Rəhbərlərin yeni il təbriki – Brejnevin kaprizləri, Yeltsinin şampan qədəhi

0
699

Dünyanın əksər ölkələrində dövlət başçılarının yeni il axşamı ölkə vətəndaşlarına təbrik müraciəti etməsi ənənə halına çevrilib. Bu ənənə 1932-ci ildə Böyük Britaniyada BBS korporasiyasının başçısı Con Reyt tərəfindən qoyulub. Bundan sonra digər ölkələrdə də bu ənənə tətbiq edilib. SSRİ-də isə ölkənin birinci şəxsinin yeni il təbriki bayram atributlarından birinə çevrilib.

Qeyd edək ki, yeni ilin rəsmi qarşılanması ənənəsi SSRİ-də 1935-ci ildən qoyulub. 1947-ci ildən isə bu bayram daha təntənəli qeyd olunmağa başlanıb. Belə ki, 1947-ci ildən yanvar ayının 1-i istirahət günü elan edildikdən sonra SSRİ sakinləri bayram gecəsi keçirmək imkanı əldə ediblər. Bu tarixdən bayramın kütləvi və təmtəraqlı keçirilməsinin digər səbəbi isə həmin ərəfədə kart sisteminin birdəfəlik ləğvi olub. Müharibədən çıxmış ölkədə kart sisteminin ləğvi, piştaxtalarda ərzaq məhsullarının peyda olması bayram keçirmək marağını bir az da artırıb.

İlk dəfə SSRİ vətəndaşlarını yeni il münasibətilə 1936-cı ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri Mixail Kalinin radio vasitəsi ilə təbrik edib. Bu təbrik ənənə halına çevrilməyib.

Növbəti dəfə ölkə rəhbərliyi vətəndaşları 1941-ci ildə təbrik edib. Mətni radio vasitəsi ilə xalqa çatdırmaq bu dəfə də Kalininə həvalə olunub. Təbrik əsasən alman faşizminə qarşı mübarizə aparan döyüşçülərə ünvanlanıb.

Kalinin öz təbrik təcrübəsini 1944-cü ildə də təkrar edib və bununla da ölkə rəhbərliyinin yeni il təbriki ənənəsi dayandırılıb.
10 ildən sonra, 1954-cü ildə xalqı təbrik etmək ənənəsi yenidən yada düşüb. Bu dəfə bu missiyanı SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Kliment Voroşilov öz üzərinə götürüb.

Nikita Xruşovun hakimiyyəti dövründə yeni il təbrikini diktorlar səsləndiriblər. Təbriklərin sonunda konkret adlar çəkilməyib, ali orqanların adları səsləndirilib, Sov.İKP MK, SSRİ Ali Soveti, SSRİ Nazirlər Soveti.

Leonid İliç Brejnevin hakimiyyətə gəlişi ilə yeni il təbriki əsl bayram ənənəsinə çevrilib.

Brejnev xalqı televiziya vasitəsilə təbrik edib. Onun ilk təbrikləri yeni ilə bir neçə saat qalmış başlayıb. Baş katibin müraciəti təbrikdən daha çox ilin hesabat yekunlarına bənzəyib. Brejnev il ərzində görülmüş işlərdən, əldə olunmuş nailiyyətlərdən uzun-uzadı danışıb. Nəhayət, 1974-cü ildən Bejnevin təbrik nitqi 5 dəqiqədən ibarət olub, yeni ilə 5 dəqiqə qalmış o, efirdə görünüb. Təbii ki, bu təbriklər zamanı maraqlı hadisələr də az olmayıb.

Brejnevin 5 dəqiqəlik canlı efirə çıxması mərkəzi televiziya rəhbərləri üçün əməlli-başlı problemə çevrilib. 5 dəqiqəlik təbrik üçün baş katibi ən azı iki-üç saat bu çıxışa hazırlayıblar. Bərbər saçını darayıb, köməkçisi eynək seçib, katibliyin rəhbəri mətni hazırlayıb və s. Amma Brejnev bu hazırlıq işlərindən razı qalmayıb və televiziya işçilərinə hətta irad da tutub:

-Mən sizin işinizi anlaya bilmirəm. Necə ola bilər ki, mən həm əlimdəki mətni oxumalıyam, həm də kameraya baxmalıyam. Siz bunu mənə izah edə bilərsinizmi? Axı eyni vaxtda iki işi görmək mümkün deyil…

Qısa müzakirələrdən sonra televiziya rəhbərliyi çıxış yolu tapıb. Həmin vaxtlarda telesuflyor olmadığından oxşar bir variantdan istifadə edilib. İri vatman kağızlara təbrik mətni yazılıb. Bu Brejnevi qane edib. Amma bunun da bir əmması çıxıb. Təbrik bir vatman kağızına yerləşmədiyindən bir neçə vatman kağızından istifadə olunub və onları ardıcıllıqla dəyişəndə bu Brejnevi çaşdırıb və nitqi yarımşıq qalıb. Buna da çarə tapılıb. Mətni divar kağızına yazıblar və Brejnev oxuduqca onu yavaş-yavaş qaldırıblar.

Brejnev efirə çıxmamışdan əvvəl ətrafdıkılara ən çox verdiyi sual bu olub:

– Necə görünürəm?

Bu cür çətinliklərlə Brejnev 1979-cu ilə qədər sovet vətəndaşlarını təbrik edib.

1980-ci ildən SSRİ rəhbərliyinin vətəndaşlara yeni il təbrikini məşhur diktor İqor Kirillov çatdırıb.

Yuri Andropov və Konstantin Çernenko öz qısa müddətli hakimiyyətləri dövründə yeni il təbriki ilə bağlı efirə çıxmayıblar.
Yalnız 1985-ci ildə hakimiyyətə gələn Mixail Qorbaçov yeni il təbriki ənənəsini bərpa edib. Ancaq o, əvvəlkilərdən fərqli olaraq vətəndaşları Ostankinodan yox, Kremldəki kabinetindən təbrik edib.

SSRİ-nin süqutundan sonra Rusiyada dövlət başçılarının yeni il təbriki ənənsi davam etdirilib. Boris Yeltsin bu ənənəyə bir yenilik də gətirib, o, əlində şampan şərabı ilə dolu qədəhlə xalqı təbrik edib. Yeni il təbriklərinin birində Rusiyada prezidentin yeni il münasibətilə ənənəvi təbriki isə baş tutmayıb. Bu missiyanı həyata keçirməyi tanınmış satirik Mixail Zadornova həvalə ediblər. Satirik əvvəlcə məsələnin nə yerdə olduğunu anlamayıb. Ona başa salıblar ki, Yeltsin ciddi məşğuldur.

Zadornov gülümsəyərək deyib:

– Hə, indi anladım, “zapoy…”

İlham Cəmiloğlu, Musavat.com