Ruslara qarşı vuruşan partizanlar – Azərbaycanda kəndli üsyanları

0
781

Ruslara qarşı vuruşan partizanlar - Azərbaycanda kəndli üsyanları

Molla Əhməd, Nəbibəyli Bəhram, Cabbar bəyin mübarizəsi

1920-ci ildə Azərbaycan Cümhuriyyəti ruslar tərəfindən işğal edildikdən sonra ölkə ərazisində soyğunçuluq, talançılıq, qətliam, güllələnmə kimi hadisələrə start verildi. Bolşeviklər bir tərəfdən millətin ziyalılarını, siyasətçilərini, hərbçilərini güllələyir, digər tərəfdən bölgələrə təyin etdiyi adamlar vasitəsilə xalqın milli müqavimət əzmini qırmağa çalışırdılar. Təbii ki, yenicə azadlığı dadmış xalq bu cür zülmə asanlıqla baş əyməyəcək, mübarizə aparacaqdı. Belə də oldu.

Azərbaycanda 1920-ci ildən 1937-ci ilə qədər kəndli üsyanları kimi də tarixə keçən milli müqavimət hərəkatı başladı.

Sovet dönəmində bu üsyanlar müxtəlif romanlarda, filmlərdə fərqli rakurslardan təqdim edilsə də, bu haqda demək olar ki, danışılmayıb. Müstəqillik illərində isə üsyanın aktiv olduğu bəzi bölgələrdəki hadisələr barədə kitablar, məqalələr yazılıb. Amma yenə də 17 il davam edən bu mübarizə barədə sistemli tədqiqatlara ehtiyac var.

Azərbaycandakı kəndli üsyanları mühacirət mətbuatında da önəmli yer tutub. Xüsusən, “Bildiriş” qəzetinin əksər sayında hərəkat və onun liderləri haqqında müntəzəm məlumat verilib, mühacir Mirzəbala Məhəmmədzadə “Azərbaycanda kəndli hərəkatı” adlı silsilə məqalələr yazıb.

“Bildiriş” M.Məhəmmədzadənin redaktorluğu ilə İstanbulda Azərbaycan mühacirlərinin çıxardıqları həftəlik siyasi qəzet olub. 1930-cu ilin 7 avqustunda nəşr olunmağa başlayan bu qəzetin ilk sayının imtiyaz sahibi Abbasqulu Kazımzadə, məsul müdiri Kamal olub. Qəzet həftədə bir dəfə cümə axşamı dörd səhifədən ibarət olaraq nəşr olunub. Qəzetin son sayı 1931-ci il 10 sentyabr tarixində çap edilib.

Əlimizdə bu qəzetin bütün sayları mövcuddur və bu gündən etibarən Azərbaycandakı kəndli hərəkatları ilə bağlı silsilə yazılar təqdim edəcəyik. Əlbəttə, “Bildiriş”dəki yazılarda subyektivlik, yanlışlıqlar mümkündür. Çünki hələ ilk gündən dəmir pərdəyə çevrilən Sovet imperiyasından məlumat almaq heç də asan deyildi. Ona görə də bizim məqsədimiz hərəkatın mahiyyətinə anlamaq üçün edilən cəhdlərdir.

***

Naxçıvan partizanları: “On ildir ki, bizi aldadırsınız!”

Qəzetin ilk sayında verilən kiçik xəbərdən öyrənirik: “Qarabağın Zəngəzur bölgəsində Hüseyn bəyin idarə etdiyi partizanlar qırmızı ordu hissələrini məğlub və pərişan edərək silahlarını alıblar. Naxçıvan yaxınlığında Tuxarekinin komandanlığında qırmızı rus əsgərləri üsyançılara hücum etsələr də, qırmızı əsgərlərin bir qismi üsyançıların tərəfinə keçdiyinə görə, qaçmağa məcbur olublar. Üsyançıların əlinə top, metralyoz, külli miqdarda silah keçib”.

Qəzetin 14 avqust 1930-cu il tarixli ikinci sayında verilən xəbərdə deyilir: “Azərbaycanın Şəki, Qarabağ və Gəncə vilayətlərində iyul ayı ərzində 700-ə qədər kəndli həbs edilib. Onlar kəndlərdə kollektivləşdirməyə mane olmaqda ittiham edilirlər”.

Yenə qəzetin bu sayından öyrənirik ki, Borçalı və Qazaxdan 150-yə qədər türk kəndlisi Qarsa mühacirət edib, bu zaman rus əsgərləri ilə qanlı qarşıdurma baş verib.

Qəzetin 21 avqust 1930-cu il tarixli 3-cü sayında verilən məlumata görə, Muğan, Lənkəran və Quba vilayətlərində yenidən kəndli üsyanları baş verib: “Üsyana səbəb kommunist hökumətinin kəndlilərin ərzağını zorla əllərindən almaları və kəndliləri səfalətə məhkum etmələri olub”.

Bu sayda olan digər önəmli xəbər Naxçıvan partizanlarının əyalət komissarı Bahadır Vəlibəyova verdiyi cavabla bağlıdır. Belə ki, üsyanı yatırmaq istəyən komissar partizanların rəisi Xəlil bəy və nümayəndələrlə görüşür, onlardan soruşur: “Nə üçün dağlara çıxıbsınız. Nədən razı deyilsiniz? Qanunlarımızın hansı sizin xoşunuza gəlmir? Söyləyin, biz qanunu dəyişək, hökumətə təslim olun, istədiyinizi edək”. Partizanların nümayəndəsi buna cavab olaraq deyir: “Bu, imkansızdır, biz artıq Sovet hökumətinə etimad etmirik. On ildir ki, bizi aldadırsınız, artıq bəsdir. Sizin qanunlarınızı çox yaxşı bilirik. Qanunsuzluqdan başqa bir şey deyil. Müzakirə başlamaq istəyirsinizsə, hər şeydən əvvəl həbsxanalara doldurduğunuz kəndliləri azad etməlisiniz”.

İranın çirkin addımı

4 sentyabr 1930-cu ildə çap olunan 5-ci sayda verilən məlumata görə, Azərbaycan, Gürcüstan və Şimali Qafqaz partizanları Zaqatala dağlarında toplanaraq bolşevizmə qarşı birgə mübarizə aparmaq barədə razılığa gəlib, bərabər hərəkət etməklə bağlı plan qəbul ediblər. Eyni xəbərdə deyilir ki, Kürdəmir stansiyası yaxınlığında partizanlar əsgər aparan qatarı saxlayaraq bir çox qırmızı ordu əsgərlərini və kommunistləri öldürüblər. Həmçinin bir qrup partizan həbsxanaya hücum edərək 300 məhbusu azad ediblər.

Qəzetin bu sayında bolşeviklərin zülmünə məruz qalan kəndlilərin İrana qaçmaları və orada yenidən zülmə məruz qalmalarından da bəhs edilir: “Aldığımız məlumata görə, Qafqaz Azərbaycanında davam edən hadisələr nəticəsində İrana qaçan Azərbaycan qaçqınları son dərəcə ağır və pərişan vəziyyətdədirlər. Əksəriyyəti kəndli olan minlərlə möhtac mühacir aclıqdan ölümə məhkum olublar. Onlara kömək edəcək heç bir təşkilat və qurum olmadığı üçün müxtəlif xəstəliklərdən qırılmaqdadırlar. Mahmud xan Əfşar və İran mətbuatı “ermənilərlə qan və irq qardaşlığından” hərarətlə bəhs etdikləri halda, Ərdəbil, Qaradağ, Maku və Təbrizdə aclığa məhkum olan azəri qaçqınlar həbs edilərək zindana atılırlar”.

Qəzetin 1930-cu il 11 sentyabr tarixli 6-cı sayı “Kəndlilər qalib gəldi” başlığı ilə çap olunub. Xəbərdə deyilir ki, ərzaq məsələsində Sovet hökuməti məğlub oldu: “Kəndlidən ərzaq toplanması üçün əvvəlcədən tərtib olunmuş plan puç oldu. Kəndli məhsulunu vermədi və kommunist diktaturasını bütün gücünü səfərbər edib kəndli üzərinə göndərsə də, silahsız kəndlilər bu açıq iqtisadi mücadilədən qalib çıxdı”.

Yenə bu sayda kəndli üsyanları haqqında belə məlumat verilir: “Şahtaxtı ilə Ordubad arasında üsyançılarla qırmızı ordu əsgərləri arasında qanlı mübarizə davam etdiyi üçün Culfa-Naxçıvan-İrəvan dəmir yolu xətti çox vaxt işləmir. Gəncə ilə Bakı arasındakı qatarları əsgərlər müşayiət edir. Kommunistlər qəzalara getməkdən imtina edirlər. Bir çox məmur qəzalarda işlərini buraxıb qaçıblar.

Qəzetin 7-ci sayından isə öyrənirik ki, Muğan, Lənkəran, Şirvan, Gəncədə kəndlilərdən ərzaq toplanılmasına qarşı etiraz olub. Kəndlilər ərzaq arabalarına hücum edərək mallarını geri alıblar.

Müseyib bəyə qoşulan ermənilər

Qəzetin 9-cu sayında verilən xəbərdən aydın olur ki, kəndli üsyanları geniş vüsət alıb: “Qarabağ vilayətində üsyançıların üzərinə göndərilən 600 nəfərlik rus qoşunu Cəbrayıl qəzasının Serik məhəlləsində üsyançılar tərəfindən məhv ediliblər. Gəncə vilayətinin Samux meşələrində toplanan partizanların başına Ramazan oğlu Rüstəm bəy keçib… Sarı Yaylaq dağlarında olan partizanları Cabbar adlı sabiq milli ordunun zabitlərindən biri idarə edir… Ermənilərlə türklərin qarışıq olduğu yerlərdə ermənilər və türklər ruslara qarşı vahid cəbhə təşkil ediblər. Məsələn, Müseyib bəyin partizan dəstəsində 80 erməni var”.

Bəhram Nəbibəyli və İsa xanın şəhadəti

Qəzetin 1930-cu ildə çap olunan 12-ci sayında üsyanların liderlərindən də bəhs edilir: “Gəncəbasarda Molla Əhmədin partizan dəstəsi başda Gəncə siyasi bürosunun rəisi Əliyev olmaqla Gəncədən-Zəyəmə gedən 8 vəzifəli kommunisti öldürüblər. Cəbrayıl qəzasında sabiq milli ordu zabitlərindən Cabbar bəyin komandanlığında 70 partizan hərəkət edir. Ağdam qəzasında göytəpəli Ağa Mirfəttahın 400 nəfərlik dəstəsi var. Şəki partizanlarını idarə edən zabitlərimizdən Nəbibəyli Bəhram bəy şəhid olub. Hərəkatı zabit İsmayıl əfəndi və qəssab Hüseyn əfəndi idarə edir. Qazax-Borçalı partizanlarının rəisi İsa xan sentyabrın sonunda bir hiylə nəticəsində şəhid olub… Son hadisələr nəticəsində Azərbaycandan Türkiyəyə mühacirət edənlərin sayı çoxalıb. Sentyabrın 20-də İrana 200-dən çox azəri kəndlisi keçib. Onlar ailələri, uşaqları ilə birgə keçiblər. Arazın ətrafında 600-700 nəfərlik qafilə o tərəfə keçmək üçün fürsət gözləyirlər”.

Qəzetin bu sayında üsyanları yatırtmaq üçün Rusiyadan yeni qüvvələrin gətirildiyi xəbəri də var: “50 nəfərlik partizan dəstəsinin üstünə 2000 nəfərlik rus əsgəri göndərilir. Partizanların qadınlarını, qızlarını, uşaqlarını da ələ keçirir, namuslarına təcavüz edir, öldürürlər”.

İngilis qadının gördükləri

Qəzetin bu sayında bir ingilis qadının gördüklərinə də yer verilib: “Türküstan və İranı dolaşaraq İngiltərəyə dönən və “Deyli Teleqraf” qəzetinə səyahət müşahidələrini yazan bir ingilis xanım məqaləsində deyir: “Bu səyahətlərdə çox zəhmət çəkdim. Fəqət Rusiyadan qaçan mühacirlərin boğulmaq təhlükəsini nəzərə almadan yüzlərcəsinin özlərini Araz çayına ataraq İrana keçmələrinin qorxunc mənzərəsi məni ciddi şəkildə qorxutdu””. Xəbərin sonunda qəzet belə bir qeyd verib: “Araz İranla Qafqaz Azərbaycanı arasında yerləşdiyi üçün ingilis xanımın gördüyü zavallı mühacir qafiləsi Sovet cəhənnəmindən qaçan azəri türklərdir”.

Böyük üsyan və bolşeviklərin yandırdığı 42 kəndli – Gizli tarix

Qəzetin 1930-cu ildə çap olunan 13-cü sayında üsyançıların Kür çayı üzərindəki körpünü partlatmalarından bəhs edilir:

“… Qarabağda bir həftə davam edən qarşıdurma nəticəsində qırmızılar çəkilməyə məcbur olublar. Bolşeviklərin verdikləri məlumata görə, Qarabağ qarşıdurmasında partizan rəislərindən Sultanov öldürülüb. Muğan çölündə partizan hərəkatı artmaqdadır… Üsyançılar Bakı-Culfa dəmir yolunu, Kür çayı üzərindən keçən körpünü partladıblar”.

Azərbaycan qadınlarının fədakarlığı

Yenə qəzetin bu sayından partizanlara dəstək olan azərbaycanlı qadınların fədakarlığı haqqında maraqlı bilgi oxuyuruq:

“Gəncə, Qarabağ, Şəki, Ağdaş, Göyçay və Muğan vilayətlərində hərəkət edən partizanlara ərzaq və cəbbəxana daşımaqda ittiham edilən 200-dən çox Azərbaycan qadını rus qırmızı ordu komandanlığı tərəfindən həbs edilərək Şimali Rusiyaya sürgün ediliblər. Sürgün edilən qadınlar arasında 16-17 yaşlı gənc qızlar, qoca və hamilə qadınlar da vardır”.

Qəzetin 14-cü sayında partizan hərəkatlarının Tovuz və Zaqatala dağlarında, həmçinin Samuxda şiddətləndiyi bildirilir:

“Ruslar qışa ümid edirlər. Bu məqsədlə dağ keçidlərinə ordu, silah, külli miqdarda cəbbəxana yığıb gözləyir, partizanların yolunu kəsməyə çalışırlar”.

İrəvan ÇEKA rəisinin öldürülməsi

Qəzetin 1930-cu ildə çap olunan 17-ci sayında Vedibasardakı partizanların başçısı Qənbərdən bəhs edilir:

“Tovuz dağlarında fəaliyyət göstərən partizan dəstəsinə qoşulanların sayı gündən-günə artmaqdadır. Vedibasarda Qənbər adlı biri tərəfindən idarə edilən partizan dəstəsi də müdhiş fəaliyyət göstərərək İrəvana gedən qatara hücum edib, qatarda olan bir neçə kommunisti, o cümlədən İrəvan ÇEKA rəisini öldürüblər”.

Qəzetin 19-cu sayında kəndlilərin kolxozlara hücum etmələri, kommunistləri və kollektivləşmə məmurlarını məhv etdikləri qeyd olunur: “Məhəmmədqasım bəyin başçılığı ilə 500, Əsəd Köhanın başçılığı ilə 300 nəfərdən ibarət Samux partizan dəstələri Sovetlərə qarşı mücadiləyə davam edirlər. Kür çayı sahilində Samux və Şəki partizanları Yevlax stansiyasına hücum edərək qırmızı ordu ilə qarşıdurmaya giriblər. Dəmiryoluna zərər dəydiyi üçün Bakı-Tiflis qatarı üç gün işləməyib”.

Sarı Qafarın cəsarəti

Qəzetin 20-ci sayında Təbriz müxbirinin verdiyi maraqlı məlumatla qarşılaşırıq:

“… Gəncə ətrafında fəaliyyət göstərən, hər kəs tərəfindən tanınan Sarı Qafarın dəstəsi açıq hücumlar etməkdədir. Sarı Qafarın dəstəsi Gəncənin Dağlıq Kabak kəndində cəsarəti ilə tanınan Pirverdinin və Göyçə qəzasının partizan rəislərindən Qurbanın dəstəsi ilə birləşdikdən sonra yüzdən çox üzvə malik olub. Gəncənin aran və dağ kəndlərində kommunistlərə, komsomollara və kolxoz təşkilatlarına hücum edən bu qrup Zağalıda kənd icraiyyəsi rəisi və iki kommunisti öldürüblər. Aran kəndlərində də Ziyadlı kolxoz rəisi onlar tərəfindən qətlə yetirilib. Sarı Qafarın qorxusundan kommunistlər, komsomollar, kolxoz məmurları və kolxoz təşkilatına mənsub olanlar kənddən kənara çıxa bilmirlər. Kəndlilər də Qafarın təhdidini bəhanə edərək kolxozlara getməkdən imtina edirlər. Aktiv fəaliyyətə davam edən partizan dəstələrindən biri də Molla Əhmədin (Hacı Axundun) dəstəsidir. Sovet hökuməti ona çox əhəmiyyət verdiyi üçün hərbi qüvvə göndərsə də, əsgərlər silahlarını buraxaraq qaçıblar. Hacı Axund hətta əsir aldığı rus əsgərlərini azad edib”.

Qəzetin bu sayından onu da öyrənirik ki, bolşeviklər mallarını hökumətə vermək istəməyən kəndliləri güllələyir, ən yaxşı halda isə həbs edirlər. Məsələn, Gəncənin Alıncalı kənd sakini Balabəy Əsgəroğlu 4 ton buğdasını vermədiyi üçün məhkəmə güllələnməsinə hökm verib. Digər iki kəndli isə il yarım müddətinə həbs edilib.

Xədicə xanımın həbsi

Qəzetin 1931-ci ildə çap olunan 23-cü sayında Cümhuriyyət dönəmində Gəncənin qubernatoru olmuş Xudadat bəy Rəfibəylinin yoldaşı Xədicə xanımın da həbs edildiyi bildirilir:

“Qazax ilə Gəncə arasında fəaliyyət göstərən partizan dəstələri Şəmkir, Zəyəm, Tovuz dəmiryolu körpülərini və yeni inşa edilən Bakı-Batum neft borusuna ziyan vurublar. Yenə eyni dəstə Zəyəm kooperativinə hücum edərək oradan 300-400 ayaqqabı və paltar götürüb mücahidlər arasında bölüblər. Bundan başqa Şəmkir qəzası Seyfəli kənd kooperativ rəisini qətlə yetiriblər… Partizan dəstələrinin aktiv fəaliyyəti ilə əlaqədar olaraq Gəncədə kütləvi həbslər başlayıb. Tutulanlar arasında şəhid Xudadat bəy Rəfibəylinin zövcəsi Xədicə xanım da vardır”.

Yandırılan 42 kəndli

“Bildiriş”in 1931-ci ildə çap olunan 25-ci sayı “Azərbaycanda bolşevik vəhşəti. Bolşeviklər 42 kəndlini necə yandırdılar? Səbəbsiz güllələnən kəndlilərdən bir neçəsinin adı” başlığı və yarımbaşlığı ilə nəşr olunub. Təbriz müxbirinin verdiyi xəbərdə yazılır:

“Son günlərdə bolşeviklər Qarabağ yaylaqlarında 42 kəndlini həbs ediblər. Onlar qaçaqlara, üsyançı kəndlilərə kömək etməkdə ittiham edilirdilər. Onların əllərini və gözlərini bağladıqdan sonra Bakı-Culfa dəmiryolu üzərindəki Koraviz stansiyası yaxınlığında iki quyuya salıb, yuxarıdan bir neçə dəfə atəş etdikdən sonra qaz yağı səpərək od vurublar. Qarabağ vilayətinin Cəbrayıl qəzasına bağlı Hacıkənddən Müzəffər, Alış, Əliş, Bahadur bəylər, Qaraxanbəyli kəndindən Emin, Əli bəylər, Halfeşe kəndindən Sarı xan və digərləri bolşeviklər tərəfindən güllələniblər. Azərbaycan qəzalarında kəndlinin silahını toplamaq üçün kommunistlərdən ibarət “beşlər” və “üçlər” adlanan heyətlər təşkil edilib. Bu heyət 5-10 ağsaqqalı cəlb edərək Qurana and içdirdikdən sonra onların vasitəsilə silah toplamağa başlayıblar. Silah verməyənlər də mühakimə edilib güllələndiyi kimi, verənlər də üsyanla əlaqəli hesab edilərək öldürülüblər. Buna görə də hər kənd azı 5 nəfər qurban verib. Naxçıvanın Keçili kəndində 17-si qadın olmaqla 70 kəndli qətlə yetirilib. Onlar ərzaq verməməkdə ittiham olunublar”.

Qəzetin yenə bu sayından öyrənirik ki, iki ay ərzində məhsulunu hökumətə vermək istəməyən 256 kəndli, 12 möhtəkir, 53 sovet məmuru həbs edilib. Onların bir qismi güllələnib, bir qismi isə həbs edilib.

Partizanların birləşməsi

Qəzetin 26-cı sayında isə partizan dəstələrinin birləşərək Gəncəni bolşeviklərdən təmizləmək istəmələri haqqında məlumat verilir:

“Gəncə ətrafında olan üsyançı kəndlilərin Samux, Gədəbəy, Tovuz və s. dəstələri və onlara köməyə gələn Qazax, Borçalı, Şəki, Zaqatala partizan dəstələri birləşərək 5000 nəfərlik güc ilə Gəncəyə hücum etməyə qərar veriblər. Kommunistlər arasında təşviş hökm sürür. Şəhərə Bakıdan və Tiflisdən hissə-hissə rus əsgərləri gətirilməkdə və türk əsgərləri uzaqlaşdırılmaqdadır. Gəncə kommunist firqəsi rəyasətinə təyin edilən Əliheydər Qarayevin səlahiyyətləri artırılıb”.

70 yaşlı partizan

Qəzetin 29-cu sayında Şəmkir ilə Zəyəm arasındakı Qanlı Qobu dərəsində ruslarla partizanlar arasında baş verən qarşıdurmadan bəhs edilir:

“6 gün davam edən qarşıdurmada ruslar külli miqdarda tələfat veriblər. Partizanlardan 7 nəfər həlak olub. Onların arasında Koruluh kəndindən 70 yaşlı Əbdüləli adında bir mücahid də vardır. Qarşıdurmada Hacı Əhmədin dəstəsi ilə birgə samuxlu Məhəmmədqasım və Ramazan oğlu Rüstəmin dəstələri də iştirak ediblər. Partizanları silah və fişənglə təchiz etmək ittihamı ilə Gəncədə bir çox adam həbs edilib”.

Qəzetin 30-cu sayında isə bu hadisənin davamı haqqında məlumat verilir: “Son Qanlı Qobu müharibəsində şəhid olan koruluhlu Əbdüləlinin cənazə mərasimində iştirak etdiyi zaman Zəyəm-Şəmkir partizan rəislərindən Ramazan oğlu Rüstəm qırmızı əsgərlər tərəfindən mühasirəyə düşüb. Bir gün atışmadan sonra bir neçə yerindən yaralansa da, çənbəri yarıb qurtula bilib”.

Partizanlarla mübarizədə bolşeviklər ən çirkin addımlara əl atırdılar. Qaçaqları ələ keçirə bilməyən əsgərlər qisası onların ailələrindən alırdılar. Qəzetdə verilən xəbərdən öyrənirik ki, partizan ailələrindən ibarət 172 nəfərlik qafilə Quba qəzasına sürgün edilib, acı-səfil vəziyyətdə saxlanılıblar.

Qəzetin 26 mart 1931-ci il tarixli 34-cü sayında Gəncə ətrafında anarxiyanın hökm sürdüyü bildirilir:

“Gəncə qəzası anarxiya içindədir. Qoca oğlu Həsən, Cəmşid, Nadir, Saleh, Əli, İsfəndiyar, Abidin və digərlərinin rəhbərlik etdiyi partizan dəstələri Gəncə qəzasının Ortakənd nahiyəsində Ağcaqala, Qasımbəyli, Səfikürdlü, Goran, Qızılhacılı, Gülüstan, Molla Vəlili, Qaraqoyunlu kəndlərinə hücum edərək kolxozları, kooperativləri dağıdaraq bir çox vəzifəli kommunisti öldürüblər. Ağdam qəzasında borsunlu Məhəmmədlə nəzirli Əşrəfin partizan dəstələri Mehdixanlı, Cinli və s. kəndlərin kommunist və sovet təşkilatlarına ziyan vurublar. Qarşıdurmada kommunist qrupları idarə edən erməni Balayev öldürülüb. Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarındakı partizanlar serikli Nəzər, zəngəzurlu Mirhəsən başda olmaqla rus ordusu ilə qarşıdurmaya giriblər. Savaş əsnasında gənc Əli Məhərrəm oğlu və Xanlar adlı iki partizan şəhid olub. Ruslardan 25 nəfər ölüb, 11 nəfər isə yaralanıb”.

P.S. Yazıda adı keçən bəzi kənd adlarının hansı kəndlər olduğunu müəyyənləşdirə bilmədiyimiz üçün qəzetdə təqdim edildiyi şəkildə saxlamışıq.

Davamı var…

Müəllif: Dilqəm Əhməd

BIR CAVAB BURAXIN