QORXURAM

0
805

Düz danışsam şər bəndədən qorxuram,
Yalan desəm, İlahidən qorxuram.
Batinində namərd olan bir kəsin,
Zahirində əməlindən qorxuram.

Abırsızlar abrını heç ar etməz,
Nadanlara öyüd versən kar etməz.
Yaxşı insan yaxşıları xar etməz,
Riyakarın bəd şərindən qorxuram.

Bir sifətdə neçə dona girəndən,
Öz gözündə əyrini düz görəndən.
Xeyir güdən, yersiz üzə güləndən
Yaltaqların tərifindən qorxuram.

Hər ürəyin sevinci var, qəmi var,
Dərd də var ki, neçə məlhəm tapılar.
Kim deyər ki, qəlb yarası sağalar,
Acı dilin zəhərindən qorxuram.

İnsan var ki, tamahıyla daş yarar,
İnsan da var, ona alqış yaraşar.
Nadanlar da öz xeyri üçün dostlaşar,
Fitnəkarın kələyindən qorxuram.

Gözəl tale yaşamağa nə var ki,
Yaxşı gündən əlin çəkib doyan kim?
İsayam, dünyaya daha nə deyim,
Çərxi dönən fələyindən qorxuram.

İsa Rəvan