Rusiya “İsgəndər”ləri Avropanı qorxuya salıb

0
565

11

Rusiya ilə Avropa arasında davam edən gərginlik tədricən yeni mərhələyə qədəm qoymaqdadır. Belə ki, bir neçə gün əvvəl Rusiya Kaliniqradda strateji təyinatlı yeni raket sistemləri, o cümlədən “İsgəndər” və “S-400” raketləri yerləşdirəcəyini bəyan edib. Rusiyanın bu açıqlaması isə Avropada təşvişlə qarşılanıb. Bununla əlaqədar NATO Baş katibi Yens Stoltenberq deyib ki, Rusiyanın Kalininqradda yerləşdirməyə hazırlaşdığı “İsgəndər” raketləri Avropanın təhlükəsizliyini təhdid edir və Rusiya bununla da Qərbə qarşı yeni şantaja hazırlaşır. Stoltenberq: “NATO Rusiyadan gələn təhdidə qarşı özünün təhlükəsizliyini müdafiə etmək üçün bütün imkanlardan istifadə edəcək. Biz geri çəkilmək və Rusiyadan gələn təhdidə qarşı gözləmə mövqeyi tutmaq niyyətində deyilik. NATO Avropanın təhlükəsizliyini təmin etmək gücünə malikdir və “İsgəndər”lərin Kalininqradda yerləşdirilməsinə qarşı müvafiq cavab tədbirləri həyata keçirəcək”,-deyib.

Öz növbəsində Putinin mətbuat katibi Dmitri Peskov Kalininqradda “İsgəndər” və “S-400” raketlərinin yerləşdirilməsinin Qərbin anti Rusiya siyasətindən doğduğunu söyləyib. O deyib ki, Rusiya NATO-nun Polşa və Pribaltikada fəallaşmasını və adı çəkilən ərazilərdə əlavə hərbi qüvvələr yerləşdirməkdə davam etməsini cavabsız qoya bilməzdi və qoymayacaq. Dmitri Peskov: “İsgəndər” və “S-400″-lər bizə özümüzü müdafiə etmək üçün lazımdır. Rusiya NATO-nun ekspansionist hərəkətləri fonunda öz sərhədləri boyunca təhlükəsizliyini təmin etməyə çalışır. Alyans həqiqətən də aqressiv blokdur və hazırkı vəziyyətdə Rusiya suveren hüququndan istifadə edərək, Rusiya Federasiyasının bütün ərazisində lazımı tədbirlər görür”,-deyib.

Xatırladaq ki, bir neçə gün əvvəl Putin də Kalininqradda “İsgəndər” və “S-400” raketlərinin yerləşdirilməsi məsələsinə münasibət bildirərkən demişdi ki, hər hansı ölkənin NATO-ya üzv olması onun bu qurumun dediyi ilə oturub durmasına yol açır. Belə olan halda isə həmin ölkənin ərazisində NATO güclərinin yerləşdirilməsi problem olmur. Rusiya da bundan özü üçün gələn təhdidə qarşı cavab vermək məcburiyyətindədir.

Əslində söhbət heç də NATO-nun Rusiyaya qarşı hansısa təxribatından getmir. İş orasındadır ki, NATO-nun Rusiya sərhədləri boyunca yeni hərbü qüvvələrini yerəşdirməyə başlaması Krımın işğalından sonra başladı. Məhs Rusiya tərəfindən Krımın işğal edilməsi və Ukraynadakı separatizmin körüklənməsi Moskvaya qarşı Qərb tərəfindən sanksiyaların tətbiq edilməsinə və NATO-nun bölgədə əlavə hərbi qüvvələr yerləşdirməsinə yol açdı. Məsələnin bu tərəfinə diqqəti cəlb edən Karnegi fondunun eksperti İqor Malaşenkonun fikrincə vəziyyətdən çıxış yolu tərəflərin qarşılıqlı güzəştə getməsindən asılıdır. O vaxtı ilə Kubada yerləşdirilən nüvə başlıqlı raketlərlə bağlı ABŞ-la SSRİ arasında əmələ gələn Karib böhranının da məhz qarşılıqlı güzəştlər yolu ilə aradan qaldırıldığını xatırladıb. Amma əksər siyasi müşahidəçilər Karib böhranı zamanı SSRİ-ni idarə edən Xruşşovun və o dövrdə ABŞ prezidenti olan Kennedinin nüvə müharibəsinə yol verməmək üçün qarşılıqlı güzəştlərə getməyə özlərində iradə tapdıqlarını, hazırda isə Qərblə müqayisədə Moskvanın buna hazır olmadığını vurğulayırlar. Qeyd edilir ki, Putin Krımın işğalı məsələsində geri addım atmayacaq, bu isə öz növbəsində bölgədə gərginliyin daha da artmasına gətirib çıxaracaq. Rusiyanın Kalininqradda “İsgəndər” və “S-400” raketləri yerləşdirməyə hazırlaşması da tərəflər arasında gərginliyin artacağını göstərir. Bu gərginliyin nə vaxta kimi davam edəcəyi isə gələn ilin yanvar ayından prezident vəzifəsini icra edəcək ABŞ-ın yeni prezidenti Donald Trampın Rusiyaya münasibətdə atacağı addımlardan asılı olacaq.

Əziz Mustafa

BIR CAVAB BURAXIN