Raket-artilleriya bölmələrimiz istənilən anda aeroportun infrastrukturunu məhv edə bilər

0
585
İyunun 17-də Ermənistan mətbuatı “Artsakh air fest” adlanan növbəti təxribatı çərçivəsində Dağlıq Qarabağda guya səmaya qırıcıların qaldırılması ilə bağlı absurd bir məlumat yaydı.

Təəssüflər olsun ki, Azərbaycanın bəzi elektron mediası da erməni fitnəsinə uyaraq, guya düşmən tərəfinin Xocalı aeroportundan istifadə etməklə, Dağlıq Qarabağda qırıcı təyyarələri göyə qaldırması ilə bağlı ağlasığmaz xəbərləri tirajlamağa başladı.

Xatırladım ki, ermənilər hər il məhz iyun ayında Xankəndi səmasında idman təyyarələrini göyə qaldıraraq sonradan bu kimi təxribat xarakterli məlumatlar yayırlar. Bundan əlavə, Ermənistan tərəfi guya bu aeroportun tezliklə mülki aviasiya reysləri və hətta Suriyada keçirilən antiterror əməliyyatları üçün də istifadəyə veriləcəyi ilə bağlı vaxtaşırı bir-birindən fantastik informasiyalar yayıblar.


Bu barədə hərbi ekspert Tahir Müseyiboğlu bildirib. Onun sözlərinə görə, düşmən tərəfinin budəfəki informasiya həmləsinə Müdafiə Nazirliyi Xocalı aeroportunun foto görüntülərini yaymaqla dərhal, faktlarla tutarlı cavab verdi. Nazirlik aeroportun fotolarını mətbuat üçün açıqlamaqla, uçuş-enmə zolağında 1 ədəd L-39 təlim, 2 ədəd Yak-52 təlim-məşq, 1 ədəd CH-701 yüngül gəzinti təyyarələrinin, eləcə də çoxməqsədli Mi-8 tipli helikopterin müşahidə olunduğunu açıq-aydın nümayiş etdirdi.

Sadalanan aviasiya vasitələrinin uçuş-texniki xüsusiyyətlərini və hərbi məqsədlər üçün istifadə edilməsi imkanlarını qısaca da olsa nəzərdən keçirək.


Çexiyanın “Aero Vodochody” şirkəti tərəfindən istehsal olunmuş L-39 təlim təyyarəsi 30-dan çox ölkənin HHQ-nin sərəncamındadır. Hələ keçən əsrin 70-ci illərində istismara verilən bu təyyarə dünyada istehsal olunmuş ilk ikinci nəsil təlim təyyarəsidir. Təyyarədən sadə və çətin iqlim şəraitində, sutkanın gecə və gündüz vaxtı uçuş heyətini məşq etdirmək üçün istifadə edilir. Bəzi məlumatlara görə, Ermənistanda 4 ədəd bu tip təyyarədən var.


Keçən əsrin 70-ci illərinin sonlarında keçmiş sovetlər birliyində istehsal edilən Yak-52 tipli təyyarə əsasən idman-məşq məqsədləri üçün istifadə edilir. Təyyarədə aparılan bəzi modernizə işlərindən sonra 1998-ci ildə onun istehsalı tamamilə dayandırılıb. Hazırda Ermənistanda cəmi 10 ədəd Yak-52 təyyarəsi var.


Birmühərrikli, müxtəlif məqsədli Kanada istehsalı olan Zenith STOL CH 701 uçuş aparatı 1986-cı ildə “Zenith Aircraft Company” tərəfindən istehsal edilib. Bu təyyarə Kanadanın çətin keçilən dağlıq ərazilərində, müvafiq uçuş-enmə meydançası olmayan yerlərdə istifadə edilməsi məqsədilə fərdi istifadə üçün hazırlanıb.


Müxtəlif məqsədli Mi-8 helikopteri isə keçən əsrin 60-cı illərində istehsal olunub. Əsasən mülki və hərbi təyinatlı məhsulların daşınması üçün istifadə edilir. Ermənistan cəmi 10 ədəd bu tip helikopterə malikdir.

Müdafiə Nazirliyi tərəfindən yayılan fotolarda aviasiya vasitələri ilə yanaşı Xocalı aeroportunun uçuş-enmə zolağı və digər infrastrukturu da açıq aydın müşahidə edilir.

Ermənistan tərəfinin bir neçə il bundan əvvəl Xocalı aeroportunda əsaslı təmir və tikinti işlərinin aparılması, uçuş-enmə zolağının uzunluğunun 2170 metrə, eninin isə 45 metrədək artırılması və digər tədbirlərin görülməsi iddiası ilə çıxış etməsinə baxmayaraq, aeroportun hazırkı vəziyyəti və onun texniki imkanları hərbi təyyarələrin qəbul edilməsinə qəti surətdə imkan vermir.


Zolağın örtüyünün keyfiyyətinin qeyri-qənaətbəxş olması, gecə vaxtı, eləcə də görmə məhdudiyyəti şəraitində qalxma və enmənin təhlükəsizliyini təmin edən işıq-siqnal qurğularının standartlara cavab verməməsi də bu qəbildən olan problemlərdəndir. Bundan əlavə, enmə və qalxma sxemlərinə nəzarət edən dispetçer radiolokatorları da istifadəyə yarasızdır, hava dəhlizləri üzrə uçuşları tənzimləyən aeronaviqasiya sistemləri isə ümumiyyətlə mövcud deyil. Hətta erməni tərəfi hələ 2010-cu ildə etiraf edirdi ki, Stepanavan şəhərinin aeroportunda uzun illər istifadə edilən, istismar müddəti başa çatmış radiolokator sökülərək Dağlıq Qarabağa gətirilib və üzərində müəyyən təmir işləri aparıldıqdan sonra Xocalı aeroportunda quraşdırılıb. Yəni, bu da onu deməyə tam əsas verir ki, aeroportun hazırkı texniki vəziyyəti ondan hərbi məqsədlər üçün istifadəsinə imkan vermir.

Faktiki olaraq, Xocalı aeroportunun üzərində bu kimi çəkilişlər aparmaqla Hava Hücumundan Müdafiə Qoşunlarımız hava məkanımızın təhlükəsizliyini təmin etməklə yanaşı, eyni zamanda bu ərazini də tam nəzarətdə saxladığını bir daha sübut etdi.

Bu isə o deməkdir ki, düşmən üzərində hərbi-texniki üstünlüyə malik olan Azərbaycanın HHQ, o cümlədən raket-artilleriya bölmələri istənilən anda Xocalı aeroportunun infrastrukturunu, orada bazalaşdırılan uçuş vasitələrini havaya qalxmadan məhv etmək qabiliyyətinə malikdir. Baku.vvs

BIR CAVAB BURAXIN