Rusiyalı turistlər Türkiyədə gül-çiçəklə qarşılanıb

0
502

Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi nəticəsində yaranmış 8 aylıq fasilədən sonra Moskvadan havaya qalxan təyyarə Antalya hava limanına enib.
“Report”un Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, hələlik Rusiya tərəfindən çarter reyslərinə icazə verilməməsinə baxmayaraq, lakin ilk rusiyalı sərnişinlər Antalyaya gəlib. Moskva-Antalya aviareysini “Rossiya Airlines”in B737-800 modelli təyyarəsi həyata keçirib. Təyyarədə 189 rusiyalı turist olub.
Uzun müddətdən sonra Antalyaya gələn sərnişinlər hava limanında gül-çiçəklə qarşılanıb. Rusiyalı sərnişinlər bu sürprizdən xoşbəxt olduqlarını, eləcə də uzun müddətdən sonra yenidən Türkiyəyə gəlməkdən məmnun qaldıqlarını deyiblər.
Hava limanının rəsmiləri isə rusiyalı qonaqlar üçün darıxdıqlarını bildiriblər: “Rus turistləri həsrətlə gözləyirdik və buna görə də onları çiçəklərlə qarşılama mərasimini təşkil etdik. Bu ilin turizm mövsümi bir az sıxıntılı başladı. Çünki ötən illərin bu vaxtı hava limanımız dolu idi. Ancaq müəyyən səbəblərdən vəziyyət gərginləşmişdi. Lakin indi hər şey qaydasına düşməyə başlayıb. İnanırıq ki, turistlərin sayı daha da artacaq. Bura gələn qonaqlarımızın əksəriyyətini alman və ruslar təşkil edir”.

BIR CAVAB BURAXIN