Rusiya etirafı: 71-i vurulub, 32 raket isə…

0
600

ABŞ və müttəfiqlərinin Suriyada qarşılarına qoyduğu məqsədə çatdıqlarını düşünürəm.

Bu sözləri Axar.az-a ABŞ və müttəfiqlərinin Suriyadakı hərbi obyektlərə zərbələr endirməsi ilə bağlı danışan hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib. Ekspert bildirib ki, Qərb koalisiyası Dəməşq və Xüms şəhəri yaxınlığında kimyəvi silah komponentləri hazırlayan obyektləri tamamilə məhv edib:

“Əgər elə olmasaydı, Rusiya BMT TŞ-nin təcili iclasının çağırılması ilə bağlı çağırış etməzdi. Rusiya mətbuatı 103 raketdən 71-nin vurulduğunu iddia edir. Bəs onda yerdə qalan raketlər hara gediblər? Bu raketlər hər halda əriməyiblər və hədəfə çatıblar. Rusiya Dumeyr aerodromuna buraxılan 12 raketin vurulduğunu bildirir. Görəsən, Rusiya generalları bilirlərmi ki, ABŞ və Fransa dənizdən, İngiltərə isə “Panavia Tornado” bombardmançı təyyarələrindən istifadə edərək Suriyadakı hərbi obyektləri darmadağın ediblər. Diqqət edin, koalisiya qüvvələrindən hansısa bir itki olmasına dair bir xəbər belə yoxdur. Bombardman 40 dəqiqə ərzində həyata keçirilib. Çünki ABŞ artıq Suriyada bütün hədəflərə zərbə endirib”.

Ekspert ABŞ və müttəfiqlərinin Suriyaya hücumunun davamlı olacağını düşünür:

“Böyük dövlətlərin bir-birilə zor gücü ilə danışması təəssüf doğurur. Ancaq unutmamalıyıq ki, qardaş ölkə Türkiyə də bu prosesi dəstəkləyib. Yəni bu gün Suriyada baş verən faciəyə görə, Əsəd və rəsmi Moskva günahkardır. Fikir verin, Rusiya Müdafiə Nazirliyi Suriyadakı prosesləri izlədiyini bəyan edir. Bəs necə olur ki, ABŞ Suriyada çox rahat şəkildə öz məqsədinə çatır? Hesab edirəm ki, Rusiya Suriyaya görə məsuliyyət daşıdığı üçün “narahat” olub. Digər tərəfdən isə BMT baş katibi tərəfləri səbirli olmağa və gücdən az istifadə etməyə çağırır. 20 ildən artıqdır ki, Dağlıq Qarabağ məsələsinə də bu cür biganə yanaşırlar”.

Ekspert vurğulayıb ki, bu gün Suriyada baş verənlər dünya müharibəsinin işartılarıdır:

“BMT təcili şəkildə hərəkətə keçməlidir. Əks təqdirdə, ABŞ və Rusiyanın özbaşınalığı dünya müharibəsini qaçılmaz edəcək”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın əmri əsasında ABŞ, Fransa və İngiltərə Suriyada Bəşər Əsəd rejiminə məxsus hərbi obyektlərə zərbə endirib.

BIR CAVAB BURAXIN