Qazı Əhməd əfəndi-Zövqi: Şeirlərində Nəsimi ənənələrini yaşadan şair

0
3159

XIX əsrin 50-ci illərinin əvvəllərində Rusiya imperiyasının ucqarlarında Azərbaycanın şimal-qərbində  yerləşən, tarixboyu siyası və mədəniyyət   mərkəzlərindən biri hesab edilən Şəki şəhəri öz gözəlliyi ilə görənləri heyran edirdi.  Hələ lap qədimlərdən türk sakların ana yurdu kimi tanınan Şəki (Saki) Azərbaycanın dövlətçilik, elm, mədəniyyət, görkəmli alimləri, şairləri, siyasi xadimləri, məşhur sərkərdələri, eyni zamanda bütün Şərqdə öz incə ipəyi ilə məşhur idi. Burada bir  haşiyə çıxaraq onu da deyək ki, əsrlərboyu Şəki ərazisinə aid edilən qonşu Zakatalanın (Saka tala) adı da məhz saka türklərindən götürülüb. Şəkinin siyasi, elmi mədəni mərkəzlərindən biri isə öz azadlıqsevərliyi ilə tanınan, dəfələrlə işğalçılara qarşı üsyan qaldıran və bu yolda minlərlə şəhid verən Baş Göynük kəndi idi. Baş Göynük kəndindən danışarkən onu da qeyd edək ki, o vaxt Göynük böyük bir mahal idi və onun sərhədləri indiki Şəki rayonun ətraflarına kimi uzanaraq Daşüz ( Daşoğuz), Sarıca düzü, Ağyazı çölləri, Qax rayonu da daxil olmaqla Gürcüstanın indiki sərhədlərinə kimi uzanırdı. Günümüzdə Azərbaycan-Gürcüstan sərhədləri boyu axan və qədim adı Qanıx-Qınıx çayı olan Alazan da Göynük mahalının ərazisindən keçirdi. Dağıstanın Baş Göynüyə qonşu olan bəzi əraziləri  də o dövrdə Göynük mahalının tərkibində idi. Çarizmə qarşı qaldırılan üsyanların yatırılması zamanı cəza dəstələrinin əlindən xilas olmaq üçün  göynüklülərin bir hissəsi Şin, həmçinin Burc dərəsi ilə Dağıstana keçərək orada məskunlaşmış və ləzgi adı ilə tanınan,  ancaq dil və etnik baxımdan ləzgilərlə hər hansı bir əlaqəsi olmayan yerli rutul tayfaları ilə qaynayıb qarışmışdılar. Dağıstan ərazisində göynüklülərin məskunlaşmasını üsyanlar yatırılarkən onların bir hissəsinin cəza dəstələrindən xilas olmaq üçün oraya köç edərək Qeynux adlı kənd salmaları da təsdiq edir.

 Qeyd etdiyimiz kimi Baş Göynük qədim zamanlardan Sak türklərinin, sonralar isə buraya köç edərək  yerli saklarla qaynayıb qarışan  oğuz türklərinin  Kınık boyundan  olanların  ana yurdu kimi tanınırdı.  Göynüyün hələlik bizə məlum olan tarixi eramızın IV-VI əsrlərinə kimi gedib çıxsa da, onun ən azı 4500-5000 illik tarixə malik olduğu istisna edilmir. Göynükdən məşhur elm, mədəniyyət adamları çıxsa da onlarla bağlı məlumatlar azdır və bu məsələnin elmi şəkildə ciddi araşdırılmasına ehtiyac duyulur. Hələlik isə bizə yaxın olan tarixdə  Göynük mahalının, eləcə də Azərbaycanın tanınmış şairlərindən biri, Nəsimi yolunun görkəmli davamçılarından olan, Füzuli ənənələrini yaşadan məşhur şair Zövqi təxəllüsi ilə şeir və qəzəllər yazan Qazı Əhməd əfəndidir.  Qazı Əhməd əfəndinin  kimin oğlu olması hələlik məlum deyil. Bəzi məlumatlara görə, Qazı Əhmədin atası Şıx Mahmud olub. Şıx, şeyx ərəbcədən tərcümədə qoca, ağsaqqal, əməli-saleh, xeyirxah adam mənasını verir. Şıxlar-Şeyxlər   Azərbaycanda, eləcə Dağıstanda əhali arasında böyük hörmətə və nufuza malik idilər. Onlar dinimizin qorunub saxlanılması uğrunda mübarizə aparır, hər yerdə onu təbliğ edir, insanları xeyirxah əməllər görməyə, düzlüyə, saflığa çağırırdılar. Dağıstan imamı molla Qazı tərəfindən əsası qoyulan  Şıxlar təriqəti Azərbaycanda və qonşu Dağıstanda geniş yayılmışdı. Yeri gəlmişkən onu da deyək ki, Dağıstan imamı, yeni təriqətin əsasını qoyan  Qazinin də  çarizmə qarşı üsyanlar yatırılarkən  Baş Göynükdən Dağıstana köç edən göynüklülərdən olduğu ehtimal edilir. O dövrdə həm imam Qazinin, həm də  Şıx Mahmudun Baş Göynükdə yaxın qohum-əqrəbalarının yaşaması da bu ehtimalın məntiqi baxımdan doğru olduğunu göstərir. Ona görə də Qazı Əhməd əfəndinin atasının da məhz  Şıx Mahmud olduğu ehtimal edilir. Qazı Əhməd əfəndinin ailəsinin elmə, savada böyük qiymət verməsini  onun dövrünün alimi  məşhur din xadimi kimi yetişməsi də məhz əsl-nəcabətli ailədən olmasını göstərir. Bəzi məlumatlara görə, o Yaxın Şərqin ali dini mərkəzlərindən biri hesab edilən Şam (Dəməşq, Suriya) şəhərində təhsil alıb. Qazı Əhmədin o dövrün məşhur elm xadimləri ilə tanış olması, Nizami,  Nəsimi, Füzuli ədəbi irsindən bəhrələnərək şeir və qəzəllər yazması da bunu bir daha təsdiq edir. O dövrdə qazılar dini, şəriət məsələlərini həll etməklə yanaşı, həm də mülki, hüquqi, əhali arasında baş verən müxtəlif mübahisələrə, cinayətlərə baxaraq  müdirk qərarlar qəbul edir və bununla da indiki prokurorların, məhkəmə hakimlərinin funksiyalarını həyata keçirirdilər. Qazı Əhməd əfəndi dini, hüququ çox yaxşı bildiyindən, daima hər hansı mübahisəli, cinayət tərkibi olan əməllərlə bağı ədalətli və müdrik qərarlar qəbul etdiyindən nəinki, Şəki, həm də Zakatala, Balakən, o cümlədən Şamaxı qəzası, eləcə də qonşu Gürcüstan və Dağıstandan onun yanına gəirdilər. Ədalətli olduğuna görə sorağı bütün Şərqə yayılmışdı və onun adını hər yerdə hörmət və izzətlə çəkirdilər.

 Ümumiyyətlə Qazı Əhməd əfəndi olduqca müdrik, böyük dünyagörüşünə malik olan və istənilən məsələ barədə haqqı-ədaləti müdafiə edən qərar çıxaran bir ziyalı olub. O, molla Nəsrəddinsayağı hər çətin vəziyyətdən çıxış yolu tapa bilirdi. Məsələn, o dövrdə Göynük mahalına qonşu olan Balakəndə belə  bir hadisə baş vermişdi. Olduqca hörmətli balakənlidən birinin çox sevdiyi atı itmişdi. Atı uzun müddət axtaran və onu tapmayan balakənli hamının gözü qabağında and içmişdi  ki, atını tapsa ona minərək bir daha üstündən düşməyəcək. Nə isə 12 gündən sonra balakənlinin atı tapılır və o, verdiyi sözə əməl etmək məcburiyyəti qarşısında qalır. Atı minən balakənli bilmir nə etsin? Axı uzun müddət atla yatmaq onunla durmaq mümkün deyildi. Vəziyyətdən çıxış yolu axtaran balakənliyə məsləhət görürlər ki, Baş Göynüyə Qazı Əhməd əfəndinin yanına getsin, bəlkə o, ona kömək edə bilsin. Balakənli elə də edir və Qazı Əhməd əfəndinin yanına gələrək ondan kömək istəyir. Qazı Əhməd əfəndi ona deyir ki, sən atdan düşməyəcəyinə and içibsən. Andı isə pozmaq günahdır və olmaz. Ona görə də atını  ətrafında hündür ağac olan hasarın yanına sür. Atdan hasara  adla və oradan da ağaca çıx, sonra da ağacdan düş. Beləliklə sən andına əməl etmiş olursan və atdan deyil, ağacdan düşmüş olursan. Balakənli belə də  və bununla da Qazı Əhməd əfəndinin müdrik məsləhəti əsasında problemini həll etmiş olur. Bu əhvalat ağızdan-ağıza keçərək günümüzə qədər gəlib çatıb.

 Qazı Əhməd əfəndi həm də bütün Qafqazda və Yaxın Şərqdə məşhur şairlərdən biri kimi tanınıb və Zövqi (zövqlü) təxəllüsü ilə şeirlər, qəzəllər yazıb. Onun Nizami, Nəsimi, Füzuli ruhunda doğma ana türk, həmçinin ərəb,  fars, dillərində yazdığı şeir və qəzəllər o dövrün ədəbi aləmində olduqca geniş yayılaraq ona böyük şöhrət gətirmişdi. Təəssüflər olsun ki, Qazı Əhmədin-Zövqinin  yazdığı şeir və qəzələrin çox az hissəsi bu günə kimi gəlib çatıb. Yaxın Şərq ölkələrinin arxivlərində, o cümlədən qardaş Türkiyədə Qazı Əhməd əfəndinin şeir və qəzəllərinin olduğu istisna edilmir və bunun üçün ciddi araşdırmalara ehtiyac duyulur.  Qazı Əhməd əfəndinin (Zövqi) ədəbi yaradıcılığını onun soyundan gələn və hazırda Rusiyada yaşayan Çingiz Qazıyev araşdıraraq   tədqiq etməklə məşğuldur. Bir az irəli gedərək qeyd edək ki, Çingiz Qazıyevin Zövqi barədə araşdırmaları ilə bağlı ondan götürəcəyimiz müsahibədə geniş  danışmaq niyyətindəyik.

  Qazı Əhmədin dövrünün görkəmli şairi və ziyalısı hər yerdə tanınan və sevilən hörmətli bir insan olduğunu onun nəvəsi Kərim Vədud oğlu Qazıyevin yazdığı xatirələr də təsdiq edir. Kərim Vədud oğlu Qazıyev (1900-1966) yazır: “Qunibin ələ keçirilməsi  və  Şeyx Şamilin əsir edilməsindən sonra Dağıstanın dağlı tayfalarının fəthi başa çatıb”  yazılır.. Əslində, Qafqaz tayfalarının azadlıq hərəkatı Şeyx Şamilin məğlubiyyətindən sonra uzun müddət davam etdi. Bu hərəkat zahirən üsyan şəklində özünü, Şeyx Şamilin ayrı-ayrı ardıcılları olan müridləri tərəfindən idarə edilməklə özünü göstərməkdə idi. Belə üsyanlar rusların bütün Qafqazı işğal etməsindən  sonra təkrarlanırdı. Belə üsyanlardan birində ata və ana babalarım iştirak edirdi. Bu üsyan Dağıstanda baş verdi və ona ləzgi (rutul)  Şah Qo (Şah-ho) adlı bir şəxs rəhbərlik edirdi. Onun rəhbərliyi altında üsyançılar dəstəsi Şin dağ aşırımı vasitəsilə Cənubi Qafqaza (Zaqafqaziya), məhz, Nuxa (Şəki), Zaqafqaziyanın Zaqatala qəzalarına keçdi.

Bu hadisə 19-cu əsrin ortalarına yaxın baş verib (dəqiq bilmirəm). Həmin dəstəyə adları çəkilən qəzaların əhalisi, o cümlədən, Nuxa (Şəki) qəzasının Baş Göynük kəndində yaşayan babalarım da qatıldı ( bu kənddə mən də 1900-cü ilin aprel ayında anadan olmuşam).

 Üsyan çar ordusu tərəfindən yatırıldı, başçılar və üsyan iştirakçıları öldürüldü və ya həbsxanalara salındı. Mənim babam Qazı Əhməd əfəndi həbs edilərək Şamaxı həbsxanasına göndərildi. Çarın cəza dəstəsi üsyançıların üzərinə od və qılıncla getdi: kəndlər yandırıldı, sakinlər dağlara qaçdılar. Babamın anası Xan Babanın yaşadığı Bəhmanlar kəndi də cəza dəstələri tərəfindən yandırıldı.

Babam  dövrünün ən savadlı adamlarından biri idi. O, şair-filosof idi. Mən “Kəlam” jurnalında onun tərcümeyi-halını və onun lirik şeir əsərlərindən birini oxumuşam. “Zovqi”babamın ədəbi təxəllüsü idi. Babam həm məşhur qazı,həm də şair kimi Şamaxıda da tanınırdı və onun orada çoxlu dostları vardı. O, Şamaxı qubernatorunun köməkçisinin yaxın dostu idi və onun köməyi ilə   6 aydan sonra həbsxanadan azad edilir. Lakin həbsxana həyatı onun sağlamlığına pis təsir göstərmişdi. O həbsdən azad ediləndən az sonra vəfat edir və özündən sonra 3 oğlu və 3 yetim qızı, o cümlədən atam Vadudu yadigar qoyur”.

 Qazı Əhməd əfəndinin-Zövqinin ədəbi-bədii irsinin üzə üzə çıxarılmasında, onun adının ədəbi aləmimizdə yaşadılmasında onun soyundan gələn  Zöhrə Məmmədovanın da böyük xidmətləri var. Zöhrə Məmmədova imkanı çatan qədər Qazı Əhməd əfəndi-Zövqi  haqqında yaddaşlarda qalan məlumatları toplayıb, onun adının və irsinin yaşadılmasına çalışıb. Zöhrə Məmmədovanın səyi ilə Qazı Əhməd əfəndinin- Zövqinin hələlik əlimzdə olan yeganə şeiri xanəndələr tərəfindən sevilə-sevilə oxunmaqdadır. Zövqinin bizə məlum olan şeiri “Mənim ürəyim səni istəyir”dir. 5 bənd və 25 misradan ibarət olan bu şeir  Nəsimi ədəbi irsi ruhunda yazılıb. Günümüzdə şeirin  bəzi sözləri çətin anlaşılan olsa da o dövrün ədəbi aləmində yaxşı başa  düşülürdü. Əlbəttə qeyd etdiyimiz kimi Zövqinün əlimizə çatan bu şeiri onn zəngin ədəbi dühaya malik olduğunu və ədəbi yaradıcılığının geniş və hərtərəfli olduğunu söyləməyə imkan verir. Yeri gəlmişkən onu da deyək ki, keçən əsrin 20-ci illərində Azərbaycan xalqının bu istedadlı oğlu, tanınmış ədəbiyyatşünas Salman Mumtaz  Zovqinin  şeirlərini müxtəlif mənbələrdənn  topladı və eləcə də Zovqinin tərcümeyi-halını  yazaraq bunları kitab halında çap etməyə hazırlaşdı. Lakin, Salman Mumtaz Bağırov rejimi tərəfindən repressiyaya məruz qalaraq güllələndiyindən onun ədəbi irsi məhv edildi və bununla da Zövqinin şeirləri də müəmmalı şəkildə yoxa çıxdı.

Əgər itirilmiş materialları bərpa etmək mümkün olarsa, Azərbaycan Mədəniyyət Fondu daha bir şanlı adla zənginləşəcəkdir. Ümid edirik ki, Zovqinin qalan əsərlərini – şeirləri, nəsri, fəlsəfi işləri axtarmaq mümkün olacaqdır.

Gülarə Köylüqızı, solda

Qazı Əhməd əfəndinin- Zövqinin nəslindən  görkəmli ziyalılar çıxıb. Onlara misal kimi Qədirbəyova Gülarə İbrahimxəlil qızını  (Köylü qızı Gülarə) göstərmək olar. Gülarə Qədirbəyova 1903-cü ildə Nuxa (Şəki) rayonunun Baş Göynük kəndində molla ailəsində anadan olmuşdur. 1920-ci ildə Şəkidə pedaqoji kursu bitirib doğma kəndində müəllimlik etmişdir. Tezliklə ictimai-siyasi fəaliyyətə cəlb olunmuş, 20 yaşında Qəza qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, Şəki, Şamxor(indiki Şəmkir), Quba, Bakı rayonlarında Qadınlar şöbəsinə rəhbərlik etmişdi. O, 1927-ci ildə Azərbaycan MİK Qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş, “Şərq qadını”  jurnalının redaktoru olmuş, 1930-1937-ci illərdə isə Əli Bayramov adına qadınlar klubunun müdiri vəzifəsində işləmişdir. “Şərq qadını” jurnalı ilk fəaliyyətə başladığı gündən onun səhifələrində çıxış edən ilk müxbir qız olmuşdur. O vətəninin, millətinin tərəqqisi naminə qətiyyətlə mübarizə aparmış, mətbuat səhifələrindəki alovlu publisist yazıları ilə Azərbaycan qadınlarının maariflənməsində böyük xidmətləri olmuşdur. Gülarə Qədirbəyovanın həyat yoldaşı Asəf Rəhmanov 1938-ci il yanvarın 3-də güllələnmiş, qardaşı Kərim Qazıyev isə Müsavat Partiyasının fəal üzvü kimi sürgün edilmişdir.

Kərim Qazıyev, Gülarə Köylüqızının qardaşı

Yuxarıda adını qeyd etdiyimiz və hazırda Rusiyada yaşayan tanınmış ziyalı Çingiz Qazıyev də Gülarə Qədirbəyovanın qardaşı Kərimin oğludur.Hazırda Baş Göynük  kəndindəki 1 saylı orta məktəb Gülarə Qədirbəyovanın adını daşıyır.

Qazı Əhməd əfəndi-Zövqinin soyundan gələn Qazıyeva Rəfiqə Salam qızı isə 1980-1991-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi işləyib.

Çingiz Qazıyev, Gülarə Köylüqızının qardaşı, solda

Qazı Əhməd əfəndi-Zövqinin soyundan gələn digər görkəmli alim isə ADU-nun linqvokulturologiya kafedrasının müdiri professor Məsmə Qazıyevadır. Necə deyərlər Qazı Əhməd  əfəndinin-Zövqinin nəsli onun şərəfli yolunu uğurla davam etdirirlər.

 Əziz Mustafa, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-jurnalist

Zöhrə Məmmədova

Arazinfo.com