Roma papasının Azərbaycana səfəri və yenə də ikili standartlar… Əziz Mustafa

0
320

Roma papasının Azərbaycana səfəri və yenə də ikili standartlar…

Əziz Mustafa

 

Ötən gün Roma papası I Fransisk Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycanda oldu. O, Prezident İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə ilə görüşüb  və Bakıdakı katolik kilsədə, katoliklərin dini mərasimində də iştirak edıb. Bu  baxımdan Roma papasının Azərbaycana səfəri həm yerli, həm də beynəlxalq aləmin diqqət mərkəzində olub. Bu da səbəbsiz deyil. İş orasındadır ki, beynəlxalq aləmdə özünəməxsus mövqeyi ilə seçilən və Qərbdə böyük nüfuza sahib olan Roma papası I Fransiskin xarici ölkələrə istənilən səfəri və onun bu zaman söylədiyi hər hansı fikir Qərbin super güclərinin            həmin dövlətə münasibətini hansı istiqamətdə və necə qurmasını müəyyən edən önəmli amilə çevrilir. Bu müstəvidə də son illərdə Azərbaycan-Vatikan münasibətlərinin sürətlə inkişaf etdirilməsi Qərbdə özünəməxsus şəkildə reaksiya doğurmaqdadır. Belə ki, son illərdə Azərbaycanla Vatikan arasında sıx əlaqələr qurulub və ölkəmizdə katoliklərin dini ayinlərini sərbəst şəkildə həyata keçirə bilməsi üçün Roma-katolik kilsəsi inşa edilib. Bütün hallarda müsəlman ölkəsi olan Azərbaycanda bütün dinlərə mənsub olan insanların tolerant şəkildə yaşaması Vatikan üçün xüsusi maraq doğurur. Yeri gəlmişkən xatırladaq ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra, 1992-ci ildən Vatikanla diplomatik əlaqələr qurub. 1997-ci ilin sentyabrında Azərbaycan Prezidenti Heydər Əliyev Vatikana gedərək, Roma Papası ilə görüşüb. Buna baxmayaraq  qarşı tərəf 2002-ci ilə kimi ölkəmizlə münasibətdə hər hansı bir siyasi addım atmayıb. Yalnız Azərbaycanda katolik kilsəlinin inşası məsələsi gündəmə gəldikdən sonra papa II İoann Pavel Azərbaycana səfər etdi və burada işgüzar görüşlər keçirdi. O vaxt papa II İoann Pavel bildirdi ki, Qərb üçün Şərqin, o cümlədən Azərbaycanın zəngin mədəni dəyərlərinə pəncərə açmaq  olduqca vacibdir: “Burada Şərqin qapısında(Azərbaycanda) silah səsləri eşidilməkdədir. Dünya bölgədə qan axıdılmasının qarşısını almaq üçün bütün imkanlardan istifadə etməlidir”.

Papanın ölkəmizə ilk səfərindən sonra Azərbaycanla Vatikan arasında əlaqələr sonrakı illərdə daha da inkişaf etdirilərək qarşılıqlı şəkildə yüksək səviyyəli görüşlər təşkili ilə yadda qalmağa başladı.  Prezident İlham Əliyev də 2005-ci ildə İtaliyaya rəsmi səfərin gedişində Vatikana baş çəkib. O vaxt İlham Əliyevə üstündə II İohan Pavelin şəkli olan xatirə medalı da verilib. 2008-ci ilin martında Vatikanın dövlət katibi, kardinal Tarchisio Bertone Azərbaycana gəlib. Onun səfəri zamanı Bakıda Müqəddəs Məryəm Ana katolik kilsəsinin rəsmi açılışı olub. Ötən ilin mart ayında isə Azərbaycan prezidenti İlham Əlyev Vatikana səfər edərək orada işgüzar görüşlər keçirdi. 2012-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Vatikana səfəri zamanı Azərbaycandakı Roma katokombalarının bərpa edilməsi barədə razılıq əldə edildi. Ötən ilin mart ayında isə Azərbaycan Prezidenti İlham Əlyev Vatikana səfər edərək orada işgüzar görüşlər keçirdi.

Təbii ki, Azərbaycan üçün ən önəmli məsələlərdən biri papanın regiona səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinə münasibətdə daha obyektiv mövqe nümayiş etdirməsi, ərazilərimizin işğal altında olması faktına və münaqişənin beynəlxalq hüquq normaları, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulaması və münaqişənin həllinə öz töhfəsini verə bilməsi ola bilərdi…

Məsələn, politoloq, millət vəkili Rasim Musabəyov papanın Azərbaycana gəlişi ərəfəsində qeyd etmişdi ki, Vatikan rəhbərinin region ölkələrinə səfəri bölgə xalqları arasında dinc yanaşı yaşamanın təmin edilməsinə, buradakı həllini gözləyən münaqişlərin, problemlərin aradan qaldırılmasına müəyyən qədər yardım edə bilər. Rasim Musabəyov: ” Hər şey Roma papasının region ölkələrində apadığı danışıqlardan asılı olacaq”,-deyib.

 

Politoloq Zərdüşt Əlizadə isə deyir ki, papa Franciskin dönəmində Vatikan təsəlliyə, tolerantlığa, sülhə çağırış rolunu oynayır. “O, çox müsbət insandır”, – deyən politoloq əlavə edir ki, Papanın Ermənistan və Azərbaycanı sülhə çağırması təbiidir:

“Papa günahların qarşılıqlı bağışlanması, tövbə, mənəvi paklıq, qarşılıqlı iddiaların aradan qaldırılması şəraitində sülh arzulayır. Amma onu eşidənlərin (istər kütlə olsun, istər siyasi rəhbərlər) sülhə baxışı xeyli fərqlidir”.

 

Siyasi məqsədlər və ikili standartlar

 

Roma papasının Azərbaycana səfəri ərəfəsindi isə “The Washington Post” qəzetində “Roma Papası Azərbaycana və Gürcüstana sülh mesajı ilə gedir” adlı yazı dərc edildi.  “The Washington Post” yazır ki, əslində papa Francisk Qafqaza bir dəfə gəlmək, iyunda Ermənistandan Azərbaycana getməklə bu iki ölkə arasında simvolik körpü göstərmək istəmişdi. Amma Qarabağ münaqişəsinə görə səfər iki dəfəyə gerçəkləşdi.

Vaşinqton Post” əslində bu səfərin arxasında daha çox siyasi məqsədlərin dayandığını və bölgə ölkələrini Rusiyanın təsir dairəsindən qopararaq Qərblə daha da yaxınlaşamasına nail olmaq məqsədlərinə xidmət etdiyini diqqəti cəlb edib. Bu baxımdan Vatikan rəhbərinin Aziərbaycanda işğal edilmiş toprpaqlar ifadəsini işlədib-işlətməyəcəyi böyük maraq doğururdu. Hər halda Azərbaycanda buna ümid edirdilər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Roma papası ilə görüşündə Azərbaycanın Ermənistan tərğalçılıq siyasəti nəticəsində 1 milyondan yuxarı soydaşımız öz yurd-yuvasından didərgin düşüb. Ermənistan işğal edilmiş torpaqlarımızın azad edilməsi ilə bağlı BMT qətnamələrinə məhəl qoymamaqda davam edir. Roma papası isə regionda sülhün bərqərar olmasının vacibliyini vurğulasa da, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı məsələnin üstündən sükutla keçməyə üstünlük verib.  Papa sadəcə olaraq deyib ki, beynəlxalq ictimaiyyət münaqişəni daimi diqqətdə saxlasın və yardım göstərsin: “İstərdim ki, bölgədə sülh bərqərar olsun. Arzu edirəm ki, həll variantı tapılsın”.

Halbuki Roma papası Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək və ona torpaqlarımızı azad etmək üçün təsir göstərmək  imkanlarına malikdir. O belə etsəydi, bəlkə də adını dünyada sülhün bərqəra olması, etnik münaqişələrin həll olunması istiqamətində aparılan mübarizəyə qızılı hərflərlə  yazdırardı.

 

Ermənilərin dostu

Halbuki Roma papası Ermənistana səfəri zamanı qondarma erməni soyqırımından danışmış və bunu onların “böyük faciəsi” adlandırmışdı. Buna paralel olaraq Qarabağ məsələsinə işarə edən papa bütün tərəfləri barışığa və intiqamın aldadıcı gücünə tabe olmamağa çağırmış,  işğal edilmiş ərazilərimizin azad edilməsinin vacibliyini vurğulamaq əvəzinə “kiçik ərazilərə görə sülhə gəlməmək qəddarlıqdır”- demişdi.

Papanın “kiçik ərazilər” adlandırdığı topraqlar isə Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Qarabağ və ümumi ərazilərimizin 20 faizini təşkil edir.

O vaxt onun bu sözləri Ermənistanı pərdə arxasından dəstəkləmək kimi dəyərləndirilmişdi. Ümumiyyətlə qeyd edək ki, Ermənistana papanın xüsusi rəğbətinin olduğu beynəlxalq aləm üçün də sirr deyil. Papanın  regiona səfərinə Ermənistandan başlaması da  qarşı tərəfə özünün siyasətində xüsusi önəm verməsinin təsdiqinə çevrildi.

Hər halda papanın Ermənistana xüsusi rəğbət bəslədiyi beynəlxalq səviyyədə heç kimə sirr deyil. Ötən ili qondarma erməni soyqırımının 100 illiyinin ” qeyd” edilməsi zamanı da I Fransiskin ermənilərə məhəbbəti aydın şəkildə üzə çıxdı. Roma Papası I Fransisk Ermənistan preidenti Serj Sərkisyanın da iştirak etdiyi mərasimdə Romadakı müqəddəs Pyotr məbədində qondarma soyqırımını qeyd etdi. Papas I Fransisk mərasimdəki çıxışında:  Ermənilərə qarşı həyata keçirilən “soyqırım” XX əsrdə baş verən üç böyük faciədən ( nasizm, stalinizm) biridir”,-dedi.

Ümumiyyətlə  Ermənistanın yüksək səviyyəli rəsmiləri müntəzəm olaraq Vatikana səfərlər edir və Papa ilə sıx əlaqələrə malikdirlər. Təbii ki, bu səfərlərin arxasında ermənilərin xristian olması amilinin qabardılması və bu müstəvidə Dağlıq Qarabağ münaqişəsində onların dəstəyini almaq niyyətləri dayanır. Bütün bunlar da Vatikanın Ermənistana xüsusi məhəbbəti olduğunu Ermənistanın işğalçılıq isyasətinə göz yumması da bir daha sübut etməkdədir.  Vatikan rəhbərliyinin Emənistanla, o cümlədən cinayətkar Sərkisyan rejimi ilə çox isti münasibətlərə malik olduğu bu ilin mart ayında da parlaq şəkildə ortaya çıxdı. Belə ki, mart ayının 16-da I Fransiskin qərarı ilə Ermənistanın Vatikandakı səfiri Mikael Minasyan IX Piy adına Böyük Cəngavər Ordeni ilə mükafatlandırılıb. Roma Papası mükafatı Mikael Minasyanın Vatikana olan xoşməramlı niyyətinə görə verdiyini bildirib. Xatırladaq ki, Mikael Minasyan Ermənistan prezidenti Serj Sərksiyanin kürəkənidir. Bütün bunlar isə Vatikan rəhbərliyinin regiona ilk səfərinin də məhz Ermənistandan başlamasının təsadüfi olmadığını göstərdi.

 

Bizə ancaq ümid etmək qalır

Papanın region ölkələrinə səfəri zamanı ikili standartlardan çıxış etməsinə baxmayaraq Azərbaycanda onun ölkəmizə münasibətdə hansısa xoşaddımlar ata biləcəyinə ümidlir bəslənilir.

Məsələn, Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun şöbə müdiri, Vatikanın məxfi arxivlərində Azərbaycana aid sənədləri araşdıran tarixçi-alim Fərid Ələkbərli deyir ki, Səfəvilər, Elxanilər dövründən Vatikanla istər siyasi, istərsə mədəni əməkdaşlıq olub: “Vatikan kiçiksə də, demək olar, dünya katoliklərini idarə edən bir dövlətdir. Biz Vatikanla əlaqələri möhkəmləndirirksə, deməli, katolik dünyası ilə münasibətlərimizi möhkəmləndiririk”.

Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, Vatikanın dünya siyasətinə təsir imkanları böyükdür. Onun fikrincə, Roma Papasının səfəri Azərbaycanın Qərb siyasətinə müəyyən təsir göstərəcək:

“Bu səfərdən çox böyük dəyişikliklər gözləməsək də, geosiyasətdə müəyyən korrektələrin olacağını düşünmək olar. Son zamanlar Azərbaycan siyasi elitasının bəyanatları ölkənin Qərbə və Avropaya inteqrasiya yoluna qayıtdığını nümayiş etdirir. Bu səbəbdən, səfər Avropa ilə əlaqələr baxımından dəyərləndirilə bilər”.

 

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

13 + 4 =