Rusiyanın işğalçılıq siyasəti NATO-nu Gürcüstana gətirir

0
720

 

Son illərdə Gürcüstanın NATO-ya üzv olması istiqamətində atılan addımlar tədricən öz nəticəsini verməkdədir. Bu baxımdan NATO Parlament Assambleyasının Tbilisidə keçirilən növbəti sessiyası Gürcüstanın NATO-ya üzvlüyü məsələsinin artıq geriyə dönməz xarakter aldığını ortaya çıxarıb. Təsadüfi deyil ki, Gürcüstanın NATO-ya üzvlüyü məsələsinin artıq reallığa çevrilməkdə olduğuna diqqəti cəlb edən NATO Paralment Assambleyasının prezidenti Paolo Alli Gürcüstanı hərbi alyansın cənub qanadında etibarlı tərəfdaş adlandırıb. Baş nazir Georgi Kvirikaşvili ilə görüşdə Paolo Alli Gürcüstanı Avropa üçün həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan önəmli ölkə adlandırıb. Gürcüstanı Cənubi Qafqaz bölgəsində və Avropada sabitlik adası adlandıran Alli NATO-nun bu məsələni xüsusi diqqət mərkəzində saxladığını vurğulayıb: “NATO Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və onun ərazilərinin bir hissəsinin işğalı faktını pisləyir. Biz hərbi alyans olaraq həmişə Gürcüstanın yanındayıq. Çünki Gürcüstanı müdafiə etməklə Avropanın təhlükəsizliyini təmin etmiş oluruq”.

Əslində Paolo Allinin bu açıqlaması Rusiyanın Gürcüstanın NATO-ya üzv olmasına mane ola bilməyəcəyinə vurulan işarə idi. Öz növbəsində Gürcüstanın İctimai televiziyasına müsahibəsində NATO Baş katibinin müavini Rouz Gettemüllerin açıq şəkildə Gürcüstanın NATO-ya üzv olmaq üçün bütün imkanlara malik olmasını vurğulaması da Şimali Atlantika alyansının Rusiyanın cənubunda ona qarşı yeni cəbhə açdıqlarının təsdiqi kimi dəyərləndirilə bilər.

Gürcüstanda NATO-ya üzv olmağa hazırlaşmaq üçün lazım olan bütün mexanizmlərin mövcud olduğunu vurğulayan NATO rəsmisi bununla da təmsil etdiyi qurumun bu məsələdə artıq Çernoqoriyaya münasibətdə olduğu kii heç bir ölkənin istəkləri və təzyiqləri ilə hesablaşmaq niyyətində olmadığını ortaya qoymuş oldu. Gürcüstanı NATO üçün vacib tərəfdaşlardan biri adlandıran Rouz Gettemüller Tbilisi ilə əməkdaşlığın ən yüksək səviyyədə inkişaf etdiriləcəyini xüsusi qeyd edib. Bu müstəvidə də Gürcüstanın NATO-ya üzv olma imkanlarına toxunan NATO rəsmisi hərbi alyansın açıq qapılar siyasətinə sadiq qaldığını xüsusi qeyd edib: “Bu yaxınlarda Çernoqoriyanı NATO-ya üzv qəbul edəcəyik. Hazırda bu proses yekun mərhələsindədir. Yəni bizim qapılarımız hamının, o cümlədən Gürcüstanın da üzünə açıqdır. Əsas məsələ odur ki, Gürcüstan alyansa üzv olmaq üçün lazım olan bütün kriteriyaları yerinə yetirsin”.

Bütün bunlar isə NATO-nun qapılarının Gürcüstanın üzünə açılması anlamına gəlir. Təbii ki, hadisələrin belə bir istiqamətdə inkişaf etməsinin günahkarı məhz Rusiyanın özüdür. Belə ki, Rusiyanın hər vasitə ilə MDB məkanında imperiyanı bərpa etməyə can atması, buna paralel olaraq Gürcüstan əraziləri olan Abxaziya və Cənubi Osetiyanı, həmçinin Krımı, Donbası və Luqanskı işğal etməsi Tbilisi və Kiyevi nicat yolunu NATO-da axtarmağa məcbur etməkdədir. Hələlik Rusiya Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı Şimali Atlantik alyansı rəsmiləri tərəfindən verilən açıqlamalara hər hansı reaksiya verməyib. Bununla belə Rusiyanın Gürcüstanın NATO-ya üzvlüyünə mane olmaq üçün müxtəlf tədbirlərə baş vura biləcəyi də istisna edilmir. Bəs Rusiya istənilən halda Gürcüstanın NATO-ya üzv olmasına mane ola bilərmi? Məsələ ilə bağlı “Yeniavaz.com”a açıqlama verən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Rusiyanın faktiki olaraq Gürcüstanı birdəfəlik itirməkdə olduğunu söylədi. Onun sözlərinə görə, Rusiya Abxaziya və Cənubi Osetiyanı işğal etməklə NATO-nu Gürcüstana gətirib: “Rusiya Gürcüstanın NATO-ya üzv olmasına mane olmaq iqtidarında deyil. Çünki bu proses artıq ciddiləşib. Bu yaxınlarda Gürcüstanın nüdafiə naziri Levan İzoriya da ölkəsinin təhlükəsizliyini təmin edilməsi üçün müvafiq addımların atıldığını öyləyib. O artıq Gürcüstanın NATO-ya üzvliyi prosesinin dəstəkləndiyini bildirib. Gürcüstanın NATO-ya tamhüquqlu üzv olması bu hərbi alyans tərəfindən də qəti şəkildə dəstəklənir. Gürcüstan artıq NATO-ya üzvlüklə bağlı müvafiq təcrübə də əldə edib. Gürcüstan NATO üzvü olan Türkiyənin köməyi ilə ölkə ərazisindən keçən neft və qaz kəmərlərinin mühafizəsi üçün xüsusi təyinatlı güclər formalaşdırıb. Onlardan Bakı-Tblisi-Qars dəmiryolunun mühafizəsində də istifadə ediləcək”.

Hərbi ekspert bu baxımdan Türkiyə-Azərbaycan və Gürcüstn arasında keçirilən hərbi təlimləri də yüksək qiymətləndirərək bunun bölgədə sabitliyin və sülhün təminində aparıcı gücə çevrilməkdə olduğunu vurğuladı: “Bölgədə əmələ gəlməkdə olan yeni hərbi, siyasi vəziyyət Rusiyanı istəsə də, istəməsə də Gürcüstanın NATO-ya üzvlüyü prosesi ilə barışmağa məcbur edib. Hadisələrin gedişi də göstərir ki, Çernoqoriyanın NATO-ya üzvlüyünə israrla nail olan hərbi alyansın üzvləri Gürcüstana münasibətdə də analoji siyasəti həyata keçirməkdədirlər. Bu isə onu göstərir ki, Rusiya gələcəkdə Cənubi Qafqazı tərk etmək məcburiyyətində qalacaq”.

ƏZİZ MUSTAFA

BIR CAVAB BURAXIN