Rüsumların 3 dəfə azaldılması, kərə yağını 78 qəpik ucuzlaşdıracaq

0
491

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Azərbaycan ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə müvafiq dəyişiklik edərək kərə yağı və digər süddən hazırlanan yağlar üçün tətbiq edilən gömrük idxal rüsumunu 15%-dən 5%-ə düşürüb. Arazinfo.com Yeniavaz.com-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin qərarına münasibət bildirən Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov qeyd edib ki, əhali bunu tez bir zamanda hiss edəcək: “Rüsumlar azaldılıbsa, bu, kərə yağının pərakəndə satış qiymətinə də təsir edəcək. Beləliklə, rüsumlar 10% və ya 3 dəfə azaldılıb”.

Bəs görəsən, gömrük idxal rüsumunu 15%-dən 5%-ə düşürülməsi Gömrük Komitəsinin idarə rəisinin dediyi kimi, kərə yağının pərakəndə satış qiymətini hiss ediləcək səviyyədə azalda biləcəkmi? Məlumat üçün bildirək ki, Gömrük Komitəsinin açıqladığı sonuncu məlumatda bildirilir ki, bu ilin ilk 9 ayı ərzində Azərbaycana xarici ölkələrdən 49 milyon 65 min dollar dəyərində 10,8 min ton kərə yağı və digər süddən hazırlanan yağlar idxal olunub. Bu isə o deməkdir ki, Azərbaycana idxal olunan kərə yağının 1 kiloqramının gömrük dəyəri 4,5 dollar və ya mövcud məzənnə ilə 7,8 manata bərabərdir. Nazirlər Kabinetinin sonuncu dəyişikliyindən əvvəl gömrük dəyəri 7,8 manat olan kərə yağının üzərinə 1,17 manat (15%) rüsum əlavə olunurdusu, bu dəyişiklikdən sonra kərə yağının üzərinə 39 qəpik (5%) əlavə olunacaq. Rəqəmlərdən də göründüyü kimi dəyişiklikdən sonra 1 kiloqram kərə yağının qiymətində 78 qəpik (10%) azalma olacaq. Hazırda gömrük dəyəri 7,8 manat olan kərə yağının pərakəndə satış qiymətinin 19-20 manat arasında dəyişdiyini nəzərə alsaq, gömrük rüsumunun 78 qəpik həddində azaldılması o deməkdir ki, kərə yağının pərakəndə satış qiyməti 18 manatdan aşağı olmayacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

nineteen − two =