Rusiya İran üçün nəzərdə tutduğu silahları Azərbaycana verib

0
699
 

Bu gün Amerikanın, əsası 1984-cü ildə Mərkəzi Kəşfiyyat İdarəsinin dəstəyi ilə qoyulmuş qeyri-hökumət tədqiqat təşkilatı Jamestown Foundation-un saytında Azərbaycana Rusiya silahının çatdırılmasına və Ermənistan tərəfindən buna zəif reaksiya verilməsinə aid material dərc olunub.

Amerika ekspertlərinin gəldikləri qənaət budur: “Ermənistanın əlləri bağlıdır”.

Jamestown Foundation-un analitikləri ikitərəfli hərbi-texniki əməkdaşlıq haqqında razılaşma üzrə Rusiyadan Azərbaycana çatdırılan hərbi texnikanın və döyüş sursatlarının partiyaları barədə son xəbərləri sadalayıblar.

Məqalədə göstərilir ki, Rusiya Azərbaycana C-300 PMU-2 çoxkanallı universal mobil zenit raket sistemi “Favorit” verib, hansı ki, İran üçün nəzərdə tutulmuşdu. Bundan sonra Azərbaycana digər silah və sursatlar da çatdırılıb. “Amma bu müqavilə haqqında ətraflı informasiya rəsmən nə Rusiya Federasiyası, nə də Azərbaycan tərəfindən açıqlanır”, – deyə məqalədə göstərilir.

Yerevan, regionda Rusiyanın ən yaxın müttəfiqi olaraq, Rusiya silahının Bakıya satışı ilə bağlı narazılığını dəfələrlə ifadə edib, xüsusən də 2016-cı ilin aprelində Qarabağda döyüş əməliyyatları başlanandan sonra. Yeri gəlmişkən, bu yaxınlarda Ermənistan prezidenti Serj Sarkisyan qeyd etmişdi ki, Rusiya silahının Bakıya satışı Rusiya-erməni münasibətlərinin ən problematik məsələsidir.

Ancaq Yerevandan kəskin reaksiya indiyədək də müşahidə olunmayıb.

Jamestown Foundation nəşrinin də qeyd etdiyi kimi, belə passiv mövqe bir neçə amillə izah edilə bilər: “Birincisi, Ermənistanın energetika sektorunun (elektrik enerjisinin hazırlanması, enerji və qaz bölgüsü) 60-80 faizə qədəri Rusiya dövlət korporasiyalarının əlində cəmlənib.

İkincisi, Rusiya banklarının Ermənistanın maliyyə sektorunda iştirakı əhəmiyyətli dərəcədə artıb.

Üçüncüsü, Yerevan hərbi məsələlərdə əvvəlki kimi Moskvadan asılı olaraq qalmaqdadır. Daha dəqiqi, Ermənistan Rusiyanın Gümridə yerləşdirilmiş 102-ci hərbi bazasından asılıdır”.

Beləliklə, Rusiya silahının Bakıya çatdırılması ilə əlaqədar artan narazılığa baxmayaraq, Yerevanın Moskva ilə münsibətlərdə ehtiyatla hərəkət etməkdən başqa seçimi yoxdur. “Başqa sözlə, Ermənistanın təhlükəsizliyi problemi indiki şəraitdə bütün başqa iqtisadi, sosial və ya siyasi düşüncələri üstələyib”, – deyə Jamestown Foundation-un müəllifləri fikirlərini yekunlaşdırıblar.

Virtualaz.org

BIR CAVAB BURAXIN