Qubadlı Azərbaycanın qədim yaşayış məskənlərindəndir

0
1435

Qubadlı rayonu 1933-cü ildə yaradılmışdır. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayon ilə birləşdirilmiş, 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. 800 kvadrat kilometr ərazisi olan bu dağ rayonunun mərkəzi Qubadlı şəhəridir. Şəhər Bərgüşad çayının hər iki sahilində yerləşir. Rayon 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Nəticədə, minlərlə rayon sakini evlərindən didərgin düşmüş, onlarla tarixi-dini abidəmiz məhv olunmuşdur. İşğaldan əvvəl rayon əhalisi 94 kənd və bir şəhərdə məskunlaşmışdı. Rayonun əhalisi, əsasən, kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 2020-ci ildə Qubadlı rayonu işğaldan azad edilib. Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu. Prezident İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi Qubadlı rayonunun ərazisində olan tarixi-dini abidələrimiz də bərpa olunacaq.

Rayon ərazisi Qarabağ yaylasının cənub-şərqində, Həkəri və Bərgüşad çayları hövzəsində yerləşir. Qərbdən Ermənistanla (120 kilometr), şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Cəbrayıl rayonları ilə həmsərhəddir.

Qubadlı Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Rayon ərazisində inşa olunan ilk dünyəvi məktəbin yaşı bir əsrdən artıqdır.

Qubadlıdakı Gavur dərəsində IV əsrə aid ibadətgah mağara yerləşir. Rayonun Muradxanlı kəndindəki V əsrə aid Qalalı qalası, Əliquluuşağı kəndindəki Göy qala abidələri, Yazı düzündəki XIV əsrə aid Cavanşir türbəsi, Dəmirçilər kəndindəki iki türbə, Gürcülü kəndindəki XVII əsrə aid türbə, Xocamsaxlı kəndindəki XVIII əsrə aid türbə rayon ərazisinin tarixi-dini abidələrlə zənginliyindən xəbər verir.

 

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru