyə çəkilib qırağa, dünya?

*************************

Xəyyam,sözlərini götür-qoy eylə,

Enişi,yoxuşu döndər, yol eylə.

Kövrək ürəyimdə dərdi bol eylər,

Bilirəm, qənimdi canıma dünya.

Aysel Nəsirzadə

Arazinfo.com

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

seventeen − 1 =