Rusiyanın avtomobil qəzalarında ölən məşhurları FOTOLAR

0
1032

 

Hər il Rusiyada baş verən çoxsaylı avtomobil qəzaları nəticəsində yüzlərlə adam dünyasını dəyişir və onların sayları artmaqda davam edir. Onların arasında Rusiyanın və dünyanın tanınmış məşhur şəxsləri də az deyil. Ümumiyyətlə Rusiya dünyada baş verən avtomobil qəzaları nəticəsində ən çox məşhur adamları dünyasını dəyişən ölkələrdən biri hesab edilir.

Məşhur xokkeyçi Valeri Xarlamov

Valeri Xarlamov ötən əsrin 70-80-ci illərində SSRİ-nin və dünyanın ən məşhur xokkeyçilərindən biri hesab edilirdi. Onu obrazlı şəkildə desək xokkeyin Pelesi hesab edirdilər. Amma Rusiya üçün adi hesab edilən avtomobil qəzası Valeri Xarlamovdan da yan keçmədi. 1981-ci il avqust ayının 27-də Valeri Xarlamov Klindəki bağ evində istirahət etdikdən sonra Moskvaya evinə qayıdırdı. Xarlamova məxsus “Volqa” maşının isə həyat yoldaşı İrina idarə edirdi. Avtomobildə Xarlamovdan əlavə İrinanın yaxın qohumu da vardı. Yağan yağışlar nəticəsində yol olduqca sürüşkən idi. İrinanın maşını ehtiyatla idarə etməsinə baxmayaraq Leninqrad şossesinin 74-cü kilometrliyində “Volqa” yolda sürüşərək qarşı tərəfə çıxdı və həmin vaxt oradan keçən “Zil” markalı avtomobillə toqquşdu. Nəticədə maşındakıların hər üçü hadisə yerindəcə dünyasını dəyişdi. Xarlamovun faciəli şəkildə qəzada ölməsi SSRİ-də olduqca üzüntü ilə qarşılandı. Onun faciəli ölümü ilə bağlı çoxsaylı şayiələr meydana çıxdı. Xalamovun hətta SSRİ-nin düşmənləri tərəfindən düşünülmüş şəkildə avtomobil qəzasına salındığı barədə iddialar da ortaya atıldı. Amma əslində qəza yolun sürüşkən olması nəticəsində baş vermişdi…

Larisə Şepitko

41 yaşlı aktrisa, “Yürüş”filminin ssenari müəllifi və rejissoru Larisa Şepitko da faciəli avtomobil qəzası yaşadı. 1979-cu il iyul ayının 2-də Larisa Şepitko “Matera” filminin çəkilişlərində iştirak edirdi. Çəkilişdən evə qayıdan Şepitkonun idarə etdiyi “Volqa” idarəetməni itirərək qarşı yola çıxaraq yük maşını ilə toqquşdu. Nəticədə Larisa Şepitko bu qəzadan sağ qurtara bilmədi. Baş verən qəzadan bir il öncə Larisa Şepitko Bolqarıstanda olarkən məşhur öngörücü Vanqa ilə görüşmüşdü. Vanqa Şepitkoya dönə-dönə özünü qorumağı tapşırmışdı. Amma görünür taledən qaçmaq mümkün deyilmiş…

Leonid Bıkov

Rusiyanın digər tanınmış aktyoru , rejjissor, “Yeddi küləklərdə” və “Döyüşə ancaq qocalar gedir” filmlərinin ssenari müəllifi Leonid Bıkov da avtomobil qəzasının qurbanı oldu. 1979-cu il aprel ayının 11-də Kiyev ətrafındakı bağından şəxsi “Volqa”sı ilə evə qayıdan Leonid Bıkov gözlənilmədən qarşısında asfalt tökən ağır katoku gördü.

Katoku sürətlə ötüb keçmək istəyən Leonid Bıkov bu dəfə yük maşınına çırpılmaq təhlükəsi ilə üzləşdi. Yük maşını ilə toqquşmaqdan qaçmaq üçün Bıkov bu dəfə maşını katok gedən yola döndərməyə məcbur oldu. Nəticədə baş verən qəzada Bıkov dünyasını dəyişdi. Leonid Bıkovun qəza nəticəsində ölməsindən sonra onun guya özünə qəsd etdiyi barədə şayiələr yayıldı. Amma qəzaya səbəb Bıkovun asfalt tökən katoku ötüb keçmək istəməsi nəticəsində baş vermişdi. Ona görə də baş verən hadisəy ilə bağlı heç kimə qarşı cinayət işi qaldırılmadı.

Mixail Yevdokimov

Rusiya Federasiyasının Xalq artisti, Altay ölkəsinin qubernatoru Mixail Yevdokimov da avtomobil qəzasının qurbanı oldu. 2005-ci il avqust ayının 7-də Mixail Yevdokimov həyat yoldaşı Qalina ilə birgə kosmonavt German Titovun 70 illik yubileyini qeyd etmək üçün Barnaula yola düşdü. Biysk-Barnaul yolundakı döngələrdən birində qubernatorun həyat yoldaşı və cangüdəninin də olduğu “Mersedes”in sürücüsü “Toyota- marino” avtomobilini ötüb keçmək istədi. Ancaq sürücü idarəetməni itirdiyindən “Mersedes” ağaca çırpıldı. Baş verən qəza nəticəsində qubernator və cangüdəni hadisə yerindəcə dünyasını dəyişdi. Qubernatorun həyat yoldaşı qəza zamanı ağır şəkildə yaralansa da sağ qaldı. Qəzadan sonra Yevdokimovun həyat yoldaşı baş verənlərdə yerli milis əməkdaşlarını günahlandırdı. O qəzadan öncə həyat yoldaşının sürücülük vəsiqəsinin əlindən alındığını və nəticədə maşının onun sürücüsü tərəfindən idarə edildiyini söylədi. Həmin vaxt Yevdokimov Altayda cinayətkar qruplara və rüşvətə qarşı mübarizə elan etmişdi. Qısa müddətdə adı müxtəlif cinayətlərdə hallandırılan onlarla cinayətkar həbs edilmişdi. Belə ehtimal edilir ki, Yevdokimovun ölümünə səbəb olan qəzanın da arxasında məhz onlar-mafioz qruplar dayanıblarmış..

Aleksey Loktev

Rusiyanın Xalq artisti, 66 yaşlı aktyor,”Mən Moskva küçələri ilə adımlayıram”, “Klim Samginin həyatı” filmlərinin qəhrəmanı Aleksey Loktevi isə avtomobil qəzası Uzaq Şərqdə yaxaladı. Vladivostoka “Amur payızı” kinofestivalına gedən Loktevə orada mükafat təqdim edilməli idi. 2006-cı il sentyabr ayının 18-də Loktev və digər artistlərin əyləşdiyi “Toyota” markalı maşın yolda onu ötüb keçmək istəyən mikroavtobusa yol vermədi. Nəticədə baş verən toqquşmadan sonra “Toyota” aşdı. Qəza nəticəsində ağır baş-beyin zədəsi alan Loktev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişdi.

Əziz Mustafa

BIR CAVAB BURAXIN