“Ermənistan tarixən, siyasi, fiziki və material olaraq Rusiya üçün yükdür. Bu yük ən əvvəldən olub”. Bu sözləri “Komsomolskaya Pravda” radiostansiyasının efirində tanınmış rusiyalı telejurnalist, “Rosneft” şirkətinin vitse-prezidenti və mətbuat katibi Mixail Leontyev bildirib.
“Gəlin tam açıq danışaq. Ermənistan tarixən, siyasi, fiziki və material olaraq Rusiya üçün yük olub. Əgər Ermənistan belə edirsə, onda sərt olmaq lazımdır. Biz qanımızla, həyatımızla, qoşunumuzla, qazımızla, pulumuzla bu xalqı xilas etmişik. Əgər onlar bizdən ayrılmaq istəyirlərsə, onda biz hər şeyə son qoymalıyıq. Onlar bu gün son bəyanatına kimi siyasi karyerasında Rusiyanın əleyhinə olan bir adam üçün mitinq keçirirlər. Qeyd edim ki, onun son bəyanatı (Nikol Paşinyan-red) tamamilə əvvəl dediklərinə ziddir. Əgər onlar uzaqlaşmaq istəyirlərsə, onda buyursunlar və qardaş xalq olan Azərbaycan xalqı ilə münasibətlərimizi korlamağa son qoysunlar”,-deyə M. Leontyev vurğulayıb.
O, Ermənistanın Rusiyadan başqa heç kimə lazım olmadığını söyləyib: “Siz, bizdən, Rusiyadan başqa heç kimə lazım deyilsiz. Erməni xalqı istisnasız olaraq bizim sayəmizdə bu gün mövcuddur. Bu xalqın bizi şantaj etmək haqqı yoxdur. Əgər kimsə balaca ağzını açıb belə bir şey söyləyəcəksə, onda o, bu faktı başa düşməlidir ki, Rusiya olmasaydı, fiziki cəhətdən nə Ermənistan olardı, nə də bir erməni. Təbiətdə erməni ola bilməzdi”.