Rus ideoloq: Putinlə Ərdoğanın gizli Qarabağ razılaşması…

0
556


Avrasiya İttifaqı və KTMT-yə daxil olmaq, eləcə də Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsinə izn verilməsi Bakıya münasibətdə çox sərt yanaşma ola bilər.

Bunu “Minval.az” saytına müsahibəsində rusiyalı ideoloq, politoloq Aleksandr Duqin söyləyib.

“Bizim prezidentin yüksək səviyyədə keçirdiyi görüşlər həddən artıq gizli vəziyyətdə saxlanılır. Avrasiya İttifaqı və KTMT-yə daxil olmaq, eləcə də Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsinə izn verilməsi Bakıya münasibətdə çox sərt yanaşma ola bilər. Bizim prezident praqmatikdir. Bizim 5 rayonun azad edilməsinin tərəfdarı olduğumuz aydındır. Təbii ki, biz Azərbaycanı Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının tərkibində görmək istərdik. Lakin bu qərarı suveren Azərbaycan verməlidir, o, Rusiya ilə Türkiyə arasında razılaşmanın əsası olmamalıdır.

Avrasiya İttifaqı və KTMT-yə Azərbaycanın üzvlüyü ilə bağlı müzakirələrin Ərdoğanla aparılması az inandırıcıdır. Bu məsələni yalnız Azərbaycan və Rusiya prezidentləri müzakirə edirlər. Burada söhbət hər zaman Azərbaycan xalqının iradəsindən keçir. Vladimir Putin sübut edib ki, o, Azərbaycanın müstəqilliyi və suverenliyinə hörmət edir. Bizim Türkiyə ilə heç bir separat danışıqlarımız olmayacaq”, – deyə o bildirib.

Onun sözlərinə görə, Türkiyə Qarabağ məsələsində doğru mövqe tutur:

“O, Rusiya kimi Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Türkiyənin bu istiqamətdə siyasəti mülayim və ağıllı qurulub. Əgər Ermənistan güzəştə gedib, 5 rayonu azad etsə, o zamanı Türkiyənin rolu önəmli xarakter daşıyacaq.

Ermənistan prezidenti və siyasətçiləri bütövlükdə bu ssenariyə hazırdırlar. Bu məsələ dəfələrlə üçtərəfli görüşlərdə müzakirə olunub. Bu nə isə yeni və gözlənilməz bir şey deyil”.

Qeyd edək ki, bundan öncə politoloq Elxan Şahinoğlu öz etibarlı mənbələrinə istinadla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasındakı görüşdə Qarabağ məsələsinin müzakirə olunacağına dair informasiya yaymışdı. O, müzakirələr zamanı Rusiya tərəfinin Qarabağ ətrafında 5 rayonun azad edilməsi üçün üç şərt irəli sürəcəyini bildirmişdi. Bu şərtlər sırasında Azərbaycanın Avrasiya İttifaqına, KTMT-yə üzvlüyü və Azərbaycanın rus sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələləri daxil edilmişdi.

Azərbaycanın qəti mövqeyi isə işğal altındakı ərazilərin heç bir şərt qoyulmadan azad edilməsi, Dağlıq Qarabağın statusu məsələsinin isə danışıqların ikinci mərhələsində müzakirəyə çıxarılmasıdır.

 

BIR CAVAB BURAXIN