Ermənistan parlamenti Moskva və Yerevan arasında Qafqaz regionunda vahid hava hücumundan müdafiə sistemi yaradılmasına dair razılaşmanı ratifikasiya edib.
Ötən cümə günü Rusiya prezidenti Vladimir Putin də Rusiya Dövlət Dumasının bu razılaşmanı təsdiq etməsini istəmişdi.
Razılaşma beş il müddətinə bağlanır və bundan sonra daha beş il uzadıla bilər.
UPİ agentliyi yazır ki, ekspertlər bu sazişin hər iki tərəf üçün faydalı olduğunu söyləyirlər, belə ki, vahid system Türkiyənin monitorinq edilməsi imkanlarını genişləndirəcək.
Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib ki, saziş Ermənistan üçün həyati əhəmiyyət kəsb edir, beləki Yerevana regional müdafiə vəzifələrinin yerinə yetirilməsində Rusiyanın ən müasir silahlarından, S-300 sistemlərindən, çoxfunksiyalı döyüş təyyarələrindən və raketlərdən müdafiə sistemindən istifadə etmək imkanı verir.
Ermənistanın müdafiəsi güclənəcək
Bu sazişə qədər də Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası mənzillənmişdi.
UPİ xəbər verir ki, bu hərbi bazada 988 nömrəli yer-göy raket polku mənzillənib. Bu polkun sərəncamında olan S-300V raket sisteminin raketlərin aşkarlanması və izlənməsi qabiliyyəti var.
Bundan başqa Gümrü bazasında həm də tank, motoatıcı və artilleriya birləşmələri yerləşdirilib.
Agentliyin xəbərində deyilir ki, bu bazadakı üç MiG-29 eskadronu lazım gəldikdə düşmən təyyarələrinin tutulmasında iştirak etməklə Ermənistanın hava hücumundan müdafiəsini gücləndirəcək.
UPİ yazır ki, Rusiya birlikləri Yerevanın onsuz da zəif olmayan havadan müdafiə qabiliyyətini daha da gücləndirəcək. İndiyədək Ermənistanın xitiyarında sovet istehsalı olan və 20 kilometr radiuslu S-125 Neva tipli SAM sistemləri, 40 kilometrlik dairəni əhatə edən modernləşdirilmişKrug və 150 kilometr əhatə dairəli Osa-AKM, Şilka, Strela-10 və İgla kimi daha modern S-300PS raket sistemləri vardı.
Saziş Türkiyəni nəzarətdə saxlamaq üçündür
Xəbərdə bu da deyilir ki, Rusiyanın hava müdafiəsi siteminə qoşulduqdan sonra sözü gedən sazişə əsasən Ermənistana Rusiya Cənub Hərbi Dairəsinin və Rusiyanın raketlərdən müdafiə qüvvələrinin əlində olan informsiyalara çıxış veriləcək.
Bununla belə, UPİ TASS agentliyinin hərbi təhlilçisinə istinadən yazır ki, Dağlıq Qarabağın havadan müdafiəsi tamamilə Ermənistan Müdafiə Nazirlyinin resursları hesabına təmin ediləcək və Rusiya havadan müdafiə sistemləri bu bölgəyə müdaxilə etməyəcək.
UPİ Rusiya Quru Qoşunlarının keçmiş komandanı general-leytenant Aleksandr Luzana istinadən yazır ki, bu razılaşma Rusiya üçün də son dərəcə əhəmiyyətlidir. Rusiya ilə Ermənistanın müştərək hava məkanı olmadığından yeni vahid müdafiə sistemi Moksvaya öz sərhədlərindən kənarda ‘əlavə müdafiə çətiri’ verəcək.
Pensiyaçı general əlavə edib ki, Rusiya-Ermənistan vahid hava hücumundan müdafiə sistemi ilk növbədə regionun ən güclü hərbi qüvvəsi olan NATO üzvü Türkiyəni diqqətdə saxlayacaq.