Rəqəmli TV-yə keçid yoxsul ailələri televiziyasız qoyub

0
654

11Ermənistanda bütün telekanalların rəqəmli yayıma keçməsi ölkədə teleyayımın keyfiyyətini xeyli yaxşılaşdırıb. Ancaq bir həftədən artıqdır ki, bəzi ailələr erməni televiziya kanallarını izləyə bilmirlər. Bu, köhnə televizorlarda rəqəmli yayımı izləməyə xüsusi dekoderləri ala bilməyən ailələrdir. Hökumət də onları unudub.

Dekoderin qiyməti 16 – 25 dollar arasında dəyişir. Bundan öncə əlaqədar qurumlar analoq yayımın dayandırılmasına qədər bütün yoxsul ailələrin siqnal dekoderləri ilə təmin olunması barədə tapşırıq vermişdilər.

107 MİN NƏFƏRLİK SİYAHI

“İndi ancaq türk kanallarına baxa bilirəm”, – deyə bir yaşlı qadın Azadlıq Radiosunun erməni xidmətinə gileylənib. Başqa bir təqaüdçü qadınsa, ümumiyyətlə, heç bir kanala baxa bilmədiyini söyləyib.

 

Hökumət yayımın rəqəmsallaşdırılması prosesinə hələ 2010-cu ildə başlayıb. Həmin il Ermənistanın televiziya və radio qanununa edilən əlavəyə görə, bütün kanallar yeni, rəqəmli lisenziyalar əldə etməli idilər. Artıq 2012-ci ildə elan edilmişdi ki, analoq yayımı 2015-ci ilin yanvarından dayandırılacaq. Daha sonra bu tarix 2016-cı ilə sürüşdürüldü. Amma Ermənistanda bir çox ailənin rəqəmli yayımları qəbul etməyən köhnə televizorlara baxdığı ortaya çıxıb.

Ölkənin Əmək və sosial məsələlər nazirliyi dövlətdən pulsuz siqnal dekoderləri almalı olan şəxslərin siyahısını hazırlayıb. Siyahıda 107 min şəxsin adı var.

Foto: arxiv

Foto: arxiv

“DEKODER QALMAYIB”

Ancaq bir çoxları hələ də dekoderlərini ala bilmədiklərini iddia edirlər. “Mən ora getdim, dedilər ki, daha dekoder qalmayıb”, – 78 yaşlı İrəvan sakini Edward Navasardian gileylənir.

Ermənistanın mərkəzində yerləşən Kotayk əyalətinin Arınc kəndində yaşayan təqaüdçü, 70 yaşlı Arusyak Gevorgianı isə, ağır şəraitdə yaşamasına baxmayaraq, heç siyahıya salmayıblar. O deyir ki, özlərinin də xəbəri olmadan onun və ərinin adına hansısa əmlak rəsmiləşdirilib.

Güman ki, yaşlı qadın 1990-cı illərin əvvəllərində bütün Ermənistan vətəndaşlarına paylanmış özəlləşdirmə vauçerlərini nəzərdə tutur. O zaman bir çoxları həmin vauçerləri dəyər-dəyməzinə satmış, yaxud da bilgisizlikdən hansısa qurumlara və fondlara yatırmışdılar. Ancaq o zamandan bəri bu “sərmayələrdən” heç kimin xəbər yoxdur.

“Onlar kompüterdə yoxlayıb bizim haradasa sərmayəmizin olduğunu görüblər. Bilmirəm, mənim heç bundan xəbərim yoxdur. Bizim heç nəyimiz yoxdur”, – Arusyak nənə deyir.

“KÖÇÜB GEDƏ DƏ BİLMİRƏM”

60 yaşlı Rima Petrosiansa İrəvanda kirayədə tək yaşayır. Qadın deyir ki, sağlamlıqla bağlı çoxlu problemləri var və bəzən bütün gününü yataqda keçirməli olur. Belə günlərdə o, özünü tənha hiss etməmək üçün televizora baxmaq istəyir. İndi isə belə bir imkanı yoxdur.

“Bəs mən nə etməliyəm? Bu yoxsul ölkədə necə yaşamalıyam? Heç köçüb gedə də bilmirəm”, – Petrosian deyir.

Ermənistan Radio və Televiziya Şəbəkəsinin direktoru Grigor Amalian hesab edir ki, bircə nəfər də kənarda qalsa, hökumət vəziyyəti ciddi araşdırmalıdır.

“Şəxsən mən məsələ ilə məşğul olmağa hazıram və belə hallar barədə bizə xəbər verilsə, çox minnətdar olaram”, – deyə o bildirib.

Ermənistanda verilmiş vaxt ərzində rəqəmli yayım cihazları quraşdıra bilməmiş bir neçə regional televiziya şirkəti artıq bağlanmaq üzrədir. Belə şirkətlərdən altısının rəhbəri cümə günü hökumətə müraciət edərək onu “bu ağır vəziyyətə son qoymağa və bu sahədə bərabər imkanlar yaratmağa” çağırıblar.

BIR CAVAB BURAXIN