Rusiya Ermənistandakı hərbi bazasını niyə gücləndirir: təhlükəni haradan gözləyək?

0
525

 

Rusiyanın Ermənistan hakimiyyətinin indiki nominal tərkibi ilə hesablaşmadığı barədə ekspertlərin fikirləri ilə razılaşmamaq mümkün deyil. Moskvanın hansısa məsələdə Ermənistanın razılığını almasına ehtiyacı da yoxdur. Çünki Moskvada çoxdan qlobal səviyyədə Ermənistanın Rusiya üçün formal şəkildə müstəqil ölkə olması məsələsini həll ediblər və ona özlərinin forpostu, hansısa poliqonu kimi baxırlar. Müstəqil siyasət yeritməyə qadir olmayan belə ərazilər mərkəzdən onlara nə əmr etsələr ona itaət edir və yerinə yetirirlər. Təbii ki, belə vəziyyətdə 2018-ci ildə Ermənistanı kimin idarə etməsindən asılı olmayaraq hökumət ikinci dərəcəli əhəmiyyət daşıyacaq. Təsadüfi deyil ki, Rusiyalı politoloq Sergey Markov: “Rusiyanın Ermənistanda bir marağı var. Bu da Ermənistanın Rusiyanın düşmənlərinin əlinə keçməməsi və bu amilin Avrasiya İqtisadi Birliyinin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və digərlərinin dağılmasına yol açmamasıdır”,- deyir.

Onun sözləri bir qədər həyasizcasına səslənsə də, dedikləri indiki vəziyyəti obyektiv şəkildə əks etdirir. Bədbəxtlikdən Ermənistan Rusiyanın maraqlarına cavab verən KTMT və Avrasiya Birliyinin qorunub saxlanılmasına xidmət edən poliqon rolunu oynayır və Kremlin forpostuna çevrilib. Bu, yəni Rusiya vətəndaşı olmaq siyasəti yalnız Serj Sarkisyanın deyil, həm də ondan əvvəl ölkəni idarə edən birinci və ikinci prezidentlərin də günahıdır.

Bu günlərdə Rusiyanın hərbi-siyasi rəhbərliyi Ermənistanın forpostlaşdırılması üçün yeni təşəbbüsləri müzakirə edirlər. “Voennoe obozrenie” nəşrinin yazdığına görə, Qərb hərbi dairəsinə daxil olan 14-cü aviasiya polkundan Erebuni aviabazasına MiQ-29 SMT qırıcı təyyarələri gətiriləcək. Şübhəsiz ki, bizim Rusiya vətəndaşlarımız bunun Ermənistanın təhlükəsizliyinə xidmət edəcəyi barədə hay-küy qaldıracaqlar. Bu primitiv bir demoqoqiya olacaq. Çünki Ermənistandakı Rusiya hərbi bazasının ölkəmizin təhlükəsizliyinin təmin edilməsinə hər hansı aidiyyəti yoxdur. Lap tutaq ki, Ermənistan üçün Türkiyə təhlükəsi realdır. Amma Ərdoğanın dostu olan Putinin Ermənistanı müdafiə edəcəyinə inanmaq illüziya olardı. Ümumiyyətlə Rusiyanı nəinki Ermənistanın maraqları narahat edir, əksinə onun əleyhinə addım atır və bunu Rusiya mətbuatından da aydın görmək olar. Bu yaxınlarda məlum olub ki, Ermənistanın itaətkar rəhbərlərinin razılığı ilə Dağlıq Qarabağa Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları səfər ediblər. Onlardan biri hətta “Moskovski komsomolets” nəşrinin müxbiri ilə görüşərək bölgəyə nə üçün getdiyini söyləyib. Onların bu səfərdən məqsədləri “azad edilmiş” torpaqların Azərbaycana qaytarılması ilə bağlı yerli ermənilərin rəyini öyrənməkdir. Necə deyərlər, Rusiya xüsusi xidmət orqanları əməkdaşları Qarabağda Ermənistanın maraqlarına zidd olan təxribata baş vururlar. Rusiya xüsusi xidmətliləri faktiki olaraq bu ərazilərin Azərbaycana verilməsini hazırlayırlar.

Əgər mövzunu yekunlaşdırası olsaq, onda Rusiyanın Ermənistandakı hərbiçiləri ölkəmizin təhlükəsizliyənə xidmət etmirlər və onlar faktiki olaraq imperiya simvolundan başqa bir şey deyillər. Rusiyanın Ermənistandakı hərbi bazasının gücləndirilməsi də ölkəmizin maraqları üçün təhlükə doğurur. Çünki bu yaxınlarda Lavrov bəyan etmişdi ki, Ermənistandakı Rusiya hərbi bazasından Suriyadakı əməliyyatlarda istifadə ediləcək. Bu isə o deməkdir ki, Ermənistan dünyanın ən dəhşətli müharibələrindən biri üçün Rusiyanın hərbi sınaq poliqonuna çevrilə bilər.

Sarqis Artsruni (1ın.am)

BIR CAVAB BURAXIN