Rafiq Həririnin öldürülməsi ətrafında müəmmalar davam edir

0
2748

Haaqa beynəlxalq məhkəməsi” Hizbullah ” və Dəməşqin Livanın sabiq Baş naziri Rafik Həririni qətlə yetirməsini sübut edə bilməyib.

BMT-nin Xüsusi tribunalına Livanın keçmiş Baş naziri Rafiq Həririnin qətlinə dair iş üzrə hökm çıxarmaq üçün 13 il vaxt lazım gəlib. Tribunalın sədri Suriya və şiə “Hizbullah” hərəkatının qətlin təşkili üçün səbəb ola biləcəyini istisna etməyib. Lakin bunun üçün fakt gətirə bilməyib. “Hizbullah”ın şübhəli şəxs qismində həbs edilən dörd üzvündən üç nəfəri dəlillərin olmaması ilə əlaqədar bəraət alıb. Livanda tribunalın bu qərarının ölkədə siyasi böhranı daha da dərinləşdirə biləcəyindən ehtiyat edirlər. Hökm livanlıların böyük hissəsinin ölkədə törədilmiş yeni cinayətin beynəlxalq araşdırılmasını tələb etdiyi bir vaxtda çıxarılsa da hələ rəsmi şəkildə elan edilməyib.

BMT-nin Livan üzrə xüsusi tribunalı Livanın sabiq Baş naziri Rafiq Həririnin qətlində şübhəli bilinən “Hizbullah” şiə hərəkatının dörd üzvündən üçünü təqsirsiz hesab edib. “Məhkəmə yalnız Səlim Cəmil Ayaşın bu qətldə əli olduğunu təsdiq edib.”,-deyə tribunalın sədri Devid Re bildirib. Söhbət Rafik Həririyə qarşı terror aktının həyata keçirilməsi zamanı partlayıcı maddələrdən istifadə olunmasından gedir. Xatırladaq ki, baş verən terror aktı zamanı Həririidən əlavə 21 nəfər həlak olub, eyni zamanda daha 226 nəfər yaralanıb.

Məhkəmə Səlim Cəmil Ayaşın sui-qəsd zamanı tək hərəkət etmədiyini etiraf edib, amma bu işdə adı çəkilən “Hizbullah”ın digər üç üzvünün günahlandırılması üçün dəlil və sübut gətirə bilməyib. Nəticədə Haaqa məhkəməsi onların hər üçünü həbsdən azad edib.

Məhkəmə həmçinin bombanı işə salaraq Rafiq Həririni öldürən kamikadzenin kim olduğunu da müəyyən edə bilməyib. Onun 20 yaşının olduğu məlum olub. Onu da deyək ki, qatil Ayaş haqqında məhkəmə hökmü bir ay sonra elan ediləcək. Hökm elan ediləndən sonra müttəhimin vəkili ondan apelyasiya şikayəti verə biləcək. Qeyd edək ki, məhkəmə təqsirləndirilən şəxslərin iştirakı olmadan keçirilib. Çünki 2007-ci ildə tribunalın təsis olunduğu ilk gündən “Hizbullah” lideri beynəlxalq istintaqla əməkdaşlıq etməkdən imtina edib.

Tribunalın ən vacib açıqlaması Suriya rəhbərliyinin və “Hizbullah”ın Həririnin qətlinə aidiyyatının olmadığını bəyan etməsi olub. “Məhkəmə Palatası hesab edir ki, Suriya və “Hizbullah” Həriri və onun bəzi siyasi müttəfiqlərini qətlə yetirmək üçün motivlərə malik ola bilər. Bununla yanaşı, “Hizbullah” rəhbərliyinin, həmçinin Suriya hökumətinin Həririnin öldürülməsində əli olduğuna dair heç bir dəlil və sübut tapmaq mümkün olmayıb”, – deyə Devid Re bildirib.

Rafiq Həriri iki dəfə (1992-1998 və 2000-2004 illərdə) Livanın baş naziri olub. İstefaya gedəndən sonra o, Suriyada hərbçilərin və xüsusi xidmət orqanlarının otuz illik iştirakına son qoyulmasını tələb edən müxalifətə rəhbərlik edib. Dəməşq vətəndaş müharibəsi zamanı Livana qoşun yeridib və ölkəni öz nəzarəti altına alıb. Buna etiraz edən livanlılar isə həbsə atılıb. Bununla belə Suriya Livanda vəziyyəti sabitləşdirə bilmişdi.

14 fevral 2005-ci ildə Beyrutda cənab Həririnin korteji yanında minalanmış maşın partladıldı. Nəticədə Həriri ilə birlikdə daha 21 nəfər həlak oldu, 226 nəfər isə yaralandı. Öz növbəsində Rafiq Həririnin tərəfdarları baş nazirin Suriya tərəfindən qətlə yetirildiyini iddia etdilər. Qətldən sonra minlərlə insan etiraz aksiyası keçirərək Suriyanın Livanı tərk etməsini tələb etdilər. Buna paralel olaraq Antisuriya nümayişlərinin ardınca Dəməşqə də kütləvi dəstək aksiyaları başladı. 2005-ci ilin aprelində Suriya qoşunları Livanı tərk etməyə məcbur oldular. Lakin Suriya qoşunlarının Livanı tərk etməsi ölkədə siyasi vəziyyəti yaxşılaşdırmadı.

Debatlar nəticəsində BMT TŞ 2007-ci ildə Livana dair xüsusi tribunal təsis edib. O, yalnız Həririnin işini deyil, digər əlaqəli cinayətləri də araşdırmalı idi.
2011-ci ilin avqustunda tribunal “Hizbullah” Silahlı qanadının liderləri – Rafiq Həririnin qətlində şübhəli bilinən Mustafa Əminə Bədrəddinin, planının reallaşdırılmasına cavabdeh olan komandanın koordinatoru Səlim Camal Ayaşın, həmçinin Hüseyn Həsən Oneysi və Əsəd Həsən Sabranın həbsi barədə qərar çıxardı. 2013-cü ilin oktyabr ayında “Hizbullah”ın daha bir üzvü Həsən Həbib Merhiyə qarşı ittiham irəli sürülüb. 2016-cı ilin mayında Mustafa Bədrəddin Suriyada həlak olub və nəticədə ona qarşı iş bağlanıb. Həririnin qətli ilə bağlı hökmün açıqlanması avqustun 7-də baş tutmal idi. Lakin Beyrut limanında baş vermiş partlayışlar səbəbindən məhkəmə təxirə salındı.

Livanda isə hökmün elan edilməsindən sonra vəziyyətin daha da pisləşəcəyindən ehtiyat edirlər. Son partlayışdan sonra Livanın Baş naziri postundan istefa verən Həsən Diab deyib ki, tribunalın qərarı bəzi güclər tərəfindən ölkədə daxili çəkişməni qızışdırmaq üçün istifadə ediləcək.

Atasının ölümündən sonra bir neçə dəfə Livanın Baş naziri olmuş və indi müxalifətçi “Mustakbal” hərəkatına rəhbərlik edən Rafiq Həririnin oğlu Saad qisas almaq istəmədiyini, lakin haqq-ədalətin zəfər çalmalı olduğunu bildirib.

Bütün hallarda Haaqa məhkəməsinin Həririnin hələlik günahı subut edilmiş qatillərindən biri olan Ayyaş barədə hansı hökm çıxarıldığını elan etməsindən asılı olmayaraq Livanda vəziyyətin hələ uzun illər qeyri-sabit qalacağı şübhə doğurmur.

Əziz Mustafa

Arazinfo.com

BIR CAVAB BURAXIN