Qırğızıstan prezidenti: “Türkiyə bizi dövlət çevrilişi ilə qorxutmasın”

0
661

Qırğızıstan prezidenti Almazbek Atambayev rəsmi Ankaranın respublikada Fətullah Gülənin tərəfdarlarının təşkilatçılığı ilə dövlət çevrilişinin baş verə biləcəyi ilə bağlı bəyanatlarını absurd adlandırıb.

Virtualaz.org “İnterfaks”a istinadən bildirir ki, bununla bağlı Atambayev deyib: “Bu absurddur, yaxşı olardı ki, o (Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu) öz ölkəsində baş verənləri həll etsin ki. dövlət çevrilişi cəhdinə necə yol veriblər”.

Dövlət başçısı qeyd edib ki, Türkiyənin Gülənin adı ilə bağladığı və Qırğızıstanda mövcud olan tədris müəssisələri “respublikanın ərazisində yerləşirlər və Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planı üzrə fəaliyyət göstərirlər”.

Bununla birlikdə, Atambayev müstəqillik illərində Türkiyənin ölkəsinə göstərdiyi yardıma görə təşəkkürünü bildirib və əlavə edib ki, “buna baxmayaraq, bizə diqtə etmək və şərtlər irəli sürmək lazım deyil”.

“Bizi öyrətmək və qorxutmaq gərəksizdir”, – Qırğızıstan prezidenti deyib.

Xatırladaq ki, daha öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qırğızıstan hakimiyyətini Türkiyədəki dövlət çevrilişində təşkilatçı olduğu irəli sürülən Fətullah Gülənin terror qurumuna hər hansı aidiyyatı olan təşkilatları bağlamağa çağırıb.

BIR CAVAB BURAXIN